top of page

Fuad Salmanoğlu

Azərbaycanda 500 Bəhai Var

7 Gün Qəzeti, 11 Noyabr 1999-cu il, № 057 (753)  Səh. 11

Bəhailik  XIX əsrdə İranda yaranıb. Bəhailər hərəkatının əsasını qoyan Seyid Əli Məhəmməd 1844-cü ildə Şiraz şəhərində özünü Allahın elçisi elan edərək, “Bab” (“Qapı” Allahla insanlar arasında əlaqəçi) adlandırmış və buna görə, onun dini Babi dini adını almışdır. “Bab” öz yazılarında göstərib ki, onun əsas məqsədi insanları Allah tərəfindən gönəriləcək böyük bir peyğəmbəri qəbul etməyə hazırlamaqdır. Ümumiyyətlə, bəhailikdə peyğəmbərliyin zühurunun  sonsuzluğu göstərilir. Təbii ki, İran dövləti müsəlmanlar arasında yeni dini baxışların yaranmasına imkan verə bilməzdi. Ona görə də “Bab” 1850-ci il iyul ayının 9-da xalqın gözü qarşısında edam edilir.

  

Babın davamçıları arasında Həzrət Bəhaullah (“Allahın Nuru” deməkdir) fəxri adı ilə məşhur olan Mirzə Hüseyn Əli də vardı. O, 1817-ci ildə Tehranda anadan olmuşdu. Onun atası Şah sarayında vəzir idi və ziyalılar arasında böyük hörməti vardı. O dövrün ənənəsinə görə, Bəhaullaha atasının ölümündən sonra təklif olunur ki, boşalmış vəzirlik vəzifəsini tutsun. Lakin o, bu təklifi qəbul etmir.

  

1852-ci ildə bir babi tərəfindən İran şahının həyatına sui-qəsd edilir. Qəsd uğursuzluqla nəticələnir. Bundan sonra 80 nəfərə yaxın babi edam edilir. Bəhaullah özü də həbsxanaya salınır. Onun boynuna 50kq ağırlığında zəncir salınaraq, ayaqları 5 nəfər babın ayaqları ilə birlikdə qandallanır. Bir qədər sonra sui-qəsddə iştirak etmədiyi tam aydınlaşandan sonra azad edilsə də, ona ölkəni tərk etmək əmr olunur. Və o, 1853-cü ildə həmin vaxt Osmanlı imperiyasının tərkibində olan Bağdada köçür. Onun orada da özünə tərəfdarlar yığdığını görən Osmanlı dövlətinin rəhbərləri tərəfindən Bəhaullahın Konstantinopola (İstanbul) köçürülməsi haqqına sərəncam verilir. Lakin, köçməzdən əvvəl Bəhaullah Rizvan (cənnət) adlandırılan yerə - şəhərin kənarındakı bağçaya köçür. Bu bağçaya gəldiyi gün, yəni, 1863-cü il aprelin 21-də Bəhaullah öz tərəfdarlarına – babilərə elan edir ki, o, haqqında ”Bab”ın söylədiyi və zühur etməsi bütün müqəddəs kitablarda qabaqcadan xəbər verilən peyğəmbərdir. Həmin günü bəhailər Bəhai məzhəbinin–özlərinin qeyd etdiyi kimi “müstəqil ümumbəşəri din” –in yaranması kimi qeyd edirlər. 

  

Bəhailərin müqəddəs kitabları “Kitabi-Əqdəs”dir. Ali İdarə orqanı Uca Ədalət Evidir. Beynəlxalq Bəhai Mərkəzi Hayfa şəhərində (İsrail) yerləşir. Hər bir ölkədə bəhailər Milli Ruhani Məhfil adlanan öz milli şuralarını seçirlər. Təqvimlərə görə 136-cı ildir. Onlar üçün qiblə İsraildə yerləşən Əkka şəhəridir ( Bəhaullahın dəfn olunduğu yer).

  

Müstəqilliyə qədəm qoyduqdan sonra Azərbaycanda bir çox dini icmaların, o cümlədən bəhailərin  fəaliyyəti üçün də münbit şərait yarandı. Bəhailiklə bağlı bizi maraqlandıran bu və ya başqa suallara cavab almaq üçün paytaxtın A.Qurbanov küçəsindəki binalardan birində yerləşən Azərbaycan Bəhailəri Ruhani Mıhfilinin üzvü Azər Cəfərova müraciət etdik.

