top of page

Teymur Mahmudov

Onlar 150 İldir ki, Təqib Olunurlar

Lakin bu, Bakıda Toplantı Keçirməyə Mane Olmur

Panorama Qəzeti, 30 may 1997–ci il,  № 100 (357), Səh. 3

                                                                                

Deyirlər ki, onların ən ümdə məqsədi dünya dinlərinin üzvi surətdə birliyinə nail olmaqdır. Bu birlik müxtəsər anlamda vahid dünya dövlətinə aparan cığırı müəyyən etməlidir. Məramları çox yaxşıdır, cazibədardır, humanist prinsiplərə tam cavab verir (yeri gəlmişkən, hansı dinin, təriqətin, təlimin, partiyanın, xırda dərnəyin məramı pis olub ki ?) 

                                                  

Bəhailər Haqqında nə Bilirik?

Bu gün dünyada yaşayan bəhailərin ümumi sayı haqqında dəqiq fikir söyləmək , ən azı ona görə çətindir ki, qarşılıqlı mənbələr bir – birini əsaslı surətdə inkar edir. Rəsmi informasiya mənbələri 6 milyon insan oğlunun bəhai təliminə etiqad etdiyini irəli sürürsə, bəhailərin özləri bu rəqəmin mötəbərliyinə şübhə ilə yanaşır və dünyada 8 milyon nəfərin bəhai həyat tərzi yaşadığını göstərirlər. Ortaq məxrəcə gəlməyi çətinləşdirən bir amil də odur ki, gün ərzində bəhailərin sırası min nəfərin hesabına sıxlaşır. 

  

Məlumat xatirinə deyək ki, 400 nəfər Azərbaycan vətəndaşı artıq özünü bəhai hesab edir və bəhailərin müqəddəs kitabı – “Kitabi Əqdəs”ə inanır, orada yazılanlara yavaş-yavaş əməl edir. Bu kitab insanlara xitabən yazılıb və kitabın hər yeni mətni  “Ey” kəlməsi ilə başlayır (“Ey eşq diyarının sakinləri”, “Ey qardaşım” və s.). Qəribə görünsə də, bəhailər belə bir nüansı din tarixində yeganə hal kimi qələmə verməyə cəhd edirlər ki, “Kitabi–Əqdəs” şəxsən Bəhaullahın özü tərəfindən, onun diqtəsi ilə yazılıb.

  

Yaxın vaxtlara qədər yerli bəhai icması ilə səthi əlaqələr saxlamış bir tanışıma bu “cənnət sakinlərindən” yazmaq istəyimi bildirdikdə, ondan bir sıra qoruyucu təlimatlar almalı oldum. Əvvəla, bəhailərlə söhbət zamanı məni nə maraqlandırırdısa, üzə vurmamalı, içimdə saxlamalıydım. Əbəs yerə baş ağrıtmağa, şübhə oyatmağa nə ehtiyac? Biləndə ki, “təəssübkeşlərdənəm”, özləri bəhai təlimiylə bağlı nə varsa, yerli–yataqlı özləri mənə danışacaqdılar. Bir də ki, qəzet işçisi olduğumu qətiyyən bildirməməliydim. Məlum məsələdir, Bakının qapalı dini icmaları mətbuat vasitələrindən mümkün qədər aralı durmağa üstünlük verirlər.

  

Bəhaullah deyir: “bütün insanlar vahid ailənin üzvləridir.” Bu ideyanın dönməz carçıları ilə   üzbəsurət tanış olmaq üçün paytaxtın mərkəzi küçələrindən birindəki mənzilə-bəhailərin toplaşdıgı yerli icmaya yollanıram. Deyim ki,yolboyu xəyalımda tərkidünyalıq və mükəmməl bir mənzərə canlandırmışdım–qadınların və müasir atributların olmadığı bir mənzərə. Duyğu  və intuisiyalara rəğmən ele fikirləşirdim ki, bu ehtiyatlı ünvanda xalça üzərində əyləşən, ağır–ağır təsbeh çevirərək  Allah və əbədi şeylər barəsində məhrəm düşüncələrə qərq olmuş mömünlərlə rastlaşacağam. Bəhai həyat tərzi haqqında müəyyən bilginin olmaması məndə bu qənaəti yaratmışdı. Ancaq...

