top of page

Lətafət

Şəmsi Sədaqət: “Biz bir Günəşin Övladlarıyıq”

Azərbaycan Qadını İctimai-Siyasi, Ədəbi-Bədii aylıq Qadın Jurnalı 

06 İyun 1991-ci il, Səh. 12 (Şəhərimizin Qonaqları)

Bu qadınla görüşə ürəyimdə qəribə hisslərlə gedirdim. Heç bir vaxt üzünü belə görmədiyim, səsini eşitmədiyim amerika vətəndaşı Şəmsi xanım Sədaqət haqqında mənə yalnız bircə şey məlum idi: qürbətdən gəlib.

Biz köhnə dostlar kimi görüşdük. Uca boylu, ciddi baxışlı bu qadının üzündə xoş təbəssüm yanırdı.

Bakıya vuruldum - şirin bir ləhcə ilə dedi Şəmsi xanım. Elə belə də təsəvvürümdə yaratmışdım bu şəhəri. Bakılılarla çoxdan tanışlığım, dostluğum var. Dünyanın çox ölkəsini gəzmişəm, çox elin qonağı olmuşam. Bakı heç birinə bənzəmir şəhərlərin. Bakılılar da eləcə... mehriban, səmimidirlər. Ürəkləri kimi süfrələri də həmişə açıqdır.

  

Çox xoşbəxtəm ki, bu ilki Novruz bayramını Bakıda qarşıladım. Ləziz nemətli əziz bayram süfrəniz mənə qədim Şərq nağıllarını xatırlatdı. Rəngbərəng şamların titrəyən işığında özümü min bir gecə nağıllarının qəhrəmanlarına bənzədirdim. Hamı bir-birinə xoş sözlər deyir, sağlıq, səadət, bolluq diləyirdi. Hər kəs dünyanı sevinc, şadlıq işığında görmək istəyirdi. O anlarda bir daha dərindən duydum azərbaycan xalqının saflığını, müdrikliyini... Sizin eldə keçirdiyim günləri heç unuda bilərəmmi?

  

Son sözlərini xüsusi ahənglə dedi. Və inandırdı ki, istəsə də unuda bilməz bu tanışlıqları, bu görüşləri. Onsuz da qəlbində o qədər unuda bilmədiyi, heç bir zaman da unuda bilməyəcəyi xatirələr, hadisələr var ki!.. Bunlar onun göz yaddaşında, səs yaddaşında elə kök salıb ki, dönüb özününküləşib. Yaşadığı illərdə minlərlə, bəlkə milyonlarla insanın taleyinə daxil olub. Özü demişkən bu başdan o başacan dünyanı gəzib, unuda bilibmi gördüklərini? Unuda bilibmi ağ, qara dərili müxtəlif insanları, aranlı-dağlı qərib elləri?

  

Həyatı, demək olar ki, səfərlərdə, yollarda keçib. Saçlarına qürbətdə dən salıb. Ancaq bunu mən deyirəm. Şəmsi xanım sevmir bu sözü. Çünki onun üçün qürbət yoxdur, yaşadığı yerlər var. Onun üçün millət yoxdur, İnsan var! Bunu hamımızdan fərqli, qeyri-adi bir ömür yaşayan Şəmsi xanımla söhbətimdə bildim. 

 

Mən bəhaiyəm deyir. Adını eşitsəm də bu din haqqında mənə heç bir şey məlum deyildir. Açığı, mütərəqqi olub-olmadığını, islam dininə münasibətini indi də deyə bilmərəm. Ancaq bəhailiyi qəbul etmiş, qəribə taleli  bir ömür sürmüş bu qadının həyat yolunda müəyyən fraqmentləri oxucuların da nəzərinə çatdırmaq istərdim. 

 

Bəhailik dinlərin ən gəncidir. – Şəmsi xanım deyir. – Bir olan Allahın Yer üzünə - insanlara göndərdiyi doqquzuncu- sonuncu peyğəmbərdir Bəhaulla. Mən də, mənim həmfikirlərim də Bəhaullanın övladlarıyıq. Bu peyğəmbərin əqidəsinə görə, biz insanlar bir ağacın meyvələri, bir budağın yarpaqlarıyıq. Biz bir Günəşdən nur alır, bir Günəşin istisinə qızınırıq. Bəhailiyə görə, ən ali şöhrətə yalnız öz Vətənini deyil, bütün dünyanı sevənlər çatarlar. Biz dünyaya yalnız xeyirxahlıq və şəfqət, səadət diləyirik. İnsanları dost görmək istəyirik.

  

Şəmsi xanım bəhailik haqqında çox danışdı. Mən bunları şərh etmək və deyilənlərə şəxsi münasibət bildirmək fikrində deyiləm. Lakin amerikalı qonağın dedikləri maraqlı idi:

 

-Əvvəllər bəhailərin sizlərə  gəlməsi qadağan olunmuşdu. Ancaq bunu da deyim ki, ilk bəhai qərərgahı məhz SSRİ-də - Aşqabadda tikilmişdir.1926-cı ildə onu bağladılar. 1948-ci il zəlzələsinədək bu əzəmətli bina qalırdı. İndi biz onun bərpasına hazırlaşırıq. 

  

Bəhailiyi Rusiya ilə bağlayan başqa tellər də var: Bəhaullanı İranda Knyaz D.İ.Dolqorukov ölümdən qurtarıb. Buna görə də onun özünü İrandan sürgün ediblər.

  

Bəhaulla İngiltərə kraliçası Viktoriyaya yazdığı məktubda deyirdi ki, bizim din dünyanın bütün xalqlarını bir etiqad ətrafında birləşməyə çağırır.

