Təranə Nəbilqizi
Bəhai Dini və Dünya Birliyi (Sulhu)
Zirvə Yolu Qəzeti, 13 Sentiyabr 2002-ci il, № 11
Əvvəli Ötən Sayımizdan,
-
Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu Dünya Parlamentinin seçilməsi və dünya Vətəndaşlığınin təsis edilməsi;
-
Xalqların ümumi mənafelərini qorumaq, planetdə əmin-amanlıq və sülhü təmin etmək məqsədi ilə Dünya Federativ Dövlətinin yaradılması;
-
Həm millətlər daxildəki, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması;
-
Dünyanın hər yerində uşaqlara körpəlikdən ana-dili ilə yanaşı beynəlxalq dilin öyrədilməsi;
-
Dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini asanlaşdırmaq məqsədi ilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;
-
Dünyanın təbii sərvətlərindən Dünya Dövlətinin nəzarəti altında Bəşəriyyətin xeyrinə birgə istifadəsi;
Həzrəti Bəhaullah deyir: “İrqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid Səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahin ümmətidirlər. Ey Yer kürəsinin rəqabət aparan xalqları və insanları! Öz nəzərlərinizi birliyə tərəf çevirin və qoy onun işığı sizi nurlandırsın.”
Dinlərin birliyi. Həzrət Bəhaullahın təliminə görə İlahi Vəhy sonsuzdur və Vəhyləri təmsil edən Peyğəmbərlər Allah tərəfindən göndərilmiş və gələcəkdə də göndəriləcəklər. Bu peyğəmbərlər Bəşəriyyətin ruhani, maddi və mədəni inkişafının təkanverici qüvvələridirlər. Bəşəriyyətin Allah kəlamına həmişə ehtiyacı olduğu üçün Peyğəmbərlərin hər min ildən bir gəlişi də daimidir. Bəhailər inanırlar ki, Həzrət Bəhaullahın tərəfindən əsası qoyulmuş Bəhai dininin qanunları Bəşəriyyətin hazırki mərhələsində və yaxın min il ərzində insanların ehtiyaclarını ödəyəcəkdir.
Bəhailər dünyada mövcud Dinlərin hamısını qəbul edir, onların Peyğəmbərlərini və Yazılarını müqəddəs hesab edirlər. Bu cür ehtiram şiələrin on iki imamını da əhatə edir.Bəhai təliminə görə dütün dinlər iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dünya dinləri arasında heç bir ziddiyyət yoxdur, yalniz tam harmoniya mövcuddur. Fərq dinlərin sosial cəhətlərində, mərasimlərdə, ayinlərdə, şəriətlə bağlı qayda- qanunlardadır. Dinlər arasındakı fərqlər ruhanilərin təlimlərə etdiyi süni əlavələr nəticəsində də baş vermişdir. Həzrət Bəhaullah bildirir ki, onun ən böyük missiyası dinlərin birliyini təmin etməkdir.
Mövhumatın aradan götürülməsi. Hər növ dini, irqi, sinfi, milli və digər mövhumatlar bütün dövrlərdə zidiyyətlərə, nifrətə və müharibələrə səbəb olmuşlar. İnsanlar öz aralarında mənəvi birliyə çatdıqdan sonra mövhumatlara qələbə çala biləcəklər. Həzrəti Bəhaullaha görə müxtəlif dinlərin, irqlərin və millətlərin mövcudluğunu onların birliyi baxımından nəzərdən keçırmək lazımdır.
“İrqi və milli fərqlərə gözlərinizi yumun, hamının birliyini salamlayın. Bütün xalqlar bir xalq, bütün insanlar qardaş olsun, irqi və dini təqiblərə son qoyulsun.”
“Allahın nəzərində dərilərin rənginə görə fərq yoxdur. Dərinin rəngi əsas deyil, əsas insanin ürəyidir. Əgər ürək təmizdirsə, zahiri görünüş əhəmiyyətsizdir. Allah insanlar arasında dərisinin rənginə və bədəninin qurluşuna görə fərq qoymur. O, ürəklərə baxır, əxlaqı təmiz, əməli saleh olanları sevir.”
Həqiqətin müstəqil axtarışı. Hər bir adam həqiqəti özü axtarmalıdır. Belə axtarışda bəşəriyyəti təşvişə salan problemlər həll ediləcək, müxtəlif məzhəb və məsləkin davamçıları arasındakı fikir ayrılıqları aradan götürüləcək və həqiqəti çox arzulayanlar vahid məqsədə gələcəklər. Bilavasitə həqiqət axtarışı bütün insanları birliyə aparır.
“Bütün dinlərdə həqiqət birdir və dünyanın birliyi yalnız onun vasitəsi ilə mümkün ola bilər. İnsanlar həqiqət axtarışına başlayan kimi birləşəcəklər” fikri sizinkindən fərqlənən adamla rastlaşdıqda ondan üz döndərməyin. Hamı həqiqəti axtarır və ona müxtəlif yollarla gedir.”
Kişi və qadın bərabərliyi. Həzrət Bəhaullahın böyük əhəmiyyət verdiyi ictimai prinsiplərdən biri də hüquq və imtiyazlarda, təlim- tərbiyədə və cəmiyyətdə tutduqları mövqeyə görə qadın və kişilərin bərabərliyidir.
Bu təlimə görə ümimi təhsil qadın azadlığının ən qüdrətli hərəkətverici qüvvəsidir. Qızlar da oğlanlar kimi təhsil almalıdırlar. Əslinə isə qızların təhsil alması oğlanların təhsilindən daha vacibdir, çünki qızlar müəyyən vaxtdan sonra ana olacaq və gələcək nəslə tərbiyə verəcək.
Bəhai Dini ən nüfuzlu siması və Həzrəti Bəhaullah yazılarının səlahiyyətli şəhrçisi Əbdülbəha Abbas demişdir:
“Bəşəriyyət iki qanadı olan quşa bənzəyir: qanadlardan biri- kişi, digəri qadındır. Hər iki qanad güclü olmasa eyni bir qüvvə ilə hərəkətə gətirməsə quş səmaya uça bilməyəcəkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamilləşməli, kişilərlə bərabərləşməli, onların səviyyəsinə yüksəlməli və onlarla eyni hüquqlardan istifadə etməlidirlər. Qadınlar irəliyə doğru inkişaf etməlidirlər: bütün bəşəriyyətin kamilləşməsi naminə elm, ədəbiyyat və tarix sahələrində lazimi biliklərə yiyələnməlidirlər... Keçmişdə dünyanı zorakılıq və qəddarlıq idarə edirdi və kişi özünün ağıl və bədəninin gücü və təcavüzkar keyfiyyətləri sayəsində qadın üzərində hökmranlıq edirdi. Indi vəziyyət dəyişməlidir – güc hökmranlığını itirir və qadında güclü olan əqli sayıqlıq, fəhm, sevgi və xidmət göstərmək kimi mənəvi xüsusiyyətlər hökmranlıq etməyə başlayır. Deməli, yeni era kişilərin keyfiyyətləri ilə qadınların məziyyətlərinin birləşdiyi era olacaqdır, dəqiq desək, bu əsr kişi və qadındakı mədəni başlanğıcların böyük tarazlığa gəldiyi əsr olacaqdır.”
Təranə Nəbiqızı