top of page

Azər Cəfərov

Ətraf Mühitin Mühafizəsi-Bəhai Perspektivi

Cahan Media Qəzeti, 08 Fevral 2003-cü il, № 07

Bəhailərin Beynəlxalq Birliyi bəyan edir: Ətraf mühitin mühafizəsi və inkişafın dəstəklənməsinə dair beynəlxalq–hüquqi normalar dəyişdirilməlidir

Bəhai Dininin banisi Bəhaullah (1817-1892) təqribən 140 il əvvəl Avropanın dövlət başçılarına ünvanladığı məktubunda bildirirdi ki, bəşəriyyət, planetimizdə indiki həyat tərzinin kökündən dəyişəcəyi yeni tarixi dövrə qədəm qoymuşdur. Əvvəllər məlum olmayan problemlər yeni dövürdə elə həddə çatacaq ki, hətta ən inkişaf etmiş ölkələr onları təklikdə həll etmək iqtidarında olmayacaqlar. Bəhaullah qlobal problemlərdən xilas olmağın yolunu da öncədən göstərirdi; bu problemlər yalnız Dünya Dövlətlərinin Federasiyası çərçivəsində öz həllini tapa bilər. Bu birliyin orqanı-Dünya Parlamentinin əsas funksiyası beynəlxalq qanunların hazırlanması olmalıdır. O yazırdı: “Dünya bir vətəndir, bütün insanlar onun vətəndaşlarıdır”.

Zəmanəmizdə qlobal problemlərin miqyası və kəskinliyi artdıqca bu nəsihətin gücü özünü daha aydın şəkildə göstərməkdir. 20-ci əsrdən miras qalmış bir sıra qlobal o, cümlədən ekoloji problemlər nəinki həllini tapmamış, əksinə öz təsirini dəfələrlə artırmışdır. Bəzi dövlətlərin milli qanunları əsasında yazılmış “Beynəlxalq hüquqi mexanizmlər və qaydalar”, deyilən sistem isə öz imkansızlığını, səmərəsizliyini üzə çıxarmışdır. Belə bir vəziyyətdə beynəlxalq qaydaların dəyişdirilməsi istiqamətində yeni konstruktiv addımlar atılmayınca qlobal miqyasda ekoloji vəziyyətinpisləşməsi və bu iqtisadi inkişafa mənfi təsiri katastrofik miqyasda artacaqır.

İndiki proseslər fonunda ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq qanunvericiliyin gücləndirilməsindən ötrü edilən cəhdlər fraqmentar səciyyə daşıyır. Onlar ayrica götürülmüş bu və ya digər ekoloji problemin həllinə yönəldilmişdir; konvensiyalar, müqavilələr və protokollar çox fərqli məsələlərə, ozon təbəqəsinin mühafizəsinə, təhlükəli tullantıların beynəlxalq hərəkətinə nəzarət edilməsinə, iqlim dəyişmələri, səhralaşma və bioloji müxtəlifliyin qorunmasına və digər problemlərə həsr olunmuşdur. Bununla belə hələ də ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq qanunvericiliyin hazırlanmasına cavabdeh olan orqan mövcud deyildir. Dünya dövlətləri hələ də beynəlxalq qanunvericiliyin əsaslandırdığı vahid prinsipləri razılaşdırmayıb. Digər tərəfdən, müxtəlif beynəlxalq – hüquqi aktları imzalamış dövlətlərin siyahısı nadır hallarda üst-üstə düşür. Bununla da mövud müqavilələri razılaşdırmaq və ya uyğunlaşdırmaq demək olar ki, qeyri mümkün olmuşdur.

Beynəlxalq–hüquqi normaların qəbulu prosesi özünün ləngliyi, bürokratik maneələri və bahalığı ilə seçilir. Bu prosesin ümumi mexanizmi təribən aşağıdakı kimidir: problem müəyyənləşən kimi müqavilə layihəsini hazırlamaqdan ötrü Ekspertlər Şurasının iclasları keçirilir. Sonra müqavilə, bu məsələdə daha çox maraqlı olan dövlətlərtərəfindən müzakirə edilir. Müzakirələrin sonunda bu dövlətin səlahiyyətli nümayəndələri onu imzalayırlar. Müqavilənin ratifikasiyası və ona qoşulmaqla bağlı ölkə daxilində bir sıra prosedurlardan sonra beynəlxalq akt onu imzalamış dövlətlərin ərazisində qüvvəyə minir. Bu müqaviləyə maraq göstərən başqa dövlətlər də tədricən ona qoşulmağa başlayırlar. Konvensiyanı həyata keçirmək və onun təbliğinə nəzarət üçün adətən katiblik yaradılr. Əgər həmin müqaviləni dəyişdirmək və onda müəyyən düzəlişlərin edilməsinə ehtiyac olarsa (məsələn, ozonla bağlı Monreal protokolunda olduğu kimi), onun yeniləşməsi də qəbulu kimi uzun prosesə çevrilir. Məhdud sayda diplomatları və ekspertləri olan bir çox ölkələri bu cür uzun və bahalı proseduralarda iştirak etmək imkanına malik deyillər. Ətraf mühitin mühafizəsi ilə bağlı qlobal problemlər artdıqca danışıqların sayı artdığından onlarda iştirak da çətinləşir.

Son illər həyat qabiliyyəti sistem yaratmaq və onu saxlamaqdan ötrü çoxlu sayda təkliflər olmuşdur. Bəzi ekspertlər YUNEP (BMT-nin ətraf mühit proqramı) təşkilatının səlahiyyətlərinin artırılmasını və ya İqtisadi və Sosial Şuranı (EKOSOS) yenidən təşkil etməklə dünyanın təbii ehtiyatlarının bəzi növlərindən istifadəni onun nəzarətinə verməyi təklif etmişlər. Yeni beynəlxalq təşkilatların – Ekoloji Təhlükəsizlik Şurasının (ETS), Ekologiya üzrə Dünya Məhkəməsinin və digər qurumların yaradılması  təklifləri də olmuşdur.

