top of page

İradə Tuncay

Yeni Rəsullar Gələ Bilər-

Bəhailər bu Fikirdədirlər

Həftə İçi Qəzeti, 11 İyun 2004, Səh. 4    

Dövlət qeydiyyatından keçmiş və Azərbaycan qanunlarına uyğun şəkildə fəaliyyət göstərən dini icmalardan biri də Bəhai dini icmasıdır. İcmanın fəaliyyəti ilə bağlı məlumat almaq məqsədilə Bəhai dini icmasının katibi Ramazan Əsgərovla görüşdük.

   

O, əvvəlcə Bəhai dininin yaranması haqqında danışdı: “Özünə Bab təxəllüsü götürmüş Seyid Əli Məhəmməd adlı bir şəxs 1844-cü ildə İranda elan edir ki, mən insanlığı oyatmağa gəlmişəm. Məndən sonra böyük bir zühur olacaq və sizi ona hazırlamaq üçün gəldim. Bir növ müjdəçi kimi. Ona ilk iman gətirənlər arasında İranın ruhaniləri olub. İnsanların onun arxasınca getməsindən sonra şahı inandırırlar ki, Babın arxasınca gedənlərin məqsədi hakimiyyətə gəlməkdir. 1850-ci ildə üləməların fitvası ilə Bab Təbrizdə şəhid edilir. Babın həbsdə olduğu zaman və ölümündən sonra hərəkata Mirzə Hüseyn Əli başçılıq edib. O, Bağdada sürgün edilib. Mirzə Hüseyn hələ  İranda olarkən Bəhaullah (Allahın cəlalı) ləqəbini götürür. Bəhaullah 1860-cı ildə Bagdada elan verir ki, Babın müjdələdiyi insan mənəm. 1863-cü ildən etibarən insanlar ona iman gətirir və din Bəhai dini adlanmağa başıayır.”

“Bəhaullah müjdələnən şəxs olmasını necə sübut edir” sualını R. Əsgərov belə cavablandırdı: “O, bunu yaşamı və yazıları ilə sübut edir. Hansı ki, bu yazılardan heç kim gətirə bilməz. Həzrəti Məhəmmədin ən böyük möcüzəsi Qurani-Kərim olduğu kimi Bəhaullahın yazıları da onun möcüzəsidi.”

Bilindiyi kimi, Həzrəti Məhəmmədə vəhy nazil olanda xüsusi hallar keçirirmiş (titrəmə, tərləmə və s.). Bununla da onun yanında olanlar anlayırdılar ki, vəhy nazil olur. Gələn vəhyi isə katiblər dərhal yazıya köçürüblər. Bəhaullahın belə bir hal keçirib-keçirməməsinə R.Əsgərovun münasibəti belə oldu: “Bəhaullah özü bu halı təsvir edib. Ancaq bu, mənim yadımda deyil. Ona vəhy gələndə katiblər yazıb çatdıra bilmirlərmiş. Bu haqda kifayət qədər tarixi məlumatlar var”. 

  

Allah-Təala “Quran”da buyurur ki, “Mən dinimi tamamladım. Və sonuncu peyğəmbər olaraq Məhəmmədi seçdim.” Bəhai əqidəsinə görə belə çıxır ki, Allah fikrindən vaz keçib və yenidən peygəmbər göndərib. Halbuki Allah heç vaxt fikrini dəyişmir. Daha doğrusu, buna ehtiyac duymur. Bu məsələyə R. Əsgərovun münasibəti aşağıdakı kimi olub: “Həzrət Məhəmməd həm nəbi, həm rəsul idi. Onunla Allahın nəbi göndərməsi yekunlaşıb. Ancaq rəsul ondan sonra da göndərilə bilər. Hələ indidən sonra da göndərilə bilər. Hələ indidən sonra da rəsulların göndərilməsi ehtimalı var. Bizim qiyamətə də münasibətimiz fərqlidi. Belə ki, biz düşünmürük ki, insanlar öləcək və yenidən qəbirlərindən qalxacaqlar. Bizim üçün qiyamət və dirilmə ruhani dirilmədir. Qiyamət ruhani qalxınma deməkdir. Yəni dirilmənin mənası budur.  Məsələn:  Quran ayələrində keçən  “ulduzlar yerə enəcək”, “günəş sönəcək” kimi ifadələrin də rəmzi mənaları var. Burdakı səma sözü din səması deməkdir. Ay və ulduz kimi ifadələr isə böyük din adamlarına işarədir. Yəni belə adamlar olmayacaq.”

