top of page

Əzizə Cəfərzadə

Alın, Oxuyun, Zənginləşin

Əzizə Cəfərzadə - Zərrintac Tahirə Yeni Kitab

Tək Səbir Qəzeti, 16 Noyabr 1996–cı il,  № 20 (104)

                                                                                

Tanınmış nasirimiz, adı çəkiləndə gözlərdə məhəbbət şölənənən Əzizə Cəfərzadə bu il özünün 75 yaşını iki kitabla qeyd edib. Hörmətli oxuculara birinci, “Şur” nəşriyyatı tərəfindən çap edilmiş “Gülüstan”dan öncə” kitabı barədə məlumat vermişdik: Azərbaycanın şərq zonasının xüsusilə, Şirvan bölgəsinin rus orduları tərəfindən ermənilərin bələdçiliyi və erməni Madatyanın başçılığı ilə işğalından danışırdı. Tamamilə yeni materiallar, arxiv sənədləri və folklor nümunələri, bir zamanlar qadağan olunmuş şeirlər göstərirdi ki, Şirvan həm də rus çarlığına könüllü can veriməmişdır, onun olduqca mərifətli, ədalətli xanı Mustafa xan heç də qorxaq və satqın deyildi.

 

Hazırda hörmətli oxuculara təqdim olunan yeni kitabında Əzizə Cəfərzadə XIX yüzilliyin birinci yarısında və ortalarında İranda baş verən üsyanlardan bəhs edir. Roman “Zərrintac-Tahirə” adlanır. Əsasən “lütlər” qiyamı, böyük zalımlıqla məğlub edilən, qanlar dənizində boğulan  Zəncan üsyanı və onun başçılarından danışılır. Əsərin əsas qəhrəmanlarından biri, bəlkə də birincisi azəri-türk soylu, Qəzvində yaşayan qatı ruhani ailəsində, zahiri kimi daxili  aləmi də gözəl, zəngin, cəsur bir siyasət adamı, olduqca güclü təbə malik şairə Tahirə  Qürrətüleyindir.

  

Tahirə xanım ideyası evindən, ərindən, ata-anasından, üç balasından ayrılıb üsyançılara qoşulmuşdu. Həqiqət axtarır, hakimlərdən, şahlardan ədalət, rəiyyətlə insan rəftarı tələb edən əfsanəvi qəhrəmandır. Onu tarixçilər Fransa xilaskarı Janna Darkla müqayisə edir. Onu İranın milli qəhrəmanı, qadın azadlığı, onun çadradan azad olunması uğrunda mübariz adlandırırdılar. XIX yüzillikdə böyük ədibimiz M.F.Axundov, Mirzə Kazımbəy, rus C.İvanov, ingilis Edvard Braun və başqaları Tahirə Qürrətüleyni yüksək qiymətləndirir, onun igidliyini, istedadını tərifləyir, ən görkəmli tarixi şəxsiyyətlərlə yanaşı tuturdular. M.F.Axundov onu “zəmanəsinin əcibəsi” adlandırır, tarixdə məşhur Əla Zikrvhüssalamla qiyas edirdi. Babilər onun ilahilərini münacat kimi oxuyurdular.

  

Əzizə Cəfərzadə- məşhur tarixi romanlar müəllifi öz ənənəsinə sadiq qalmış, bu romanda da dövrün mühüm siyasi, ədəbi, dini hadisələrinə toxunmuş, milli adət və ənənələri, obrazların dil xüsusiyyətlərini ayrıca bir həvəslə oxucuya çatdırmışdır. Romanda öyrənilməli çox şey var. Hörmətli oxuculara romanı əldə edib oxumağı məsləhət görürük. Kitabdakı şeirlər Əzizə xanımın folklordan, ağızlardan əldə etdiyi şəkildədir. Redaktorları Tərlan Əhmədov, Səadət İsmixanova və Heydər Məhəmməd -Əvvəlidir. Rəssam Kəmalə Ələkbərova kitaba gözəl rəsmlər çəkmişdir. “Göytürk” nəşriyyatı kitabı olduqca nəfis şəkildə, həm də dövrümüzdə rekord tirajla–on min nüxsə çap etmişdir. Adının açıqlanmasını istəməyən sponsor, bu kitabı türk dili və latın əlifbası anlaşılan ölkələrə yaymaq fikrindədir.

Əzizə Cəfərzadə

                                                                                        

bottom of page