                                                  

Dərs 

Qapını aralayıb mənzilin içərisinə daxil olan kimi bütün təsəvvürlərim alt–üst oldu. Qədim paytaxt memarlığının yaşarı nümunəsi olan binanın hündür tağlı mənzilinə əsl intellektlər toplaşıblar. Otağın bütün görünüşü güman etdiyim mistik əhval–ruhiyyəyə əsla uyğun gəlmir. Xalça üzərində deyil, stulda əyləşmiş intellektlər–xanımlar və cənablar mehribancasına sohbət edirlər. Rus və ingilis dillərində gedən söhbətin mövzusu bəhailərdə qadın və kişi münasibətlərini əhatə etmişdi. Saqqallı bir oğlan çılğıncasına israr edirdi ki, Həvva övladları heç bir məsələdə kişilərə güzəştə getməməli, öz halal haqlarını gec–tez tələb etməlidirlər. Arxada əyləşmiş (stulların düzümü otağı salona bənzədir ) orta yaşlı bir qadın həvəslə onun dediklərini türkiyəli vətəndaşa tərcümə edirdi. Sonra görəndə ki, arkadaşın fikri ayrı yerdədir, o, bu xeyirxah missiyasından əl çəkməli oldu.  

   

On beş–iyirmi nəfərin yığışdığı bu dairədə azərbaycanlılar az gözə dəyir. Otağın görkəmində nə varsa, Qərb üslubundan xəbər verir. Geyimlər də fərqlənir, danışıq tərzi də. Söhbətlər də başqa cürdür. Söhbətlər elə məcraya yönəlib ki, az  qalır bəhai təliminin İranda intişar tapmasına şübhə edəsən. Kitab rəfində köhnə bəhailərin fotoşəkilləri , rus, ingilis və Azərbaycan dillərində  “Sirli Sözlər” , “Allahın Yeni Erası” və s... adlı kitablar düzülüb. Saqqallıdan sonra stulu tərsinə çevirərək oturmuş oğlan danışır. Uzun birçəkləri onu rus dekabiristlərinə bənzədir. Dediklərinin , xarici qonaqlar tərəfindən asanlıqla başa düşülməsi üçün həm də ingiliscəyə tərcümə edir. O saat görünür ki, yaxşı təhsil alıb. Dinləyicilərin hamısı dinməz–söyləməz onun təsirli nitqinə qulaq asırlar. Təkcə arxa tərəfdə iki nəfər pıçıltı ilə söhbət edir. Vallah nə deyirsiz deyin, bu məclisdən ağlım heç nə kəsmir.

  

Natiqlərdən heç birinin danışığına məhdudiyyət qoyulmur. Az başa düşülən yumorla müşayət olunmuş bu söhbətlər tez–tez səmtini dəyişir, müzakirəyə çevrilir və hər dəfə kiminsə dediyi ağlabatan söz istər istəməz alqışlar doğurur. Bu məqamlar bəhailərdən ötrü ən xoş dəqiqələrdir. Uzun birçəkli oğlan ürəyini boşaldandan sonra bəhailərin hamısı birlikdə Allaha dua eləməyə başladılar. Bir pakistanlı tələbə  (Allah bilir bəlkə də hindistanlıdır) əlindəki kitabçadan ingiliscə dua oxuyur, qadınlar isə müqəssirlər kimi başlarını aşağı dikərək onun dediklərini dodaqaltı təkrar edirdilər.                                 

Bəhaisən, Yoxsa Yox

Ən axırda Allaha şükürlər edəndən sonra dərs qurtardı. Yaşlı bir qadın (sanki orda əyləşənlərin mənəvi atası idi) təklif etdi ki, təcili işi olanlar, harasa tələsənlər buyurub gedə bilərlər. Qalanları isə toplantının davamında iştirak edecəklər. Qısa fasilə zamanı bəhailər iki bir–üç bir otaqda gəzişməyə, çay içməyə başladılar. Maraqlıdır ki, təzə adam görən kimi bəhai olub olmadığını soruşurdular.

  

Yerli ruhani Məhfilində (ibtidai bəhai qurumu) fəal bəhailərin hərəsinə bir iş tapşırıldı. Məsələn , Esmira evdə oxumaq üçün mənə bir neçə kitab verdi. Alyoşa isə mənimlə ikilikdə bəhaiçilik barədə ətraflı söhbət etməyə başladı. Əvvəlcə bəhai sıralarına qəbuldan və “ümumdünya dinini” qəbul etməyin vacibliyindən danışdı. Qəbul qaydaları fantastik dərəcədə sadədir. Yerli ruhani Məhfilə üzv olmaqdan ötrü ev ünvanını saxlamaq kifayətdir ki, müxtəlif mərasimlər icra olunarkən, xaricdən bəhai baci–qardaşlar gələn zaman və bəhai təqvimi bayramlarında səni axtarıb tapa bilsinlər. Alyoşa bunu “demokratik qəbul qaydası” adlandırdı və xatırlatdı ki, əvvələr mövcud olmuş “kartoçka” sistemi indi yerli–dibli yığışdırılıb.