  

...Şəmsi xanım Aşqabadda doğulub. 1938-ci ildə ailəsi Stalinin əmri ilə doğma yerlərdən İrana sürgün olunub. Onun uşaqlıq illəri burada keçib. İlk təhsilini davam etdirmək üçün Londona gedib. Burada beş illik təhsildən sonra Brayton şəhərində akuşer-dietoloq işləməyə başlayıb. İnsanlara, xüsusən ana olan qadınlara xayirxahlığı da bu illərdə öyrənib. Dünyaya gələn hər körpənin ilk çığırtısını eşitdikcə, ana olmağa hazırlaşan qadının gözlərində ümid işıltılarını gördükcə, tanıdığı-tanımadığı insanlara şəfqəti, diqqəti, məhəbbəti də çoxalıb. Ətrafdakılara daha çox bağlanıb. Elə buradaca qarşısına məqsəd qoyub; kimliyindən, irqindən, milləyətindən asılı olmayaraq insanlara xidmət etmək! Bu həvəs onu Kiprə gətirdi. Düz doqquz il burada işlədi. Təzə adamlarla dostlaşdı, bilmədiyi adətləri öyrəndi. Yenidən İrana qayıtdı. Üç il sonra isə Afrikaya köçdü. Bir qədər burada işlədi. İndi də tale onu Londona gətirdi. Bir illik təhsildən sonra xəstəxana inzibatçısı diplomunu aldı. Buradan isə Qəraib adalarına yola düşdü. Gənc qadının həyatı əfsanələr adasında davam edirdi. Tibb işçilərinə həddən çox ehtiyacı olan Trenidad və Tobaqo adalarında düz 12 il işlədi. Burada xəstəxana açıb həm xəstələrə pulsuz xidmət göstərir, həm də qadınlara və uşaqlara təlim verirdi.  Elə “Şəmsi bacı” adını da orada qazandı. İndi onu dünyanın bir çox ölkələrində belə tanıyırlar:”Şəmsi bacı”. 

  

Şəmsi xanım danışır ki, adalarda hindlilərin vəziyyəti çox ağır idi. Ehtiyac içində yaşasalar da çoxuşaqlılığa üstünlük verirdilər. Şəmsi xanım əlindən gələn yaxşılığı onlardan əsirgəmirdi. 

  

Ömrünün növbəti dolayları Bohema adalarına düşdü. Bura da minlərlə insana həmdəm oldu, qayğısından, nəvazişindən hamıya pay verdi. Üç il sonra isə Amerikaya qayıtdı. Vaşinqtondakı doğum evlərinin birində işə başladı. 1990-cı ilin avqustunda isə iki illiyə SSRİ-yə işləməyə gəldi. Hazırda Odessa şəhərində çalışır. Körpələri çox sevir Şəmsi xanım. Bu haqda soruşanda fərəhlə:

  

-2500 körpənin anasıyam!- dedi. Dünyanın dörd qitəsində, yüzlərlə şəhər və kəndində işlədiyim illərdə min-min körpənin dünyaya gəlməsində iştirak etmişəm. Onları dünyamıza, analarına ilkin mən qovuşdurmuşam. Onlar bir-birlərinə necə də bənzəyirlər! Hələlik görkəmləri də, istəkləri də, xasiyyətləri də bir. Təbiətin özü qədər saf, pak... Böyüdükcə dəyişirlər, başqalaşırlar. Bu körpələrin hamısını özümə övlad sayıram.

  

Bəli, 151 məmləkət gəzib müxtəlif millətdən olan minlərlə insana xidmət edən bir qadının belə düşünməyə haqqı var.

 

-Bakını gəzə bildinizmi?- deyə soruşuram.

 

-Əlbəttə, doyunca gəzməsəm də, hər halda çox yeri gördüm. Əvvəla, qədim Gəncədə, Bərdədə oldum. Hər yerdə səmimiyyətlə , açıq ürəklə qarşılandım. Belə qonaqpərvər, mehriban adamlarla görüşlərim mənə çox şey verdi. Bakını isə... nə qədər gəzsəm də, doymadım. Şəhəriniz özü də insanları kimidir: daşlarından da nur yağır. Bu yerlərdən ayrılmaq çətin olsa da, məni doğma Aşqabad çağırır. Ora tələsirəm. Axı deyirlər, insan yaşa dolduqca uşaqlığı tez-tez səsləyir onu.  Son vaxtlar məni də qoynuna çəkir Aşqabad. İlk, kövrək dünyamın izi qalıb o yerlərdə. Bakıda işlərimi qurtaran kimi getməliyəm. Vaxtım azdır. 

  

Şəmsi xanım danışır. Səsində arxayınlıq, taleyindən, həyatından razılıq duyulur. 

 

-Bəli, çox razıyam bəxtimdən, məni neçə-neçə insanla dost edən, uzaq yolları yaxınlaşdıran qismətimdir.

  

Sonra xatirə üçün şəklimizi çəkdirdik. “Sizli günlərimdən yadigar saxlayacam bu şəkilləri”- deyir. Səmimi görüşdüyümüz kimi eləcə də ayrılırıq. Artıq o, Bakıdan uzaqlardadı. Şəmsi xanımın sözləri isə hələ də qulağımda səslənir:

 

-Biz insanlar Günəşin övladlarıyıq. Bir –birimizə arxa-dayaq olmalıyıq...

 

 

P.S. Material çapa hazırlananda eşitdik ki, aprelin 26-29 da Moskvada Sovet İttifaqında ilk dəfə olaraq Bəhai qurultayı keçirildi. Orada dünyanın 20 ölkəsindən gəlmiş nümayəndələr iştirak edirdilər. Şəmsi xanım Sədaqət Sovet İttifaqı Bəhai Milli Şurasının sədri seçildi.

 

Lətafət

bottom of page