Kəmalə Günəşli
Dünya Mənə Tanış Gəlir
Göyəzən Qəzeti, 4 İyul 1993-cü il
Redaksiyamıza bir xanım gəlmişdi–Kəmalə Günəşli.... Onun özünün özü haqqında dediklərindən (və bizim də duyduqlarımızdan) belə bir arayış tərtib etmək olar: Daim yaşadığı mühitə yad olub. Həmişə özünü tənha hiss edib. Həyatının bir anında bəhailik təlimi ilə tanış olub və görüb ki, sən demə o elə anadan gəlmə bəhai imiş.... Əksər baxışları üst-üstə düşür....
Qaldı ki, bəhailiyə, XIX əsrdə İranda formalaşmış, dinlərin ən cavanı olan bir dindir. Yaranmasının ilk dövrlərində öz vətənində güclü təqiblərə məruz qalıb. Bütün dünyanı dolanıb təzədən İrana qayıtmaq əzmindədir.
Kəmalə xanımla söhbətimiz də qismən bu din, onun prinsipləri haqqındadır.
-
Bəhailiyin bir din kimi yaranması, yayılması və indiki vəziyyəti haqqında məlumat vermənizi xahiş edirəm....
Bəhai dini azad və müstəqil bir dindir. Məhəmməd peyğəmbərdən sonra yeni bir peyğəmbərin–Həzrət Bəhaullahın gələcəyindən xəbər vermiş Bab (Seyid Əli Məhəmməd) 1850-ci ildə Təbrizdə şəhid olmuşdur. Həzrət Bəhaullah da Tehranda anadan olmuş, ömrü İran, Türkiyə və İraqda keçmişdir. Bəhai dini müstəqil dünya dinlərinin ən cavanıdır. Bəhailər belə hesab edirlər ki, bu dinin əsasını qoyan Həzrət Bəhaullah (1817-1892) Allahın Yer üzərinə göndərdiyi peyğəmbərlərin xələfidir. Müxtəlif dinlərə və təriqətlərə itaət edən adamlardan təşkil edilmiş Dünya Bəhai Cəmiyyəti öz sıralarında 6 milyondan çox adamı birləşdirir. 214 ölkə və bölgələrdə yayılmışdır. Bəhai dinində 2100-dən yuxarı etnik qrup və qəbilə təmsil edilir.
-
Bəhailiyin əsas prinsipləri nədən ibarətdir?
Bəhailiyin 12 əsas prinsipi vardır: 1) Allah birdir, 2) Bütün dinlər birdir, 3) Bəşəriyyət birdir. Cəmiyyətin müxtəlif təbəqələrinə zid olan bütün irqlər, millətlər, dinlər və silklər Allah qarşısında birdir, 4) İnsanlar müqəddəs ruha möhtacdırlar, 5) Hər bir adam haqqı müstəqil olaraq axtarmalıdır, 6) Elm və din harmonik olaraq bir-birini tamamlamalıdır, hər hansı bir din elmə ziddirsə doğru deyil. Elm dinsiz olduqda mövhumatdır, 7) İnsanlar hər cür mövhumatdan imtina etməlidirlər, 8) Kişilər və qadınlar quşun qanadı kimi bərabərdilər, 9) Hər bir uşaq möhkəm əsası olan təhsil hüququna malikdir, 10) İqtisadi problemlərin mənəvi həlli vardır. 11)Bəşəriyyətə Beynəlxalq köməkçi dil lazımdır, 12) Bəşəriyyət Dünya dövlətləri tərəfindən dəstəklənən Ümumbəşəri sülhü yaratmalıdırlar.
-
Bəhailiyin bir fəlsəfi dünyabaxışı kimi yox, bir din kimi ortaya çıxmasını necə izah etmək olar? Bəşəriyyətin buna ehtiyacı vardımı?