Bu təkliflər böyük maraq kəsb etsə də Bəhailərin Beynəlxalq Birliyi hesab edir ki, inkişafın həyat qabiliyyətli konsepsiya və strukturlarının yaradılması mürıkkəb və çox cəhətlidir. O qlobal ekologiyaya bilavasitə və ya dolayısı ilə təsir göstərən digər problemlərin də şübhəsiz yeni səviyyədə həllini tələb edir. Bu problemlərə silahlanma və hərbi münaqişələr, həm dövlətlər arasında, həm də milli səviyyədə maddi bərabərsizlik, rasizm, savadsızlıq, fanatizm, qadın və kişi hüquq bərabərsizliyi və digərləri daxildir. Bununla əlaqədar milli dövlətlərin ehtiyaclarına cavab verən fraqmentar yanaşmanın əvəzinə kompleks müqavilənin hazırlanması və onun çərçivəsi daxilində bu və ya digər problemlə bağlı beynəlxalq kodekslərin qəbul edilməsi tələb olunur.

Məsələnin bu cür qoyuluşu dünya içtimaiyyətindən yeni dəyərlərə əsaslanan ümumi baxış əldə etməyi tələb edir. Bu baxımdan Bəşəriyyətin Birliyinin tanınması dünyanın yenidən təşkili və onun vahid ölkə, insanlığın vahid vətəni kimi idarə edilməsində, ümumi baxışın birinci əsas şərtidir. Bəhai yazılarında deyilir:

“İnsan aləminin ümumi ehtiyacı birlik və əməkdaşlıqdır. İnsanlar arasında dostluq və həmrəylik əlaqələri nə qədər güclü olarsa, insanların bütün fəaliyyət sahələrində quruculuq qüvvəsi və nailiyyətləri də bir o qədər güclü olar.  Bəşər ailəsinin bütün üzvləri, istər millətlər, hökümətlər, şəhərlər, kəndlər olsun, onlar daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışlar. Deməli, bütün bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur”.

Bəşəri Birliyin tanınması milli dövlətçilikdən, mədəni irsdən və ya milli muxtariyyatdan imtinanı nəzərdə tutur. Bu prinsip yekcinslik və ya inzibati mərkəzləşmə də deyil. Onun məqsədləri “Müxtəlifliyin birliyi” anlayışına daha çox uyğun gəlir. Bəşəriyyətin birliyi, əlbəttə, birləşmiş dünyanın maraqları naminə bəzi milli maraqlardan imtinanı da nəzərdə tutur. Bu haqda Bəhai Yazılarında deyilir:

“Bəşəriyyətin Birliyi prinsipi bütün xalqların, irqlərin və təbəqələrin öz aralarında sıx və daimi əməkdaşlıq etdikləri Dünya Dövlətinin bərqarar olması kimi başa düşülür. Belə idarəetmə sistemi hər cür milli müdaxilədən və məhdudiyyətlərdən və azad olan etibarlı beynəlxalq əlaqələrin mövcudluğuna təminat verəcəkdir. Belə sistemdə Beynəlxalq dil ya yenidən tərtib edilməli, ya da mövcud dillərin içərisindən seçilməlidir. Və bu sistemə daxil olan bütün federativ millətlərin məktəblərində ana dilləri ilə yanaşı tədris olunmalıdır”.

 

Belə bir Dünya birliyində dünyanın iqtisadi ehtiyatları düzgün hesablanacaq, xammal mənbələrindən tam istifadə olunacaq, onun bazarları düşüncəli surətdə əlaqələndiriləcək, dünyanın sərvətləri isə ədalətlə bölüşdürüləcəkdir.

Beynəlxalq rəqabətə və hər cür digər zərərli fitnə-fəsadlara son qoyulacaqdır. İrqi xürafatları və nifrəti xalqlar arasındakı dostluq, qarşılıqlı  anlaşma və əməkdaşlıq əvəzləyəcəkdir. Dini çəkişmələri törədən səbəblər birdəfəlik aradan qaldırılacaq, iqtisadi sədlərin və məhdudiyyətlərin, xüsusi sinfi fərqlərin kökü birdəfəlik kəsiləcəkdir. Bir tərəfdə olduqca ağır ehtiyac içində yaşamaq və digər tərəfdə həddindən artıq sərvətlərin yığılması və təmərküzləşməsi aradan qaldırılacaqdır. İndi müxtəlif iqtisadi və siyasi müharibələrə sərf olunan nəhəng enerjilər insanların etdikləri kəşflərin və onların texniki nailiyyətlərinin tez bir zamanda tətbiq edilməsinə yönəldiləcəkdir”.

Yalnız Bəşəriyyətin Birliyi konsepsiyasından çıxış edən və bu prinsip üzərində qurulmuş beynəlxalq – hüquqi mexanizmlər və prosedurlar problemləri həll etmək iqtidarınadır. Bəhailərin Beynəlxalq Birliyi əmindir ki, dünyanın başı üstünü almış qlobal problemlər dünya dövlətlərini bütün bəşəriyyət naminə düşünməyə məcbur edəcəkdir. Onun nəticəsi ətraf mühitin mühafizəsi ilə bağlı problemləri nəinki effektiv həll etməyə imkan verəcək, o, bəşəriyyətin bu gün üzləşdiyi çoxlu problem və çətinliklərin öhdəsindən gələ bilən Federotiv Sistemin qurulması yolunda iri addım olacaqdır.

Azər Cəfərov

bottom of page