top of page

Təranə Nəbilqizi

Bəhai Dini və Dünya Birliyi

Zirvə Yolu  Qəzeti, 23 Avqust 2002-ci il, № 10 (900)

(Ardı Gələn Sayımızda)

Bəşəriyyətdə baş verən böhranın bünövrəsi əsasən mənəvi mahiyyətlə əlaqədardır. Ona görə də bu böhranın aradan götürülməsi üçün mənəvi vasitələrdən istifadə olunmalıdır. İnsanları dəyişdirməyə və mənəvi tərbiyələndirməyə, onların iradəsinə və idrakına təsir etməyə, onların əxlaqına və əməllərinə istiqamət verməyə qadir olan yaradıcı qüvvə lazımdır. İrqindən, millətindən asılı olmayaraq bütün dünya xalqlarının ən çətin anlarda üz tutub tapındığı, bütün qəlblərdə özünə yer tapan bir İlahi İnam var ki, o da dindir.

  

Bu mövzu ilə bağlı oxucularımıza daha geniş məlumat vermək üçün Bəhai icmasının İctimai Əlaqələr Komitəsinin katibi Azər Cəfərova müraciət etdik.

  

Bəhailik XIX əsrin ortalarında İranda  yaranıb. Azərbaycana, Türkiyəyə, Rusiyaya, oradan Avropa, Amerika, Afrika və Avstraliyaya yayılmışdır. Hazırda dünyanın 254 ölkəsində bu dinin ardıcılları vardır. Cavan olmasına (158 il) baxmayaraq, Britanika  ensiklopediyasının məlumatına görə o dünyada yayılma surətinə görə dinlər arasında birincı yerdə durur. Mərkəzi Afrika, Cənubi Amerika, Hindistan və Okeaniya adalarında insanların bu dinə daha çox maraq göstərməsi və qəbul edilməsi müşahidə edilir. Bununla belə ardıcılların sayı 6 milyondan çox deyildir. İslam, xristianlıq, hətta yəhudi dini öz aralarında rəqabət aparan yüzlərlə məzhəb, təriqət və cərəyana parçalandığı halda Bəhai Dini ruhani baxımından vahid, inzibati – təşkilati baxımından isə çox ciddi mərkəzləşdirilmiş, bölünməz Beynəlxalq Dini Təşkilat kimi çıxış edir. Bəhai Dinində ruhani təbəqə (molla, keşiş və s.) yoxdur.Onun inzibati qurumları, o cümlədən Ali Qanunverici və İdarəedici orqanı olan “Allahın Uca Ədalət Evi” yerli, milli və beynəlxalq səviyyədə keçirilən demokratik seçkilər vasitəsilə formalaşdırılır. Bəhailərin fikrincə, Dinin gücü ardıcılların sayı ilə deyil, ardıcılların birliyi ilə ölçülür. Bəhai dini Beynəlxalq hökumət təşkilatı kimi BMT–nin bir sıra qurumlarında (EKOSOS, YUNİSEF, YUNEP və s.) fəal iştirakı ilə, planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqqlarını qorumaq sahəsində öz töhfəsini verir. Bir sıra üçüncü dünya ölkələrində bəhai icmaları dövlətin səhiyyə, təhsil, mədəniyyət ilə bağlı sahələrində nüfuzlu təsirə malikdirlər. ABŞ, Kanada, İngiltərə və digər qərb ölkələrində də bəhai icmaları nüfuzlu dini azlıq hesab olunurlar. 

Bəhai dininin vətəni İran olsa da dünyanın heç bir ölkəsində (keçmiş SSRİ istisna olmaqla) bəhailər burada olduğu qeder qəddarlıqla üzləşməmişlər. Son yüz əlli ildə İranda bu dinin ardıcılı olan on minlərlə insan olmazın zülmlərə məruz qalmışdır. Dəfələrlə istər şah, istərsə də indiki rejim dövründə İranın müxtəlif şəhər və əyalətlərində minlərlə insanın ölümünə səbəb olmuş talanlar törədilmiş, bəhailərə məxsus evlər, dükanlar, müəssisələr yandırılmış, ibadət evləri və qəbiristanlıqlar dağıdılmışdır. Təkcə qətlə yetirilənlərin sayı 20 min nəfərdən çox olmuşdur. On minlərlə insan qonşu ölkələrə, Avropa və Amerikaya qaçmağa məcbur olmuşdur.  Ölkədən çıxmaq imkanı olmayan 500 min bəhai ən elementar insan haqqlarından (dövlət idarələrində işləmək, ali təhsil almaq, iri mülkiyyətə sahib olmaq və s.) məhrum edilmişlər. Yalnız BMT–nin və dünya ictimaiyyətinin təzyiqləri altında İran hökuməti 1992–ci ildə bəhailərə qarşı kütləvi edam və təqib kompaniyasını dayandırmağa məcnur olmuşdur.

  

Bəhailiyin  Azərbaycanda da 140-15-illik tarixinin olmasına baxmayaraq,  bir çoxları üçün  o, naməlum olaraq qalmaqdadır. Halbuki XIX əsrin sonları XX əsrin əvvəlində “babi” kimi tanınan , lakin nəzakətli davranışına, əxlaqına və dünyagörüşünə görə öz həmvətənlərindən seçilən bəhailər Azərbaycanda maarifçiliyin yayılmasında əhəmiyyətli rol oynamışlar. 

  

Bəhailər hər cür xurafatı, mövhumatı, cəhaləti pisləmiş, qadınların ailədə və cəmiyyətdə kişilərlə bərabər hüquqa malik olmasını, çadranın atılmasını, qızlara dünyəvi təhsil verilməsini və təknigahlılığı təbliğ etmiş və bunu öz icmlarında həyata keçirmişlər. Fanatik mollaların etirazına baxmayaraq, bəhailər Azərbaycanın tərəqqipərvər şəxslərinə-Mirzə Ələkbər Sabir və başqalarına maddi və mənəvi yardımçı olmuşlar.