Dünyabaxışı müəyyən bir dinin və yaxud mövcud dünyabaxışının daxilində fəlsəfi fikir kimi yaranıt. Dində isə Tanrı Peyğəmbərin gələcəyini əvvəlcədən xəbər verir. Bəhailiyi sadəcə olaraq bir dinin təriqəti hesab edənlər yanılırlar. Onlar bu dində ciddi rituallar, sərt və ağır qadağalar olmamasını əldə bayraq edə bilərlər. Lakin 6 milyardlıq bəşər hər gün eyni bir şeyi dözülməzlik dərəcəsində icra edə bilməz. Onu da qeyd edim ki, həmin ritual və qadağalar hər bir dində özü üçün vacib və zəruri idi. Bəhailikdə namaz, oruc və digər bu kimi şeyləri icra edib-etməməyi şəxs özü həll edir. Nəyisə zor gücünə etmək təqdir olunmur. Təbiətin ən böyük varlığı olan insanların hər biri bir dünyadır və hər birimizin qəlbində bir olan Allah var. Əsası odur ki, o bir Allahın qarşısında təmiz olaq! Hamımız.
-
Bəhailər, şərti olaraq desək, öz Allahı ilə birbaşa, vasitəsiz əlaqə saxlamaq, münasibətlərini nizamlamaq istəyən, yəni bütün sistemləşdirilmiş dinlərdən yüksəkdə durmağa çalışan adamların varlığını qəbul edirlərmi və onlara necə baxırlar?
Bəhailər üçün insan dinindən, dilindən və milliyyətindən asılı olmayaraq insandır. Müəyyən dindən yüksəkdə durmağa çalışan adamlardan danışmazdan əvvəl gəlin kiçik bir psixoloji analiz aparaq. (Burada mən bəhailikdən çıxış edirəm). İnsanları psixoloji baxımdan, şəxsi dünyagörüşünə görə, beynində gedən əqli proseslərə görə, Allahı, həyatı, kainatı, insanları, nəhayət özünü dərk etmək qabiliyyətinə görə iki qrupa bölmək adi və qeyri-adi insanlar. Əgər biz bunların da analizini aparsaq belə bir nəticəyə gələ bilərik: Adi adamlar öz ömrünü sakit yaşayıb, mövcud reallıqla barışan və həmişə necə deyərlər cismi və ruhu yerdə olan şəxslərdir. Qeyri-adi isə əgər belə demək mümkünsə, həyatın sütunlarıdır. Onlar həmişə cəmiyyətin mənasız qadağalarına qarşı çıxır, onlara üsyan qaldırırlar. Onların qeyri-adiliyini Allahın bəxş etdiyi qeyri-adi ruh və mənəvi güclə izah etmək olar. Onlar özlərini hansısa bir dinin nümayəndəsi yox, sadəcə, Allahın bəndəsi hesab edirlər. Sizin suallarınıza tam cavab verə bilməsəm də, gəlin şərti olaraq bu qənaətə gələk: Özlərini bir dinin nümayəndəsi hesab edənlər – adi, etməyənlər isə qeyri-adi insanlardır.
Bəhailiyə görə isə insan din seçməkdə (yaxud seçməməkdə) müstəqildir, dünyanın istənilən nöqtəsini özünə Vətən hesab edə bilər. Elə buradan da vahid Allah, vahid millət, vahid din anlayışları yaranır. Biz insanlar bircə onu dərk etməliyik ki, bu vahid Yer kürəsi olmasa nə Afrika olacaq, nə Avropa, nə Azərbaycan, nə də Ərməniyyə....
-
Niyə bütün dinlər, yenə şərti desək, adamı adamlıqdan çıxarıb xristian, müsəlman, buddist və.s etmək istəyir? Niyə onlar hamısı iddia edir ki, onun təlqin etdiyi yüksək hisslər yalnız uyğun olaraq müsəlmana, xristiana və.s xas ola bilər?
