İlhamə Qasımlı
Əli Naxçıvani Bakıda Olub
525-ci Qəzet, 17 Noyabr 2006-cı il, Cümə
“Ruhaniyyət Kiçik Sülhün İçərisinə Daxil Olacaq
və Ondan Böyük Sülh Doğacaq!”
Noyabrın 15-də “Gələcək dünya sivilizasiyası: Kiçik və Böyük sülh” mövzusunda görüş keçirilib. Azərbaycan Bəhailəri Dini Mərkəzinin təşəbbüsüylə “Excelsior” mehmanxanasında keçirilən görüşdə 40 il müddətində Beynəlxalq Bəhai İcmasının Ali İdarəedici Orqanı olan Ümumdünya Ədalət Evinin fasiləsiz üzvü olmuş, dünya miqyaslı ictimai xadim və əslən azərbaycanlı Əli Naxçıvani məruzə ilə çıxış edib. Bəhai Dininin fəlsəfi görüşlərini açıqlayan natiq bildirib ki, bəhailər praktik olmaqla yanaşı, həm də utopikdirlər. “Onlar müxtəlif baxışlarla, xəyallarla yaşayırlar. Çünki bəşəriyyətin uzaq gələcəyi barədə optimistdirlər. Ruhaniyyətsizlik, mənəviyyatsızlıq neqativ prosesin elementləridir. Bəhai dininin yaradıcısı Həzrət Bəhaullah mənəviyyatsızlığın kökünü iki səbəbdə görür: birincisi, bəşəriyyət dindən, Allahdan üz döndərib – bəşəriyyətin bir hissəsi Allahdan uzaqlaşıb, digər hissəsi isə dini radikalizlə, fanatizmlə eyniləşdirirlər. Hətta terrorizimlə eyniləşdirirlər. Düşünürlər ki, bu, dinin tərkib hissəsidir. Həzrət Bəhaullahın gələcək haqqında baxışına görə, bu proses bir müddət davam edəcək, bu proses dünyada hərc-mərclik, çaşqınlıq yaradacaq. Bu hərc-mərclik o qədər dərinə gedəcək ki, bəşəriyyət buna tab gətirə bilməyəcək. Yalnız onda bəşəriyyət bu problemləri ruhaniyyət yolu ilə həll etməyə üzünü döndərəcək. Biz isə hələ bu nöqtəyə çatmamışıq.
Həzrət Bəhaullahın yazılarında pozitiv proses birlik, ahəngdarlıq, inteqrasiya kimi təsvir olunur. Yəni bu elementləri özündə cəmləşdirir. Bu prosesdəki böyümə təkcə maddi tərəfdən yox, həm də humanitar və elmi sahədə özünü göstərir. Biz görürük ki, bəşəriyyət hər zaman qarşısında duran bu cür problemləri müharibələrlə həll edir. Bəşəriyyət tarixində hər zaman güclü ölkə zəifləri dağıdır, problemləri müharibə yolu ilə həll etmək istəyir. Birinci Dünya müharibəsinin sonunda Millətlər Liqası doğuldu. Bəşəriyyət tarixində ilk dəfə gördük ki, Millətlər bir masanın arxasında toplaşıb problemlərin həlli ilə məşöul olur. Lakin siyasi təzyiqlər səbəbindən Millətlər Liqası dağıldı. Daha sonra isə II Dünya müharibəsi baş verdi. II Dünya Müharibəsindən sonra isə yranmış Birləşmiş Millətlər Təşkilatı Millətlər Liqasının qarşılaşmadığı problemlərlə üzləşməsə də, indiyə kimi yaşamaqdadır. Indiyə kimi heç vaxt insan haqları barədə danışmamışdıq. Bəhailər inanırlar ki, bəşəriyyət bu problemləri aşacaq. Çünki Bəhaullaha görə bəşəriyyət özünün yetkinlik yaşına yaxınlaşır. Bizim hamımız kamil deyilik. Bəşəriyyət yetkinliyə çatacaq. Bu yetkinliyin əlaməti onun birliyi olacaq. Bəhai təliminə görə birlik bir prosesdir. Zaman daxilində böyüyür. Bir mərhələdən başqa bir mərhələyə keçir və yenə də hər zaman konflitlər müharibələr var.
