top of page

Gülcahan Məmmədova

Bir Səfərin Təəssüratı

2 Ay, 10 Gün və 18 Şəhər

Panarama Qəzeti, 08 Sentyabr 1998-ci il, № 143 (650)

Teatr kollektivlərimizin, ayrı-ayrı aktyorlarımızın xarici ölkələrə səfərləri mədəniyyətimizi (belə getsə, bütün sahələri) az qala iflic edən maliyyə böhranı ucbatından o qədər seyrəlib ki, hansısa bir dolayısı səbəbdən baş tutan hər səfəri, demək olar ki, hadisə kimi qarşılayırıq.

  

İyunun 25-də “Birliyin Nuru” beynəlxalq bəhai təşkilatının təşəbbüsü və vəsaiti ilə Almatıda starta çıxan beynəlmiləl turnedə Bakı Kamera Teatrının aktyorları Gülər Nəbiyeva və Şövqü Hüseynov da iştirak etmişlər. Bakı daxil olmaqla Novosibirsk, Ulan-Ude, Oş, Xocənd, Səmərqənd, Tibilisi, Karaqanda kimi 18 şəhərdə “Birliyin Nuru” xəttilə verilmiş təxminən iki saat yarımlıq konsert proqramında dini etiqadından asılı olmayaraq tərəqqipərvər insanların  bütün dünya üçün arzuladığı sülhü tərənnüm edən, cəmiyyəti inkişafdan saxlayan narkomaniyanı, rasizmi pisləyən xoreoqrafik lövhələr, teatral kompozisiyalar ifa olunmuşdur. 16 ölkənin nümayəndələrindən yığılmış 60 nəfərlik xor isə müxtəlif dillərdə- ərəb, fars, rus, qazax dillərində, o cümlədən azərbaycan dilində mahnılar oxumuşdur.

  

Yeri gəlmişkən onu da qeyd edək ki, xorun çıxışlarını əslən iranlı olan, 14 yaşından Avstraliyada yaşayan bəstəkar, Sidney filarmoniyasının baş dirijoru Linda Səfərcu, turnenin dram proqramını isə Tacikistanın tanınmış kinoaktyoru İsfəndiyar Qulamov idarə edirdi.

  

“TG” təxminən 70 gün davam etmiş turnenin iştirakçıları ilə görüşmək üçün Bakı Kamera Teatrına gələndə yalnız Şövqü Hüseynovla görüşə bildi. Uzun səfərdən sonra Gülər xanım doğmalarını görmək üçün rayona getmişdi. Odur ki, Şövqü ikisinin də əvəzinə danışaraq səfər təəssüratlarını “TG” ilə bölüşdü:

 

-Kompozisiyalarda, xorda çıxışımızdan başqa, hər ikimiz müstəqil nömrələr də ifa edirdik. Gülər “Vağzalı”, “Nəlbəki” kimi milli rəqslərimizi oynayır, mən isə xalq mahnılarımızı oxuyurdum. Əlbəttə, çoxmillətli xorun bizim xalq mahnılarımızın nəqəratını akapella oxuduğunu eşitmək adama xoş təsir bağışlayır. Öz teatrımızda oynadığımız tamaşalardan parçaları da konsertlərdə ifa edirdik. Bundan başqa, teatrımızın repertuarında olan iki mono tamaşanı- Qoqolun “Dəlinin qeydləri” və Almaniya yazıçısı Patrik Züskindin “Kontrabas” əsərlərini də konsertdən əlavə olaraq həmin şəhərlərdə oynadım.

  

Boş vaxtlarımızda isə Gülərlə əsl müəllimə, mühazirəçiyə “dönürdük”. Gülər həvəs göstərənlərə milli rəqslərimizi öyrədirdi. Azərbaycan tarixinə, mədəniyyətinə dair bizim kimi gənc əcnəbi aktyorları maraqlandıran suallara cavab verirdik.

  

Təəssüf ki, yay olduğundan teatrlar bağlı idi. Düşdüyümüz şəhərlərdən yalnız bir-iki yerdə teatra gedə bildim. Bu səfərin nəticəsi o oldu ki, dost qazandıq, görmədiyimiz şəhərləri gəzdik. Kim bilir, bəlkə də nə vaxtsa bizim teatrı həmin şəhərlərə qastrola dəvət edəcək, başqa yaradıcılıq təklifləri alacağıq...   

 

Gülcahan Məmmədova

                                                                                        

bottom of page