Asif Nəbili
Səhhət və Şəfa
Təbib qəzeti, 23 Aprel 1993-cü il, № 9
Təsisçi: N. Nərimanov adına Azərbaycan Tibb Universiteti
Düzəliş: Ötən yazımızda kitabın adı “Bəhaullah və Yeni Era” əvəzinə səhvən “Bəhaizm və yeni era” kimi getmişdir...
Bəhaizm dininin fiziki sağlamlıq və cismani paklıq haqqında elmi təbabətlə səsləşən, lakin elmi təbabətdən fərqli olaraq onları ilahi-dini yöndən açıqlayan buyuruq və ehkamları ilə tanışlığı, vəd etdiyimiz kimi, davam etdiririk. Lakin bu buyuruqlarda rəsmi gigiyenanın tələblərində olduğu kimi, insanlar təkcə öz bədənlərinin sağlamlığının qeydinə qalmağa dəvət olunmur, həm də cismani paklığının harmonik vəhdətinə həvəsləndirilir.
Ümumi şəkildə yanaşdıqda, tarixən müxtəlif dövrlərdə peyğəmbərlər vasitəsiylə insanlığa nazil olmuş müqəddəs yazıların, demək olar ki, hamısında cismani və ruhi təmizlik və onların üzvi vəhdəti haqqında xüsusi olaraq bəhs olunur, əksər dini ayin və mərasimlərdə, ələlxüsus Tanrı ibadətlərində bu barədə buyruq və hökmlər daha çox yer tutur.
“Dini təlimlər və təbabət” rubrikasının növbəti yazısında C.E.Esslemontun “Bəhaulla və Yeni Era” kitabının “Səhhət və Şəfa” fəslindən oxucularımıza yeni parçalar təqdim edirik. -Asif
İkinci Yazı (əvvəli qəzetimizin 8-ci nömrəsində)
Peyğəmbərlərin Buyuruqlarına Əməl Etməyin Nəticələri
Tələblərinə əməl etdikdə sağlamlığa müsbət təsir göstərən-sadə həyat tərzi keçirmək, gigiyena qaydalarını gözləmək, spirtli içkilərdən və tiryəkdən imtina etmək və s. bu kimi buyuruqların faydalılığı bütövlükdə göz qabağındadır və onları izah etmək lazım gəlir. Bununla belə, həmin buyruqlar həyati zərurət kimi daha da yüksək dəyərə malikdir.
Əgər onlara hər yerdə əməl olunsaydı bir çox yoluxucu, habelə digər əksər xəstəliklərdən insanlar tezliklə və biryolluq xilas olardılar. Axı, ən sadə gigiyena qaydalarına məhəl qoymamaq və alkaqol və tiryəkə olan meyldən yaranan xəstəliklərin sayı olduqca çoxdur. Bunlardan əlavə həmin hökmlərə əməl etmək təkcə insanın sağlamlığına yox, həm də onun davranış və xarakterinə öz müsbət və böyük təsirini göstərmiş olardı.
Alkaqol və tiryək insanın hərəkətlərindən və cismində gözlənilən xəstəliklərdən xeyli əvvəl, onun ruhuna təsir göstərir. Odur ki, nəfsini qoruya bilmək insana fiziki faydadan çox, mənəvi və ruhi fayda bəxş edir.
Əbdül-Bəha təmizlik və səliqəliliklə bağlı buyurur:” Hərçənd zahiri təmizlik və səliqəlilik fiziki iş hesab olunur, ancaq o, insan ruhuna böyük təsir göstərir. Təmiz və pak vücuda malik olma faktının insanın ruhuna güclü təsiri vardır...” -Abdül-Bəha öyüdləri, 3-cü cild, səh: 581
Əgər kişi və qadın münasibətlərində Peyğəmbərin ismət və bəkarət qanunlarına nisbətən əməl edilsəydi, xəstəliyin daha bir səbəbindən xilas olmaq olardı. O zaman minlərlə günahkar və günahsız insanların, uşaqların və valideyinlərin sağlamlığını məhv edən iyrənc zöhrəvi xəstəliklər keçmişin yaddaşında qalardı.
Əgər Peyğəmbərin haqq-ədalət, qarşılıqlı yardım və doğmalarına, eləcə də özünə sevgi haqqında buyuruqlarına nisbətən əməl edilsəydi, o zaman bir tərəfdən üzücü əmək, hədsiz yoxsulluq və yaşayışın ağırlıqlarından: digər tərəfdən bir yerə cəmləşdikdə insanın fiziki, psixi və ruhi həyatını didib parçalayan pozğunluq, ətalət və hədsiz dəbdəbədən qaçmaq olardı.
Musa, Budda, İsa, Məhəmməd peyğəmbər, yaxud Baha-Ullanın mənəviyyat və gigiyena məsələlərinə aid ehkamlarına sadəcə əməl edilsəydi, öncədən xəstəliklərdən qorunma işində onlar həkimlərin bütün göstərişlərindən və gigiyenanın ictimai mühafizəsi tərəfindən müəyyənləşdirilmiş qaydalarından çox fayda vermiş olardı.
Həqiqətən də cəsarətlə təsdiq etmək olar ki, həmin buyruqlara hamılıqla əməl edilsəydi, sağlamlıq da ümumi sərvətimizə çevrilərdi. İndi daha tez-tez baş verdiyi kimi, körpəlikdə, gənclikdə yaxud yetkin yaşlarında xəstəliklərə yoluxmuş, yaxud qırılmış həyat əvəzinə, insanlar ağacdan düşməzdən əvvəl yetişən, daha lətafətli olan sağlam meyvə kimi qocalığın son həddinə kimi yaşayardılar.
Peyğəmbər - Loğman
Ancaq biz ən əski çağlardan peyğəmbər buyuruqlarına bir qayda olaraq əməl edilən yox, qeyri-ardıcıl, müstəsnalıqla riayət olunan bir dünyada yaşayırıq: burada insanın özünə olan sevgisi Allaha olan sevgisindən daha güclü hökmə malikdir, burada məhdud və şəxsi niyyətlər ümuminsanlığın mənafeyindən yüksək tutulur, burada maddi nemətlər və hissi ləzzətlər insanlığın sosial və ruhi səadətindən daha çox sevilir.
Cəmiyyətdə ruhi və fiziki naqisliklər doğuran şəraiti yaradan amansız rəqabət və ziddiyyətlər, zülm və tiranlıq, ifrat zənginlik və hədsiz yoxsulluq buradan meydana gəlmişdir. Və onun sonluğu kimi insanlığın ağacı xəstədir və bu ağacda hər bir yarpaq ümumi xəstəlikdə iştirak edir.
Hətta ən pak və müqəddəs insanlar başqalarının günahı ucbatından əzab çəkirlər. Bütövlükdə cəmi insanlıq kimi, ayrı-ayrılıqda hər bir millət və fərdin də müalicəsi zəruridir. Buna görə də, öz müqəddəs sələfləri kimi, Bəha-Ulla da ancaq səhhəti qorumağın yollarını yox, həmçinin sağlamlıq itirildikdə onu bərpa etməyin üsulları haqqında da göstərişlər verir. O, ruhumuzu və cismimizi sarmış dünyəvi xəstəliklərin Böyük Loğmanı, Şəfavericisi kimi zühur edir.
-Asif Nəbili
(ardı var)
Təsisçi: N.Nərimanov adına Azərbaycan Tibb Universiteti