top of page

Azər Cəfərov

Bəhai Dini: İslam Təriqəti, Yoxsa Müstəqil Din

Azərbaycan Yolları Qəzeti, 03 Avqust 2010-cu il, Səh. 4

Beynəlxalq dini təşkilat, XIX əsrin ikinci yarısında İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, bu gün dünyanın 234 ölkəsində yaşaya 2100-ə qədər millət, xalq və etnik qrupa mənsub 7 milyondan çox insanı birləşdirir. Dünya bəhailəri vahid dini təşkilatda-Bəhailərin Beynəlxalq Birliyində birləşmişlər. Bu Birlik planetimizdə sülhü, qlobal ekologiyanı  və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİDEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərərgahlarında, o cümlədən Nayrobirdəki Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir.

  

Tarixə nəzər. Bəhai dininin yarandığı şəraiti qiymətləndirərkən nəzərə almaq lazımdır ki, XIX əsrin başlanğıcında bütün Orta Şərq siyasi, iqtisadi və ictimai tənəzzülə qərq olmuşdu. Bu zamanlarda İranın şiə əhli dünyada fövqəladə bir hadisənin baş verəcəyini gözləyirdi. Çünki hicri-qəməri təqvimi ilə On ikinci imamın müəmmalı şəkildə qeybə çəkilməsinin min ilinin tamamı yaxınlaşırdı. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd Bab (ərəbcə “qapı” deməkdir) Özünü imam Mehdi elan edir. Bidirir ki, Onun əsas məqsədi innsanları Müqəddəs Kitabların vəd etdiyi tezliklə baş verəcək İlahı Zühuru qəbul etməyə hazırlamaqdır.

 

Bununla belə, Həzrət Babın ruhani dirçəlişə, xurafatlardan uzaqlaşmaq, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. Babilər hərəkatı səkkiz il sonra çətinliklə yatırılır. Bab edam edilir. On minlərlə ardicili qətlə yetirilir. Hərəkatın fəal üzvü Mirzə Hüseyn Əli-Həzrət Bəhaullah həbsxanaya salınır. Sonra həbsxana İraqa sürgünlə əvəz olunur. 1863-cü ilin baharında Həzrət Bəhaullah İraqın Bağdad şəhərində Özünü Babın vəd etdiyi İlahi Zühur elan edir. Bəşəriyyətə Allahdan Yeni İlahi təlimin nazil olduğunu bildirir. Həzrət Bəhaullah İstanbula, ordan Ədirnəyə və indiki aisrail əraxisində yerləşmiş Əkkaya sürgün olunur.

 

Ədirnədə və sonralar Əkkada O Avropa hökmdarlarına məktub yazaraq, onları Yeni Dini tanımağa çağırmışdır. Həzrət Bəhaullah 40 il məhbəs və sürgün həyatı yaşadıqdan sonra 29 mart 1892-ci ildə dünyasını dəyişir. Həzrət Bəhaullahın Vəsiyyətinə uyğun olaraq Həzrət Əbdül-Bəha Bəhai dininin başçısı və Müqəddəs Yazıların yeganə Səlahiyyətli Şəhrçisi təyin edilir. Sonralar həzrət Əbdül-Bəhanın Vəsiyyətinə uyğun olaraq Dinin rəhbərliyi nəvəsi Həzrət Şövqu Əfəndiyə (1897-1957), 1963-cü ildən isə Həzrət Bəhaullahın Yazılarına uyğun olaraq Bəhai dininin inzibati quruluşunda Ali İnzibati və Ruhani orqan “Uca Ədalət Evinə” verilmişdir.

  

Bu Ali orqanın iqamətgahı və mərkəzi təsisatları İsrailin Hayfa şəhərində, Kərmil dağında yerləşmişdir. Uca Ədalət evinin 9 nəfərdən ibarət tərkibi hər beş ildən bir keçirilən Bəhailərin Beynəlxalq Qurultayında Milli Məhfillərin (Şuraların) üzvləri tərəfindən seçilir. Uca Ədalət Evi Milli Məhfillər ( 2003-cü ildə dünyada 183 Milli Məhfil olmuşdur) vasitəsilə Bəhai icmalarına rəhbərlik edir, bütün planet üzrə bəhai prinsiplərinin və qanunlarının həyata keçirilməsinə dair tövsiyyələr verir.

  

Bəhai dinində peşəkar ruhanilik qadağandır. Ruhani təbəqənin (molla, axund, mücdəhid və s.) olmaması, yerli, milli və beynəlxalq səviyyələrdə inzibati qurumların ən mükəmməl demokratik qaydalarla seçilməsi və hər bir bəhainin bu qurumlarda iştirakı üçün imkanların açıq olması Bəhai dinində təriqətçilik və parçalanma imkanlarını heçə endirmişdir. Din tarixində analoqu olmayan belə beynəlxalq dini ruhani-inzibati sistemin yaradılması Həzrət Bəhaullahın tarixdə ilk dəfə olaraq dini-ruhani təlim ilə yeni tipli inzibati idarəetmə və demokratik seçki sistemini birləşdirməsi hesabında mümkün olmuşdur. Bəhai ruhani- inzibati sisteminin möhkəmliyinə təsir göstərən ən əhəmiyyətli amil isə hər bir möminin bu qurumların nüfuzuna ehtiramla yanaşması və qərarlarına danışıqsız tabe olmasıdır.

  

Bəhailərin Ali inzibati və ruhani orqanı-Uca Ədalət Evi 1963-cü ildə qurulduqdan sonra Bəhai dini Asiya, Afrika, Cənubi Amerika və Okeaniya adaları ölkələrindəsürətlə yayılır. “Britanika” ensiklopediyasının məlumatına görə, Bəhai dini 60-80-ci illərdə dünyada ən sürətlə yayılan din olmuşdur. Bu dinin ardıcıllarının sayı qısa vaxt ərzində 400 min nəfərdən (1963) 7 milyona (2003) çatmışdır. Burada Bəhai dinində təşkilatlanmanın verdiyi səmərə ilə yanaşı, bu təlimin irəli sürdüyü prinsiplərin insanlar tərəfindən həvəslə dəstəklənməsi də mühüm rol oynamışdır.

 

Bu prinsiplər aşağıdakılardan ibarətdir: müxtəlif irqlərin və millətlərin eyni vahid kökdən qaynaqlanması- bəşəriyyətin birliyi ideyası; bütün insanların hüquq, imtiyaz və vəzifələrin bərabərliyini təmin edəcək sosial ədalətin bərqərar edilməsi; qadın və kişi arasında tam bərabərliyin  təmin edilməsi; insana və bütün bəşəriyyətə qarşı şəfqət və ümumi məsuliyyət hissini yaradan ümumi icbari təhsilin tətbiq edilməsi; elm və texnologiyaların ruhani və mənəvi dəyərlərə uyğunluğunun təmin edilməsi; bütün xalqların və millətlərin təmsil olunduğu və dünya birliyini tərəqqi yolu ilə aparmaq qabiliyyəti olan dünya federativ sisteminin yaradılması; ədalətli bazar münasibətləri çərçivəsində fəaliyyət göstərən, lakin ifrat  yoxsulluq və ifrat varlılığın yaranmasına imkan verməyən və bütün insanların rifahına istiqamətləndirilmiş sabit dünya iqtisadiyyatının təşəkkül tapması və s.

 

(davamı gələn sayımızda)

Azər Cəfərov

Azərbaycan Milli Elmlər Akademiyasının Aparıcı Elmi İşçisi

bottom of page