top of page

Zülfiyyə Əhmədli

Bəhailər İranda Din Qardaşlarının

Edam Olunduğunu Deyir

Azadlıq Qəzeti, 03 Sentyabr 1998-ci il, № 166 (1186), Seh. 2

İranda bəhailərin təqibinin bu ilin yayından yenidən qızışdığını deyən Bakı  Bəhai İcması Azərbaycandakı insan hüquqlarını müdafiə təşkilatlarına müraciət edib.

  

Müraciətdə göstərilir ki, iyulun 21-də Məşhəd şəhərində 52 yaşlı Ruhullah Ruhani İran məhkəməsinin hökmüylə bəhailikdən imtina etmədiyinə görə ölümə məhkum edilib. İcmanın mətbuat xidmətinin əməkdaşı Azər Cəfərovun sözlərinə görə, bu 1992-ci ildən bəri bəhailərə qarşı həyata keçirilən ilk edamdır. A. Cəfərov İranda hakimiyyətə gəlmiş indiki rejimin 1979-cu ildə bəhailərə qarşı daha sərt mövqe tutduğunu dedi. Lakin 80-90-cı illərdə ABŞ və Qərb ölkələrinin təzyiqi ilə İran dini etiqadına görə kütləvi edam və təqibləri dayandırmağa məcbur olmuşdur.

  

Müraciətdə bugünlərdə həmin məhkəmənin 4 nəfər bəhai haqqında da ölüm hökmü çıxardığı bildirilir. Daha 11 icma üzvünü də məhkəmənin eyni qərarı gözləyir. Müraciətdə daha sonra bildirilir ki, İrandakı 350 minlik bəhai icması ən adi insan hüquqlarından belə məhrumdur. İranda bəhailərə ali təhsil almaq, dövlət müəssisələrində işləmək, mülkiyyətə sahib olmaq qadağandır. İcma üzvləri İranda onlara qarşı başlanan təqibləri dövlətin deyil, indiki rejimə qarşı çıxan ayrı-ayrı qüvvələrın mövqeyi kimi qiymətləndirir. Məsələylə bağlı İranın Azərbaycandakı səfirliyinin mətbuat katibinin rəhbəri ağayi Hafiziyə müraciət etdik. O, İranda məsləkinə, əqidəsinə görə kiminsə həbs olunmasını inkar etdi. Onun sözlərinə görə, çox güman ki, edam olunanlar casusluqda, dövlətçilik əleyhinə təxribatda ittiham ediliblər. O, İranda din pərdəsi altında bu cür işlərlə məşğul olanların az olmadığını dedi.

Zülfiyyə Əhmədli

                                                                                        

bottom of page