Heç bir peyğəmbər və heç bir din özündən əvvəlkiləri inkar etməyib, çünki bu Allahın öz-özünü inkarı olardı. Bəhailiyin başqa dinlərdən fərqi orasındadır ki, o “Ey müsəlmanlar (yaxud xristianlar və.s) birləşin demir,”, “Ey bəşər övladları birləşin!” deyir. Peyğəmbər Həzrət Bəhaullah deyir: Hamınız bir bağın meyvələri, bir ağacın yarpaqlarısınız!”
-
Allahdan başqa heç kəs və heç nə naqislikdən hali deyil. Sizcə, bu baxımdan bəhailiyin naqis cəhətləri varmı?
Göz .... Gözəllik vurğunudur!....
-
İslam kimi bir dinin Məhəmmədin sonuncu peyğəmbər olması fikrini inkar edən bəhailik Həzrət Bəhaullahdan sonra da başqa bir peyğəmbər gələcəyini inkar etmir ki?....
Qətiyyən.... Tanrı bəndələrinə öz elçisini hər min ildən bir göndərir. Bu dövrlər bəşər övladının faciəsinin kulminasiya nöqtələridir. Nostradamus Yerin ömrünü 7 min il müəyyənləşdirib. Deməli bəhailikdən sonra da yeni bir din yaranmalıdır. Hələ hesablasaq görərik ki, bəhai dini 300 il gecikib. Bəhai dini xüsusi olaraq qeyd edir, min ildən sonra ondan daha mütərəqqi və zəmanəsinə uyğun bir din yaranacaqdır.
-
Məncə bütün dinlər hansısa bir dünyabaxışının (fəlsəfi fikir kimi) insanları bir səngər arxasına toplamaq fikri güdən aqressiv formasıdır. Bunu bəhailiyə də aid etmək olarmı?
Sizin suallarınız çox orijinal səslənir. Elə orijinallığın özündə də bir gözəllik var. Din və dünyabaxışı tamam başqa-başqa anlayışlardır. Din siyasətə birbaşa müdaxilə etməməlidir. Əks təqdirdə o bu çirkab burulğanında öz mənəvi gücünü itirə bilər. Din ayrı-ayrı adamları “bir səngər arxasına” toplamalı deyil, yolunu azmış adamların mənəviyyatına müdaxilə etməlidir. Bəhailiyin bəşəriyyəti birləşdirmək fikri insanları səngərə çəkmək deyil, axı səngərin iki tərəfi olur. Buradan qarşıdurma törəyə bilər. Bəhailiyin əsas fikri insanların indiki çürümüş şüurunu dəyişdirməkdir, özü də yalnız sözlə, qılıncla yox!
Bəhailik bəyan edir ki, özünüzə rəva bilmədiyinizi başqasına da rəva görməyin.
Onlar hərbi terminlərdən və anlayışlardan birdəfəlik imtina ediblər. Bəhailər inanırlar, bir vaxt gələcək ki, insanlar, müharibə, düşmən, dava, səngər sözlərini başa düşməyəcəklər: həmin dövrdə “altıncı irqin” insanları Yer üzünün sakinləri olacaqlar. Mən də o günün gələcəyinə inanıram....
-
Molla və.s kimi araçılardan imtina edən bəhailiyi insanlara bəxş etmiş Allahın peyğəmbər kimi bir din çinovnikinə nə ehtiyacı var idi? Allah insanlara aşılamaq istədiyi fikir və hissləri ilahi bir duyğu kimi onların qəlbinə yeridə bilməzdimi? Niyə Allah bürokratlıqdan tam imtina etmək istəmir?
Bizlərin bəlası budur ki, Allahın özünü də düzgün dərk edə bilmirik. Allah elə bir müqəddəslikdir ki, biz onu dərk edə bilmərik. Qayıdaq qeyri-adi insanlara. Allah öz ilahi duyğularını onların qəlbinə yeridir. Yolunu azmış “adilərə” isə mütləq peyğəmbər lazımdır...
Kəmalə Günəşli