Həzrət Bəhaullah buyurur: Millətlər də savaşacaq, sonra bu savaşdan yeni vahid doğulacaq ki, bu da bütün planetin birliyidir. Həzrət Bəhaullah planetin birliyini Kiçik sülh adlandırır. Bu, BMT demək deyil. Çünki onun çoxlu problemləri var. Kiçik sülh mükəmməlləşdirilmiş, problemləri həll etmiş BMT-dir. Amma Kiçik Sülh hələ baş verməyib. Bizim yaşadığımız şəraitlə kiçik sülh arasında iki yol var: bəşəriyyət bu yollardan biri ilə gedə bilər. Ya məşvərət, ya da əvvəlki kimi, konfliktlər yolu ilə, Kiçik sülhdən əvvəl bu mərhələdə dünyanın dövlət liderlərinin başında müdriklik yaranmalıdır. Ruhaniyyət – universal olaraq Allaha inanmaq, ruhun ölümsüzlüyünə inanmaqdır. Bu o deməkdir ki, Allahın qarşısında hesabat verəcəyik. Bizim bütün əməllərimizin hesabatı var. Bu ruhaniyyət insan kütlələrindən doğub çıxacaq. Bəşəriyyət kütlələrindən qalxacaq ruhaniyyət Kiçik Sülhün içərisinə daxil olacaq və ondan Böyük Sülh doğacaq. Bütün bəhailər hökümətə itaətgöstərməli və hər hansı formada siyasətə qarışmamalı və beynəlxalq sülh üçün çalışmaqdır. Bəhailər əllərindən gələni edəcək ki, bəşəriyyət indiki mərhələdən kiçik sülhə doöru gedə bilsin. Nə fərdi, nə də təsisatlarla siyasətə qarışmadan bunu edəcəklər”.
Əli Naxçıvani 1919-cu ildə Bakıda anadan olub. Atası Əli Əkbər Naxçıvani Ordubadda doğulub. Dövrünün ziyalıları ilə yaxından dostluq edən Əli Əkbər Naxçıvani şerlər yazıb, aktyor və tərcüməçi kimi fəaliyyət göstərib. Lev Tolstoyla sıx əlaqədə olan Ata Naxçıvani uzun müddət onunla din və fəlsəfə haqqında məktublaşıb, hətta dəfnində iştirak edən Azərbaycan nümayəndə başçılıq edib.
Oğul Naxçıvani də atası kimi bəhai dininin dünyada təbliğində mühüm fəaliyyət göstərib. O, dünyanın bir çox ölkəsinə səfərlər edərək bəhailiyin fəlsəfəsi barədə çıxışlar edib.
Azərbaycanda Bəhai dini XIX əsrin üçüncü onilliyindən sonra yaranıb. 1844-cü ildə İranda Seyid Əli Məhəmməd babilik dinini elan edəndən sonra bu din Azərbaycanda da yayılmağa başlayıb və dərhal Naxçıvanda, Ordubadda, Gəncədə, Salyanda, Göyçayda, Neftçalada, Bakıda, Balaxanıda, Şəkidə bəhai icmaları təşəkkül tapıb. Bakıda, Gəncədə, Salyanda, Naxçıvanda və Balaxanıda olub.
Azərbaycanda bu hərəkata şairə Tahirə Qürrətüleyn başçılıq edib. Bəhai hərəkatı yatırılarkən o, xüsusi qəddarlıqla qətlə yetirilib.
Azərbaycanda bəhai icmasının tarixində ən nüfuzlu nümayəndə neft milyonçusu Ağamusa Nağıyev olub. Azərbaycan Bəhailəri Dini mərkəzinin katibi Ramazan Əskərovun sözlərinə görə, XX əsr Azərbaycan ziyalılarından Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyovun Bakı bəhailəri ilə əlaqələri olub. Hətta o, bəzi mənbələrə istinadən Hüseyin Cavidin də bəhailiyi qəbul etdiyini iddia edir. Lakin Azərbaycan ədəbiyyatı tarixinin araşdırıcısı, akademik İsa Həbibbəyli bu iddianı əsassız sayır. Onun sözlərinə görə, Cavid nəinki bəhailiyi qəbul etməyib, hətta müsəlman – şiə olaraq bəhailiyin yayılmasına qarşı çıxıb.
R. Əskərovun sözlərinə görə, hazırda Azərbaycanda bəhai dini icmasının 1000-ə yaxın üzvü var. Bunlar əsasən, Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Salyanda, Bərdədə, Ağcəbədidə, Qubada cəmləşiblər. İcmanın üzvlərinin əsas hissəsini ziyalı təbəqə - alimlər, musiqiçilər, aktyorlar, rəssamlar təşkil edir.
İlhamə Qasımlı