  

Alyoşaya 20–dən artıq yaş verməzsən. Məsum çöhrəsi sanki onun heç zaman günah işlər tutmayacağına qəti zəmanət verir... Onun bəhai sıralarına qəbul edilməsi ilıq oktyabr günlərinin birində baş verib. Alyoşa dostları ilə küçədən ötəndə yağış başlayır və o, yağışdan daldalanmaq üçün özünü yarımqaranlıq blokların birinə verir. Elə bu dəmdə yaxınlıqdakı mənzilin birindən (yerli bəhai icmasının toplaşdığı indiki otaqdan) xoş mərasim sədaları gəlir. O, özünü toplayıb qapını döyür, içəri–bəhai icmasına daxil olur... Və Alyoşa gözünü onda açır ki, o , artıq bəhaidir.

Başlıca Vəzifə

Bəhainin qarşısında duran başlıca vəzifə dua oxumaqdan ibarətdir. Bəhai duaları saysız–hesabsızdır.  Amma Bəhaullah üç xüsusi dua əzbərləməyi məsləhət görüb ki, gün ərzində onlardam biri hökmən oxunmalıdır. Qəribə cəhət burasındadır ki, onları namaz qılmaqla və yaxud kilsədə İsanın təsviri önündə dayanmaqla da oxumaq olar. Bəhailər də müsəlmanlar kimi oruc tuturlar. Hicri təqvimindən fərqli olaraq, bəhailərda orucluq ayı öz yerini dəyişmir.

  

Bəhaullahın “Kitabi–Əqdəs” də işarə vurduğu “Dünya qanunu” planı dünyanın bütün coğrafi səddlərini rədd edir, ancaq kosmopolit prinsiplər güdür. Qanuna görə, guya elə vaxt gələcək ki, insanlar heç bir dövlət–filan tanımayacaqlar. Bəhai inzibati bölgüsüdə bu ideyanın ətrafında qurulub. İlkin bölgüyə görə, ərazidə doqquz və ya daha çox bəhai yaşayırsa, orda Yerli Ruhani Məhfili seçilir. Məhfil ildə bir dəfə seçilir və həmin ərazidəki bəhai icmasına nəzarət edir, öz yığıncaqlarını çağırır.

  

Növbəti və yuxarı pillə isə Milli Ruhani Məhfilinə mənsubdur. Bu qurum Yerli Ruhani Məhfillərin fəaliyyətini nizamlayır. Onun çıxardığı ruhani qərarlara böyükdən kiçiyədək bütün bəhailər, sözsüz tabe olmalıdır. Bəhailərin ən ali təşkilatı Ümumdünya Ədalət Evidir. Bu təşkilatın üzvləri Milli Ruhani Məhfilləri tərəfindən seçilir. Ədalət Evi İsrail dövlətinin Hayfa şəhərində, Sion dağının ətəklərində qərar tutub. Bəhailərin deməyinə görə, Ədalət Evinin 9 nəfər üzvü guya dünyanın ən qüsursuz məxluqlarıdır. O gözəgörünməz, “təlimata” görə, bu 9 nəfərin  işlərinə göz yetirir. Alyoşa danışır ki, Ədalət Evinin başında duranlardan biri hələ körpə yaşlarından bəhai mühitində tərbiyə olunmuş azərbaycanlı Əli Naxçıvanidir.

Dərsdən Sonrakı Düşüncələr

Fasilə çoxdan qurtarıb. Toplantıda Kanadadan gəlmiş bir xanım danışır. İşə bax ki, o da bəhaidir. Digər bəhailərsə... hiss olunur ki, onların əksəriyyəti bugünkü həyatın mənəvi ağırlığından bezikən, nə iləsə müvəqqəti təsəlli tapmağa çalışan adamlardır. Çox təəssüf...

Bu gün 400 nəfər Azərbaycan vətəndaşı bəhai təliminə etiqad edir. Bu rəqəmin sabah 4 min, o biri gün 40 min nəfərə çevrilməyəcəyinə kimsə zəmanət verə bilməz. Bu isə dini zəmində sezilmədən qüvvətlənən böyük baza deməkdir.

  

Kaş oxucu bu yazıya sırf neytral rakusdan yanaşa biləydi. Demokratik cəmiyyətlərdə kim hansi dinə etiqad edir bu onun şəxsi işidir. Amma...

P.S. Məqalədəki adlar dəyişdirilib, təkcə Əli Naxçıvaninin adından savayı.

Teymur Mahmudov

                                                                                        

bottom of page