   

Bilindiyi kimi, bütün peyğəmbərlərə bir kitab endirilib. Bəhaullahin yazdığı kitablar onlarladır. Söhbət zamanı bu məsələyə də aydınlıq gətirməsini R.Əsgərovdan xahiş etdik. “Bizim baş kitabımız “Kitabi-Əqdəs”dir(ən müqəddəs kitab). Bundan başqa Bəhaullahın yüzə yaxın əsəri var. Ona bu qədər çox kitab nazil olmasının səbəbi onun bütün dinləri və kitabların açılışını verməsidir. Bəhaullah ona qədərki peyğəmbərlərin yolunu təqib edərək bu qədər kitab yazıb. Ümumiyyətlə isə, biz vəhy prossesinin kəsilməsinə inanmırıq. Nə qədər ki,  Allah və insanlıq var vəhy prossesi kəsilə bilməz. Bu, zaman-zaman davam edəcək.İnsanlar müəyyən inkişaf mərhələsinə çatdıqca, Allah onlara yeni qanunlar göndərəcək. Bu, vahid bir Allah dininin müxtəlif mərhələləridir. Yəni Bəhaullahdan başqa bir adam da nə vaxtsa gələ bilər. Bəhaullah bu gün üçün sonuncudur. Məsələn: Həzrəti İsa deyirdi ki, “Mən gedirəm, yenə də qayıdacam.” Ona görə də xristianlar Həzrəti Məhəmmədə inanmadılar və Həzrəti İsanı gözləməyə davam etdilər. İnsanlar inkişaf etdikcə bəzi qanunlar köhnəlir və qüvvədən düşür, əvəzində isə yeni qanunlar göndərilir. Bizə görə nə Allahın elmi qurtarıb, nə də insanların inkişafı dayanıb. Allah Quranda  buyurur ki, “Dənizlər mürəkkəb, agaclar isə qələm olsa, mənim elmimi yazıb qurtara bilməz.” Sizcə, Allahın elmi qurtarıb?”

   

İslamı qəbul edən şəxslər “Kəlmeyi-şəhadət”i söyləyir. Bəhai dininin necə qəbul edilməsi ilə maraqlandıq. “Bəhai dinini qəbul etmək çox sadədir. İlk növbədə insan axtarışda olmalıdır. Və Bəhai dininin əhdini, Bəhai inzibati sistemini qəbul etməlidir. Bəhai dini yeganə dindir ki, ruhaniləri yoxdur.” 

“Azərbaycanda nə qədər Bəhai var” sualını R. Əsgərov belə cavablandırdı: “Biz bunun statistikasını aparmırıq. Bu din 160 ildir ki,  Azərbaycanda mövcuddur. Bakı və Sumqayıt şəhərlərində icmanın mərkəzləri var. Bölgələrdə də Bəhai dinini qəbul etmiş insanlar var. Müxtəlif mərasimlər zamanı onlar da bizə qoşulurlar.”

 

Söhbət zamanı Bəhaullahın ailə qurub-qurmaması ilə maraqlandıq. “Onun ailəsi olub. Oğlu və qızları dünyaya gəlib . Oğlunun adı Əbdülbaha olub. O, oğlunu Bəhai dininin yazılarının şəhrçisi təyin edib. Bəhaullahin oğlu 1921-ci ildə vəfat edib. Sonra böyük nəvəsi Şövqü Əfəndi yazıları şəhr etməyə başlayıb. Şövqü Əfəndi də 1957-ci ildə rəhmətə gedib. Şövqü Əfəndinin övladı olmadığından Bəhaullahın nəsli onunla kəsilib. Bəhai dininə 9 nəfərdən ibarət icma rəhbərlik edir. Onlar 5 ildən bir gizli səsvermə yolu ilə seçilir və Hayfa şəhərində Ümumdünya Ədalət Evi adlanan yerdə otururlar. Bu yer Bəhailərin dini mərkəzi hesab edilir. İslam dinində dini yükümlülük yetkinlik yaşına çatdıqdan sonra başlayıb.Yəni qizlar üçün 12, oğlanlar üçün 15 yaş nəzərdə tutulub. Bəhai dinində isə dini yükümlülük qiz və oğlan olmasından asılı olmayaraq 15 yaşdan başlayır. 21 yaşından etibarən isə hamının seçmək və seçilmək hüququ olur. Bu yaşdan sonra Bəhai dinini qəbul edənlər dinin inzibati orqanlarında fəaliyyət göstərə bilərlər.”

İradə Tuncay

bottom of page