 

Bəhailik Dindir, Yoxsa Məhzəb?

-Təbii ki, dindir- 9-cu din. Peyğəmbər Bəhaullah da 9-cu peyğəmbərdir. Digər müqəddəslərdən fərqli olaraq, o, peyğəmbərlərin hər zaman zühur edəcəklərini söyləyib. Məsələn, o, göstərir ki, “məndən sonra növbəti peyğəmbər min ildən sonra gələcək. Min ildən tez gəlsə  inanmayın ona.”

 

Bəhailiyin Məqsədi Nədir?

-Bizim məqsədimiz Birlik və Dünya Sülhüdür. Insanların ortaq bir dillə ünsiyyəti və birliyi, dövlətlərin birləşərək Federativ Dünya Dövləti yaratması-budur bəşəriyyətin xilası.

 

Məgər İslami Dəyərlərə Söykənərək Bəşəriyyəti Xilas Etmək Olmazdımı? Bir də sizin buyurduğunuz model əslində xalqların azadlığının boğulması demək deyilmi?

- Bir şeyi deyim ki, biz heç də İslamı inkar etmirik. Həzrət Bəhaullah özü də “Kitabi- İqan” əsərində İslamın əsil mahiyyətini, böyüklüyünü anladır. Bəhaizm islami dəyərləri inkişaf etdirir. Bir də axı bu dini biz yaratmamışıq ki, bu sualı bizə verirsiniz.” Azadlığın boğulması” deyirsiniz, məgər Avropa Birliyində azadlıq boğulur?

Məgər Avropa Birliyini Yaradanlar Bəhailərdir?

-Xeyr, bunun bəhailərə dəxli yoxdur. Sadəcə olaraq həyat göstərir ki, bəhailik təlimləri elə Avropa Birliyi formasında, bəzi çatışmayan cəhətləri nəzərə almaqla həyata keçməkdədir.

 

Bəhailiyin Yaratmaq İstədiklərini Həyat Özü Yaradırsa, Sizin Fəaliyyətinizə Nə Ehtiyac?

-Dünya güclü kataklizmdən sonra onsuz da birliyə gələcəkdir. Biz sadəcə olaraq, Allahın əmrini yerinə yetirən Həzrəti Bəhaullahın dediklərinə əməl edirik.  

 

Siz Axı bu Dini Qəbul edənə Qədər Müsəlman–İslama Tapınanlardan Olmusunuz...

-Deməli, Həzrəti Bəhaullah peyğəmbərə və Həzrət Babın 12-ci imam Mehdi Sahib- Əz-Zaman olduğuna inanmışıq. Bəhaullahın buyurduğu “bütün dünyada vahid din”-in də bəhailik olacağına inanırıq.

Bəhailərin Sərbəst Fəaliyyəti Üçün Ən Yaxşı Məkan Haradır?

-Sərbəst fəaliyyətimiz üçün ən yaxşı mühit Avropa və Amerikadır. Bu dinin yayılma sürətinə görə isə Afrika, Cənub-Şərqi Asiya, Hindistan, MDB ölkələri fərqlənir.

 

Bəs Azərbaycandakı İcmanın Yaradıcısı Kimdir və Maliyyə Yardımını Haradan Alır?

-Bizim Azərbaycandakı icmanı konkret heç kim yaratmayıb. 150 ildir ki, Azərbaycanda bəhailər var. Maliyyə məsələsinə gəldikdə isə, bizi heç kim maliyyələşdirmir. Biz icma üzvlərinin ianəsi hesabına fəaliyyət göstəririk. Bəzilərinin guya bizim Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirildiyimiz barədə söylədikləri də əsassız fikirlərdir.

Azərbaycanda Nə Qədər Bəhai Var?

-Təxminən 500 nəfər. Dünyada isə 6 milyona yaxın.

Bəhailiyin Yayımının Qadağan Olunduğu İran, İsrail və Ərəb Ölkələrindən Fərqli Olaraq, Azərbaycanda Sərbəst  Fəaliyyətinizi nə ilə Əlaqələndirirsiniz?

 

-Azərbaycan dinə münasibətdə demokratik bir ölkədir.

Fuad Salmanoğlu

                                                                                        

bottom of page