Həsən Ağacan
Bəhailik Necə Yarandı
Ekspress qəzeti, 26-28 Fevral 2000-ci il, Səh: 12
Əvvəl “babilər” indi isə “bəhailər” adlanan kəslər dünyanın çeşidli yerlərində milyonlarladır. Azərbaycanda da bəhailər var...
Onlar “dünyada ən cavan” dinə etiqad etdiklərini söyləyib, “Həzrət Bəhaulla”nı özlərinə peyğəmbər bilirlər..
Bəhailər inanclarını “dünyada ən cavan din” hesab edirlər. Bəhiliyin bünövrəsi isə Seyid Əli Məhəmməd adlı birisi tərəfindən qoyulub.
Bəhailiyin yaranışı, Azərbaycan Bəhai icmasının üzvü Azər Cəfərovun təqdim etdiyi interpretasiyada belədir (bir qədər diqqətlə oxuyun və müvəqqəti olaraq yadda saxlayın: az sonra bu məqamlara qayıdacağıq- H.A):
“Seyid Əli Məhəmməd 1844-cü ilin 23 may günündə İranın Şiraz şəhərində özünü şiələrin “on ikinci imamı Mehdi Sahib əz-Zaman” elan edərək, “Bab” (ərəbcə “darvaza”) adlandırır. O, yaxın və orta Şərqdə geniş yayılmış babilər hərəkatının əsasını qoyur.
1850-ci ildə Bab Təbrizə gətirilir və iyulun 9-da camaat qarşısında edam olunur. Baba müsəlmanların atəş açmayacağını bilən hakimiyyət bunun üçün Təbrizə erməni alayı gətirir.
Edam günü həbsxanada şagirdinə son sözlərini yazdırarkən onu kobudcasına tələsdirirlər. Bab isə isə üzünü zindan nəzarətçilərinə tutub deyir: “mən bu adama bildiklərimi deyib qurtarmayınca dünyada heç bir qüvvə mənə mane ola bilməz...” Qəzəblənmiş zabit “ yalnız məndən başqa” deyib Babı bayıra itələyir.
Bab və onun şagirdini Təbriz küçələrində gəzdirib meydana gətirirlər. Onları divara bagladıqdan sonra erməni alayının 750 əsgəri atəş açır. Ətrafı bürümüş barıt tüstüsü dağılanda edama toplaşmış insan dənizindən bağırtı qopur... Şagird sağ-salamatdır, Bab isə qeyb olmuşdur.
Az sonra Babı həbsxanada, yarımçıq qalmış sözlərini dediyi zaman tapırlar. Bab onu aparmağa gəlmiş adamlara deyir: “Mən sözümü qurtardım. İndi niyyətinizi həyata keçirə bilərsiniz...”
Heyrətlənmiş erməni əsgərləri edamı davam etdirməkdən imtina edirlər. Meydana aysorlardan ibarət digər xristian alayı gətirilir. Bu dəfə Bab və dostunun bədənini güllələr parça-parça edir. Sonra cəsədləri şəhər divarlarının bayırına atırlar ki, sahibsiz itlərə yem olsunlar. Lakin babilər həmin gecə cəsədləri oğurlayıb etibarlı yerdə dəfn edirlər.
Bu hadisələr zamanı Babın tərəfdarları Mirzə Hüseyn Əli Bəhaullah (“Bəhaullah” ərəbcə “Allahın nuru” deməkdir) tutulub zindana salınır. Sonra həbs İraqa sürgünlə əvəz olunur. 1863-cü ildə aprelin 21-dən mayın 2-dək Bəhaullaha Allahdan vəhy gəlir və o, özünü Babın öncədən “o gələcək” dediyi peyğəmbər olduğunu elan edir. O dövrdən bu yana Bəhaullah ardıcılları özlərini “bəhai” adlandırırlar...”