  

XX əsrin 20–30 illərində Azərbaycan bəhai icması öz ardıcıllarının sayına görə müsəlmanlardan və xristianlardan sonra üçüncü yerdə dururdu. 1937–ci ildə bəhai dini  “xırda burjuaziyanın dini ideologiyası”, bəhailər isə “beynəlxalq imperializm casusalrı” elan edilərək təqiblərə məruz qalmışlar. Həmin il Bakı icmasının Ruhani Şurasının 9 üzvü həbs edilərək güllələnmişdir. Sonra daha 29 nəfər bu ağır cəzaya məhkum edilir. Xüsusi göstərişlə Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki, Göyçay, Naxçıvan, Ordubad, Sabirabad, Səlyan, Şamaxı və digər icmalar darmadağın edilir, üzvlərinin bir hissəsi həbs edilir, qalanları Qazağıstana sürgün göndərilir. Repressiyalardan canını qurtaranlar çox gizli şəraitdə fəaliyyət göstərməyə məcnur olurlar. Sonrakı on illiklərdə də təkrar–təkrar təqiblərə baxmayaraq, Azərbaycanda bəhailiyi kökündən qoparmaq mümkün olmur. Sonuncu dəfə repressiya 1982–ci ildə andropovun qısa hakimiyyəti dövründə baş verir. KQB gizli görüşlərdən xəbər tutaraq bakı icmasının bəzi üzvlərini bir günlük həbsə məruz qoyur.  Perestroyka-dan sonra ailələr yenidən bir yerətoplaşaraq Bakıda və digər yerlərdə icmaları bərpa etmişlər.

  

Bəhailərin öz inamları yolunda hər cer fiziki və mənəvi təzyiqlərə fədakarlıqla dözmələrinin, hətta ölümə razı olub, lakin əqidələrindən dönməmələrinin səbəbini anlamaq üçün bu Dinin tarixinə və əsas prinsiplərinə nəzər salmaq lazımdır.

  

1844-cü il mayın 3-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı şəxs özünü şiələrin 12-ci imamı–Mehdi Sahib-əz Zaman elan edərək Bab (ərəbcə “qapı” deməkdir) adlandırır. Həzrət Bab bildirir ki, onun gəlişində əsas məqsəd insanları Ondan sonra  gələcək Böyük peyğəmbərin Zühuru ilə müjdələməkdir. Həzrət Bab insanları cəhalətdən uzaqlaşmağa, qardaşlığa, bərabərliyə, ədalətə çağırmaqla Yaxın və Orta Şərqi lərzəyə gətirən babilər hərəkatına səbəb olur. Qərb tədqiqatçılarının etirafına görə Həzrəti babın sosial şüarı öz qabaqcıllığı ilə XIX əsr Avropa ictimai fikrini dəfələrlə arxada qoyurdu. Həzrəti Bab Təbrizə gətirilir və 1850-ci il iyulun 9-da camaat qarşısında edam edilir. Yalnız 150 min insan xüsusi qəddarlıqla qətlə yetirildikdən sonra babilər hərəkatı yatırılır. Bu hadisələr zamanı Həzrət Babın tərəfdarları–Mirzə Hüseyn Əli–Bəhəulla (ərəbcə “Allahın nuru” demekdir) tutulub zindana salınır. Sonra həbs iraqa sürgünlə əvəz olunur. 1863–cü ilin aprelində Həzrət Bəhəulla özünü Həzrət Babın öncədən xəbər verdiyi Böyük peyğəmbər olduğunu bəyan edir. Ardıcılları bu xəbəri sevinclə qarşılayır, Həzrət Bəhaullahı Allahın rəsulu kimi tanıyırlar. O dövrdən etibarən Həzrət Bəhaullahın ardıcılları özlərini “bəhai” adlandırırlar.

  

Həzrət Bəhaulla 40 illik məhbəs və sürgün həyatından sonra 1892–ci ildə Osmanlı imperiyasının ucqarı olan Əkkada (indiki İsrail ərazisində) dünyasını dəyişir.  Həzrət Bəhaullahın nazil etdiyi bu Dinin bəzi prinsipləri üzərində bir qədər ətraflı dayanaq.

  

Bəşəriyyətin birliyi Həzrət Bəhaullahın dini təlimində Bəşəriyyətin Birliyi mərkəzi mövqedə durur. Ən qədim dövrlərdə insanlar ayrı-ayrı ailə qrupları halında yaşamış, sonralar bu qruplar qəbilə birliklərinə çevrilmiş, şəhər-dövlətlər, xalqlar və nəhayət XIX–XX əsrlərdə müasir dövlətlər və millətlər yaranmışlar. Həzrəti Bəhaulla bildirir ki, bəşəriyyətin birliyi nnövbəti sosial mərhələdir. O, hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcəklər. Dinindən, irqindən, millətindən asılı olmayaraq hər bir kəs “dünya bir vətəmdir və bütün insanlar onun vətəndaşıdır” prinsipini qəbul etdikdən sonra bu Birlik yaranacaqdır. Lakin Bəhai Dinində bu Birliyə geden yolun konkret tədbirləri də müəyyən olunmuşdur.

  

Məqalənin hazırlanmasında göstərdiyi köməyə və qiymətli məsləhətə görə Bəhai İcmasının İctimai Əlaqələr Komitəsinin katibi, elmlər namizədi Azər Cəfərova öz minnətdarlığımızı bildiririk.

                                                                                                                           Təranə Nəbiqızı

(Ardı Gələn Sayımızda) 

bottom of page