top of page

Çağ Qəzeti

Azərbaycanda Bəhai Təbliğatı Genişlənir

Çağ Qəzeti, 22 May 1997-ci il, № 06 (58)  Səh. 3

Son zamanlar Azərbaycanda öz təbliğatını genişləndirən bir dini təşkilat da var-Bəhailər.

 

Krişnaçılar və xristianlar kimi fəal olmasalar da dediklərinə görə yüzlərlə müsəlman həmvətənlərimizi əqidəsindən döndəriblər. Bəhailərin dediklərindən: Dinimiz artıq yüz ildən çoxdur ki, Azərbaycanda yayılmaqdadır. Yerli ilk Ruhani Məhfil Şurası 1920-ci illərdə yaradılıb. Repressiyanın kəskinləşdiyi bir vaxtda çoxları kimi 9 nəfər bəhai həbs olunub güllələnmiş, yenidən seçilmiş 9 məhfinin taleyi hələ də məlum deyil.

  

Dövlətin qanunlarına əməl etmək Bəhai dininin əsas prinsipi olduğu üçün Stalin rejimi olan bir dövlətdə onlar fəaliyyət göstərə bilməzdi. Buna baxmayaraq 1956-cı ildə yenidən fəaliyyətə başlayıb, 1984-cü ildə dövlət tərəfindən yenidən qadağan edilib, həbslər başlanıb...

  

1989-cu ildən xalq azadlıq hərəkatının başlandığı vaxtlarda bəhailər yenidən icmalarını təşkil etmişlər. Bəhai Məhfi Şurası 1990-cı ilin əvvələrində Ədliyyə Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçirilib.

  

Bəhai dinində hər ay 19 gündən bir dəyişildiyi üçün bəhailər ayda bir dəfə toplanıb Azərbaycanın 13 şəhərində Məhfi Şuraların vəziyyəti haqqında müzakirələr aparırlar, başqa ölkələrdən gələn bəhailərin qəbul edilməsi ilə məşğul olurlar.

  

Dünyanın bütün qitələrində olan 8 milyon , həmçinin də 800 nəfəri Azərbaycanda olan bəhailər bir-biriləri ilə əlaqə saxlayıb, fəaliyyətləri ilə maraqlanırlar.

  

Bəhailər öz aralarında toplanmış pul vəsaitlərinə icmanın tələbatını ödəməyə çalışırlar. Bununla bərabər başqa ölkələrdən gələn bəhailər imkanları daxilində köməklik göstərirlər.

  

Bütün dinlərə görə hər bir peyğəmbər dünyaya xəbər verildiyi vaxt gəlir. Bəhai dininə görə Həzrəti Bəhaullah müqəddəs kitablarda xəbər verildiyi vaxt gələn növbəti peyğəmbər sayılır. “Məhəmməd peyğəmbər Quranda sonuncu peyğəmbər olduğunu dönə-dönə təkrar etdiyi halda yeni peyğəmbərin gəlməsi nə ilə bağlıdır?” sualıma bəhai Səlahəddin Əyyubov belə cavab verdi: “Bu sözü Musa, İsa peyğəmbərlərimiz də deyiblər. Amma bildiyimiz kimi Məhəmməd peyğəmbər növbəti peyğəmbər kimi İslam dinini yaradıb. Allah dünyaya 124 min peyğəmbər göndərdiyi halda nədən bir peyğəmbər də göndərməsin. Dövran dəyişdikcə yeni peyğəmbərlərin dünyaya gəlməsi təbii prosesdir. Biz də Bəhai dininin sonuncu din olduğunu deyə bilmərik. Bir neçə ildən sonra yeni dinin yaranacağını da inkar etmirik. Belə olan halda İslam dini də bu müddət ərzində öz formasını dəyişəcək”.

  

Ümumdünya Bəhai cəmiyyətinə müxtəlif millətlərdən insanlar daxildir. Bəhailər millətlərarası ziddiyətlərin tezliklə aradan qaldırılmasına və insanların qardaşlıq içində yaşayacaqlarına inanırlar. Həzrəti Bəhaullah bəhailərin müqəddəs saydığı “Əqdəs” kitabında bildirir ki, XX əsrin sonunda insanlar arasında kiçik sülh olacaq, bütün dünya xalqları qardaşlıq içində yaşayacaq.

Çağ Qəzeti

                                                                                        

bottom of page