Bəhai Prinsipləri
-Bütün mövhumat və xurafat unudulmalıdır;
-Qadın və kişilər bərabər hüquqa malik olmalıdır;
-Hədsiz varlanma və yoxsulluğun qarşısı alınmalıdır;
-Bütün insanlar təhsil almalıdır;
-Hər kəs həqiqəti özü, müstəqil olaraq axtarıb tapmalıdır;
-Elm və din bir-birinə uyğun olmalıdır;
-Bütün insanlar vahid bir ailənin üzvü olmalıdır;
-Din dostluğa və həmrəyliyə səbəb olmalıdır;
-Bütün insanlar Ümumdünya sülhünün yaradılmasına çalışmalıdır;
Bəhai Qanunları
Bəhai həyatı boyunca yalnız bir qadınla evlənib ailə qura bilər. Ailə qurmaq üçün hər iki tərəfin və valideynlərin razılığı olmalıdır. Bəhainin spirtli içki içməsi və narkotik maddələr qəbul etməsi qəti qadağandır. Bəhai isə hər hansı siyasi partiya, təşkilat və ya digər quruma üzv ola bilməz. Bəhai yaşadığı dövlətin yazılmış və yazılmamış qanunlarına sözsüz olaraq riayət etməlidir.
Bəhai İnzibati Qaydaları
Bəhailikdə rəhbər sinif yoxdur. Ruhano və inzibati fəaliyyətlər isə 21 mart günündə başlayan Bəhai ili təqvimində göstərilib. Bəhai ilində doqquz müqəddəs bayram və on doqquz gündən ibarət orucluq ayı var.
Ruhani və inzibati qaydalar Bəhaullah, Əbdülbəha və Şövqi Əfəndinin tövsiyyə və yazılarında göstərilib.
Yerli bəhai icmalarının fəaliyyətləri isə ildə bir dəfə seçilən və doqquz üzvdən ibarət olan yerli ruhani məhfillər (toplantılar) tərəfindən həyata keçirilir. Ölkə ərazisində 9 üzvü olan bəhai icmalarının seçdikləri nümayəndələr tərəfindən ildə bir dəfə milli ruhani məhfil fəaliyyət göstərir.
Bəhailərin yaydıqları ədəbiyyata əsaslansaq, indi dünyanın müxtəlif ölkələrində 30 minə yaxın ruhani, 179 milli məhfil var. Bütün bəhailərin ən yüksək idarə orqanı olan “Uca Ədalət Evi” bütün milli ruhani məhfil üzvlərinin iştirakı ilə toplanan beynəlxalq konqresdə hər beş ildən bir seçilir.
Bəhai Məbədləri
Hazırda İllinoys ştatı (ABŞ), Frankfurt-Mayn (Almaniya), Kampala (Uqanda), Sidney (Panama), Nyu Dehli (Hindistan) və Apia (Samoa) şəhərlərində inşa olunmuş bəhai məbədləri fəaliyyət göstərir.
Bütün bəhailər üçün müqəddəs olan “Uca Ədalət Evi” İsrailin Hayfa şəhərinin həndəvərindəki Kərmil dağında, Birləşmiş Ştatlar bəhailərinin məbədi “Ana” isə Çikaqodadır. Bundan başqa Kərmil dağında “Babın müqəddəs məqamı” adlanan məbəd də var.
Bəhai Duası
“...Sən sübhansan, Ey mənim Allahım. Sənin ismi-əzəminə and verirəm ki, onun vasitəsilə sənin əmr günəşin vəhy üfüqündən parladı. Buna görə də bizi inayət sahilindən əsən mehlərin ətrindən məhrum etmə...”
Nədir Bəhailik?
Bəhailiyin nə olduğunu qeyd etməzdən əvvəl bəri başdan nəzərə çatdırım ki, özü haqqında “mən, Həzrət İsanın zühurunu əvvəlcədən xəbər verən vəftizçi (“vəftiz”- ərəbcə “günahdan tövbənin əlaməti olan suya salınma mərasimi” deməkdir-H.A.) Yəhyanın vəzifəsini yerinə yetirib İlahi vəhyin müjdəçisiyəm” yazıb.
Babın davamçılarından olan və sonradan bəhailərin “peyğəmbər” deyəcəyi tehranlı, atası Pəhləvi sarayında vəzir olan Mirzə Hüseyn Əli isə 27 yaşında Babın müraciətini alır və olur “babi”. 1852-ci ildə, Babın edamından iki il sonra İran şahının həyatına babilərdən biri sui-qəsd edir. Amma atəş zamanı şaha dəyən qırmalar onu ağır yaralasa da, Pəhləvi hökmdarı sağ qalır.
