top of page

Həmayıl

Bütün Dinləri Salamlayan Din – Bəhai Dini

Azadlıq Qəzeti, 25 Sentyabr 1993, № 105 (332)

Ən yaxşı mənəvi dəyərlərin itirildiyi, insanlığın ifadəsi hələ də dəqiqləşdirilməyən nələrləsə əvəzləndiyi bu günümüzdə insan mənəviyyatının “müalicəsi” ilə məşğul olan müxtəlif toplumlar fəaliyyət göstərir. Cəmiyyətsə “əlahəzrət mədə” nin problemlərinin həlli ilə məşğul olduğundan hələ də bu qurumları dəyərləndirmir, onların fəaliyyətinin düzgün istiqamətlənməsinə, yanlışlıqlardan xilasına rəvac vermir. Azərbaycanda bəhailərin fəaliyyəti haqqında eşidimlərə təəccüblənmək də, ehtimal ki, bu səbəblə bağlıdır. 

Rəsmiyyətçilik: 1881-ci ildən Azərbaycanda ilk Bəhai icması fəaliyyət göstərmişdir. 1939-cu ildən isə bu fəaliyyət dayandırılıb (hətta məşhur milyoner Musa Nağıyev də bəhai olmuşdur). 1990-cı ilin dekabırında Bakı Bəhailərinin Ruhani Məhfili (Şurası) təşkil edilib. 1992-ci ilin fevralında qeydiyyat nömrəsinə layiq görülüb. Sədri Ağanəcəf Ağayev, üzvlərinin sayı 300. Fəaliyyət məkanlarının sayı (respublika üzrə) 6-dır.

 

Qeyri – rəsmiyyətçilik– yəni cəmiyyət çalarında bilgi istəyən suallarla bir çox məqamlarda yeni sorğulara təkan verən cavabların mükaliməsi. Və bir də həmin cavabların müəllifləri: Ağanəcəf Ağayev, Sənubər xanım (izahların əsas “yükdaşıyıcısı”) Mehriban xanım, Sona xanım (mühacir).

 

Y. Belyayev bəhaizmi İslam Təriqətlərindən Biri Kimi Təqdim Edir. Bunu Qəbul Edirsinizmi?

-Bəhaizmi din, bu dinin yaradıcısı Bəhaullahı peyğəmbər, “Kitabi-Əqdəs”i isə dünyagörüşümüzün ifadəsinin əsas toplusu kimi qəbul edirik. Dinimizin təbliğ etdiyi dünyagörüşün əsas prinsipləri: Allah birdir, bəşəriyyət birdir, bütün dinlər mahiyyətcə birdir, çünki bir Allah tərəfindən müxtəlif dövrlərdə göndəriliblər. Bəhai dini isə bu zəmanənin dinidir. Müxtəlif bölümlər, irqlər, millətlər, sinif və dinlər insanlar arasında müxtəlif süni maneələrdir və bunlar bəşəriyyətə iztirabdan başqa heç nə gətirmir. Elə bir vaxt gələcək ki, bu bölümlər bir-biri ilə qarşıdurmanın mənasızlığını dərk edəcək və o vaxt bəşəri sülh yaranacaq.

 

Başqa Dinlərə Münasibət

Hər bir din öz dövrü üçün zəruri və doğrudur. Bəhaizim bütün dinləri qəbul edən bir dindir. Bəhai inamındakı müqəddəs sayılan 9 rəqəmi məhz 9 dinin rəmzidir. Bütün dinlərə mənsub olan adamlar bəhai ola bilərlər (Məlumat üçün: 8 milyondan çox bəhai sırasında 2100-dək etnik qrup təmsil edilir).

Fəaliyyət Mexanizmi və Bəhai Olmaq Üçün Qoyulan Şərtlər

Dünya bəhailərinin əlaqələndirmə mərkəzi Hayfa şəhərində yerləşən Ümumdünya Ədalət Evidir. Sonrakı bölümlər isə milli və yerli Məhfillərdir. İdeyalarımızı qəbul edən hər bir kəs bəhai ola bilər. Bəhaizmdə bunlar qadağan edilir: qatillik, içmək və çəkmək, cinayətkarlıq və qeybətçilik.

Bəhailərin Asketizmə Mənfi  Münasibətini nə ilə İzah Edərdiniz?

Hər bir kəsin Allahı onun öz daxilində olmalıdır. Biz Allahı öz daxilimizdə axtarır, zahiri tərkidünyalıqdan imtina edirik. Əksinə, xeyir gətirən bütün fəaliyyətlər (xüsusən elm, incəsənət) ibadətə bərabər sayılır.  “Kitabi-Əqdəs”in 286-cı surəsində deyilir ki, azadlıq yalnız heyvanlara məxsusdur, insan isə mövcud qanunlara tabe olmalıdır. Bu: 1) azadlıq uğrunda mübarizənin mənasızlığı deməkdirmi? 2) cəmiyyət, adətən, şəxsiyyəti inkar edir və onu “hamı necədirsə, sən də elə ol” qəlibinə salır. Məhz bu baxımdan həmin fikir itaətə çağırış deyilmi?  Cəmiyyətdə yaşayan hər bir kəs üçün tam azadlıq mümkün deyil. Çünki bu, doğrudan da, heyvanlığa aparır.

Bəhailərin Qadın Kişi Hüquqları Haqqında Fikirləri (yəni üstünlük kimə verilir?)

Bizim təlimdə qadın və kişilərin hüquqları bərabər sayılır. Yaşadığımız dövrün özü bu hüquq bərabərliyini zəruri edir. Lakin qadınların təhsil almağı xüsusilə vacib sayılır. Elm sübut edir ki, beş yaşındakı uşağın şəxsiyyəti formalaşır və bu formalaşmada əsas sima ana hesab edilir. əgər cəmiyyətin inkişafından söhbət gedirsə, necə ola bilər ki, cəmiyyətin yarısı inkişaf edə, digər yarısı isə məhdud dairədə qapanıb qala.

İnsanlığın Az Qala Məhv Olduğu Bir Dövrdə Öz ideyalarınızın Həyata Keçəcəyinə İnanırsınızmı?

Ümumbəşəri sülhə nail olacağımıza bütün varlığımızla əminik.

Həmayıl

P.S. Bəhailərin normal fəaliyyəti üçün hələ də lazımi şərait yaradılmayıb.

bottom of page