MR Nicat Məmmədli
Birliyin Nuru
Meqapolis Qəzeti, 23 Avqust 1998-ci il, № 22 (38)
Avqustun 18-də Azərbaycan Dövlət Musiqi Akademiyasına Ş. Məmmədova adına Opera Studiyasında keçiriləcək konsertə dəvət almışdım. Salona girəndə konsert artıq başlamışdı. Səhnədə dünyanın bütün irqlərinə mənsub adamlardan təşkil edilmiş xor çıxış edirdi. Dili başa düşməsələr də salondakı kütlə musiqiyə diqqətlə qulaq kəsilmişdi.
Biz əyləşən kimi aparıcı səhnəyə çıxıb “Gələrsən qadan allam” Azərbaycan xalq mahnısını elan etdi. Içərilərində bir nəfər belə azərbaycanlının olmadığı bir xorun ifasında doğma musiqinin bu qədər gözəl səsləndiyindən heyrətə gəlmişdim. Bəlkə bütün insanların birliyi ideyası ətrafında birləşmiş bu insanlara belə qeyri-adi ruh və nəfəs verəndə elə bu ideyadır. Məhz bu səbəbdən də qrupu “Birliyin nuru” adlandırmışdılar. Beynəlmiləl xordan, rəqs və teatr qruplarından ibarət olan “Birliyin nuru” beynəlxalq qrupu ilk dəfə 1997-ci ildə yaradılmışdır. Onun tərkibinə Avstraliya, ABŞ, Koreya, Yunanıstan və MDB dölətlərindən olan 50 nəfər artist və müğənni daxildir. Xorun rəhbəri və dirijoru mənşəcə iranlı olan Sidney Dövlət Filarmoniyasının və Sidney Bəhai məbədi xorunun baş dirijoru xanım Linda Safacidir. Onu da xatırlatmaq yerinə düşər ki, Linda xanım bütün dünyada simfonik qrupa rəhbərlik edən yeganə iranlı qadındır və damarlarında həm də azərbaycanlı qanı axır. Beynəlxalq Bəhai icması tərəfindən yaradılan bu qrupa üç nəfər həmyerlimiz də daxildir. Qrupun ilk konserti bu il iyulun 3-də Almatı şəhərində keçirilib. Ümumiyyətlə, beynəlmiləl qrupun MDB ölkələrinə, Sibirə və Qafqaza qastrolları bu ilin iyul-avqust aylarında nəzərdə tutulub. Maraqlısı budur ki, yorulmaq bilməyən bu insanlar Bakıya gəlincəyə qədər qatarlarda 220 saat vaxt keçirərək müxtəlif şəhərlərdə konsertlər vermişlər. “Birliyin nuru” qrupunun konserti Naxçıvan şəhərində də planlaşdırılmışdır. Lakin, müxtəlif səbəblər üzündən bu konsert baş tutmadı.
Qrupun tərkibində “Minnesot” adlı rəqs qrupu da fəaliyyət göstərir. Rəqslərə tamaşa edərkən adama elə gəlir ki, əksəriyyətinin dilini bilmədiyimiz bu insanlar bizimlə rəqsin və musiqinin dilində danışırlar. Bütün bunlara tamaşa etdikcə bütün insanların birliyinə, ən azı bir Allah tərəfindən yaradıldığına bir daha əmin olursan.
MR Nicat Məmmədli