Uğursuz sui- qəsddən sonra butün İranda babilərə qarşı “şahı öldürmək istəyən kafirlər” adı altında təqiblər başlayır. Həmin dönəmdə yalnız bir gecə ərzində Tehranda 78 nəfər babi edam edilir. Bundan başqa, 27 babiyə işgəncələr verilir və onların qətlə yetirilməsi şəhər əsnafından seçilmiş şəxslərə həvalə ounur.
Bütün bunlar, İran tarixçisi Sepehrin “babilər divanı” adlı əsərində öz əksini tapıb. Tehrandakı rus səfiri knyaz Dmitri Dolqorukovun Rusiya xarici işlər nazirinə göndərdiyi 1852-ci il 12 avqust tarixli məktubunda da babilərdən bəhs olunur.
İranda babilərin həbsləri və edamları ilə bağlı başqa məlumatları isə M.S.İvanovun “Babidskoe vosstraniya v İrane (1848-1852)” və E.C.Braunun “Babi dininin təlimi üçün materiallar” (“Materials for the study of the Babi religion”, Cambridge University Press) yazdığı əsərlərdən almaq mümkündür.
...Həmin hadisələr zamanı Bəhaullah tutulur və həbsxanaya atılır. Bəhailərin dediklərinə görə onun boynuna “Zənciri əzən “ adlı 50kq ağırlığında zəncir salınır və ayaqları beş babinin ayaqları ilə birlikdə qandallanır.
1853-cü ildə isə o, Bağdadda sürgün edilir. Bir qədər sonra isə İran şahı, o dönəmdə Osmanlı imperiyasının torpaqlarında olan Bağdad şəhərindəki Bəhaullahın İrana təhfil verilməməsi xahişi ilə Osmanlı sultanı Əbdüləzizə müraciət edir.
Sultan isə Bəhaullahı İstambula köçürür. Şəhərdə başlayan Bəhaullah günlərin birində təsadüfən “Rizvan” (“cənnət”) adlanan bağçaya gəlir. Elə burada da Bəhaullaha “vəhy” nazil olur. Bəhaullahın “Rizvan” bağçasında qadığı 12 gün bütün bəhailərin böyük bayramıdır.
...Bir az da ötür. Sultan Əbdüləziz Bəhaullahı Ədirnəyə sürgün edir. Ədirnədə 5 il qalan Bəhaullah 1868-ci ilin 31 avqust günündə çağdaş İsrailin Əkka şəhərinə gətirilir.
Həmin dönəmdə Bəhaullah dünyanın bir çox dövlət başçılarına, hökmdar və krallara məktublar göndərərək onları bəhailiyə dəvət edib. Roma papası lX Piyə göndərilən məktubda isə o, özünü təvazökarcasına “Yer üzünə gəlişini hələ Həzrəti İsanın xəbər verdiyi və indi zühur edən Məsih” adlandırıb...
Bəhai Arabeski
Bir qədər öncə Azərbaycandakı bəhailərin nümayəndəsi olan Azər Cəfərovun Bab və onun qətlə yetirilməsi barədə verdiyi məlumatlarla tanış oldunuz.
Həqiqətdə isə bunca romantik və duyğusal əhvalatın təfsiri, gerçəkliyin retuşlanması və əvvəlcədən hesablanan formada təqdim olunmasından savayı bir şey deyil.
Əvvəla, Babın şagirdi ilə bağlı həbsxana səhnəsi, illah ki, onun “mən bu sözləri deyib qurtarmayınca dünyanın heç bir qüvvəsi mənə mane ola bilməz” sözləri eynilə bir çox dinlərdə peyğəmbərlərlə bağlı olan rəvayətləri xatırladır.
Daha dəqiq olsam, Babın həbsxanada dediyi sözlər və onun edam meydanından qeyb olması mənə Həzrəti İsa peyğəmbərin Yehuda İskariotla bağlı Ponti Pilata söylədiyi kəlmələri və Via Dolorosadan sonra göyə çəkilməsini xatırladır.
Gələk Babın “erməni”, sonra da “aysor” alayları tərəfindən gülləbaran edilməsinə. Əvvəla, Pəhləvi ordularında heç zaman əlahiddə olaraq milli mənsubiyyətə görə silahlı birləşmələr yaradılmayıb.
Hərgah Bab rəvayətini qeyri-millətə mənsub əsgərlə rövnəqləndirmək bu qədər vacib idisə, ona nədən Roma Papasını qoruyan isveçrəli qvardiyaçılar və ya hinduistlərin müqəddəs şəhəri olan Benaresdə brəhmənləri mühafizə edən “Şiva-Diva” askurit əsgərlərlə bağlı rəvayətlər yada düşmür? Burada təəcüblü bir məqam yox. Babı ermənilərin və ya aysorların qətlə yetirdiyi faktı bəhailərə çox gərəkdir. Çünki erməni və aysorlar xaçpərəstdirlər. Yəni , nəzərə çatdırılır ki, bəs müsəlman olan kəs Baba əl qaldıra bilməzdi...
O ki qaldı “Tehranda Bab divani”na, bu, babilərin silahlı üsyanı olub. Hakimiyyətə gəlməyi qarşılarına məqsəd qoyan babilər, vəzir oğlunun vasitəsilə saray çevrilişinə nail olmadılar və bununla da farslara “onlar Günəş timsallı şahımıza əl qaldırdılar” deyib baba inananları təqib edibən qətlə yetirməyə birbaşa rəvac verdilər.
Babla bağlı rəvayətlərin təhlilini qədərindən artıq uzatmaq fikrindən vaz keçirəm. Eyni zamanda Bəhaullahın da həyatı, həmçinin də “Məsih”liyi barədə hansısa məqamlara vurğulamaq istəmirəm.
Mövzu Bəhailik Olduğundan Qayıdaq bu “Dinə”
Bəşər övladının tapındığı dinlərdə özünə yer almış ən mütərəqqi ideyaların özünəməxsus və bir qədər kvinteseniyası olan bəhailik, habbardın sayentologiyası təki simptomatik təzahürlərdən xilas ola bilməyən polisentrik və hər insanın mütləq tapınacağı real, məntiqi kəlamların toplusudur.
Və bu baxımdan bəhailərlə Mun ardıcılları və ya krişnaçılar arasında heç bir fərq yoxdur.
İslamın təməllərinə söykənən, fəqət, müsəlmanlar üçün vacib olan əksər istilahları birmənalı surətdə rədd edən Bəhaullah, daha çox demaqogik plagiatı andıran “vəhy”ləri və “açıqlamalar”ı vasitəsilə sosial rifahı diləyən, cəmiyyətlərdəki ictimai bərabərsizliyin kökünü bulmaq istəyən şəxslərə aradıqlarını verib, “buyurun, alın, bu da sizə yeni “din” deyib.
Bəhailiyə baş vuran kəslərin hər biri, ilk baxışdan olduqca gözəl, məntiqi və yalnız insanı sevgiyə çağıran prinsip daşıyıcılarını görür. Amma bu “din”in teoloji əsaslarını aqnostisizmdən uzaq durmağa çalışıb tədqiq edən hər kəs, müəyyən nəzəri-ideoloji və praktik məqamlardan bəhailiyi İeqova şahidliyi, adventistlik və ya mormonçuluğa bənzədə bilər.
Söz yox, mən bəhailiyin monofizitliyindən bəhs etmirəm. Fəqət, İslam, xristianlıq, hinduizm, daosizm, iudaizm və hətta sintoizmdən seçmələrin simbiozunu “din” kimi təqdim edənlərlə də razı deyiləm. Hərgah belədirsə, onda gəlin minillər əvvəl Hindistanda, Qanq çayının sahillərində meydana gəlib bütün çağdaş dinlərdən qat-qat qədim olan “Tripatanka”nı da din elan edək. Və ya Tibet daosları kimi “Şambala” axtarışların bitdiyini elan edib özümüz haqqında “bəli, indi də mən Məsihəm” deyək.
Nə olsun ki, “məsih” olduğumuza özümüzdən savayı bir kimsə inanmayacaq? Hər halda “öz yurdunda peyğəmbər olmur” ifadəsini İoann Zlatousta məxsus olduğunu unudub bu kəlamı da plagiatlıqla öz adımıza yazaq.
Həsən Ağacan