top of page

Le

İlahi Səltənətə Açılan Qapı

  

 

XIX əsrin 40-cı illərində Babın Dini Təlimi İranda babilər hərəkatına səbəb olur. Hərəkat səkkiz il sonra çox çətinliklə yatırıldı. Bab edam edilir. Hərəkatın fəal üzvü Bəhaullah (ərəbcə “Allahın nuru” deməkdir) Osmanlı imperiyasının ərazisinə sürgün olunur. 1863-cü ildə aprelin 21-də Bəhaullah özünü İlahi Vəhyin daşıyıcısı elan edir. Bəşəriyyətə Allahdan Yeni İlahi Təlimin nazil olduğunu bildirir. Bəhaullah Babın İlahi məqamını–Babi və Bəhai Dinlərinin Peyğəmbəri və Yeni İlahi Vəyhin (Bəhai dininin) Müjdəçisi olduğunu təsdiq edir. Bab-ərəbcə “qapı” deməkdir. Bab Bəhaullahın Dini Təliminin Yerdə quracağı İlahi səltənətə və Əbədi Sülhə açılan qapısı idi. 

Ərəfə  

Uzun illər qonşu ölkələrlə üzücü müharibələr aparmış İran XVIII əsrin sonları və  XIX əsrin əvvəllərində çox dərin böhran içində idi. Qədimlərdə böyük imperiyalar yaratmış İran xalqı XIX əsrin astanasında zəifləmiş və dünya tarixinin gedişindən təcrid olunmuşdur. Bir ovuc adam zənginlik içində üzdüyü halda, əhalinin böyük əksəriyyəti yoxsulluq, xəstəlik və cahillikdən əziyyət çəkirdi. Bəzi şəxsiyyətlərin islahat cəhdlərinə geniş yayılmış korrupsiya, rüşvətxorluq,hakimiyyətdən sui-istifadə mane olurdu. İran hökuməti pozğunlaşmış və çıxılmaz maliyyə çətinlikləri qarşısında qalmışdı. Əhalisinin böyük hissəsi kəndlilərdən, köçərilərdən, sənətkarlardan və tacirlərdən ibarət olan bu ölkədə mövcud ictimai işlər də ümidsiz tənəzzül halında idi. Hakim dairənin və feodal zümrənin amansız istismarından təngə gəlmiş insanlar ölkəni tərk edib kütləvi şəkildə qonşu ölkələrə gedirdi. Ölkə daxilində istehsalın azalması və hakimiyyətin zəifləməsi səbəbindən yolların səfərlər üçün bərbad və qorxulu olmasın ticarəti də iflic vəziyyətinə salırdı. Yollarda quldurluq və talan adi işə çevrilmişdi. Ölkənin şəhər və kəndləri çirkli və üfunətli idi. Tez-tez baş verən epidemiyalar ölkə əhalisi üçün əsil bəlaya çevrilmişdi.

Bununla belə ölkədə dünyəvi elmlərin təliminə etinasızlıq göstərilir, Qərb elmləri və mədəniyyəti murdar və dinə zidd sayılırdı.  Ağlasığmaz ədalətsizliyi ilə seçilən şəriət məhkəmələri məzhəkəni xatırladırdı. Bir-birini tez-tez əvəz edən Qacar nəslinin şahlarının bəziləri zəif, bəziləri isə son dərəcədə qəddar idi. İranın din xadimləri– ruhaniləri özlərinin riyakarlığı və dözümsüzlükləri ilə Şərqdə ad çıxarmışdılar. Xalq savadsız, avam və mövhumatçı idi. Məzlum insanların zülm və haqsızlıqlara qarşı çıxışları xüsusui amansızlıqla yatırılırdı; kəsilmiş başlar nizəyə taxılıb şəhər meydanlarında düzülür, şaqqalanmış bədənlər qala divarlarından asılır, çıxardılmış gözlərdən təpəciklər düzəldilirdi.

İran əhalisinin böyük əksəriyyəti İslamın şiə məzhəbinə mənsub idi. Lakin ölkədə xeyli sayda sünnilər, zərdüştilər, yəhudilər və müxtəlif xristian təriqətləri də vardı. Onların hamısı özlərini tək olan Allahın ümməti hesab etsələr də, bir-birindən kənar gəzir, bir-birinə nifrət edir və alçaq nəzərlərlə baxırdılar; hər bir təriqət digərini murdar və kafir sayırdı. Yəhudi və zərdüşti üçün yağışlı gündə küçədə gəzmək qorxulu idi, çünki onlardan hər hansı birinin islanmış paltarı müsəlmana toxunsaydı, onu murdarlaya bilərdi və o bu təhqiri öz həyatı bahasına ödəməliydi. Əgər müsəlman yəhudidən, zərdüştidən və xristiandan pul almış olsaydı, onu cibinə qoymazdan əvvəl yuyub pak etməliydi. 

  

Bununla belə bu zamanlarda İranda yoxsulundan, zənginindən asılı olmayaraq hamı Dünyada nə isə fövqəladə hadisənin baş verəcəyini həyacan və qorxu içində gözləyirdi. Çünki hicri-qəməri təqvimi ilə On ikinci imam mehdi Sahibəz-zamanın müəmmalı şəkildə qeybə çəkilməsinin min ilinin tamamı yaxınlaşırdı. Onlar inanırdılar ki, o hələ sağdır və özünün əvvəlki görkəmində zühur edəcəkdir; Onun padşahlığına, Onun şöhrətinə, qələbələrinə və “əlamətlərinə” dair peyğəmbərlikləri maddi baxımdan sübut etməyə çalışırdılar. Onlar gözləyirdilər ki, Mehdi saysız-hesabsız qoşunu ilə gələcək və özünü ali hökmdar elan edəcək, ölüləri qəbirlərindən qaldıracaq, Yer kürəsində ədaləti bərpa edəcək, zalımları, kafirləri, günahkarları Cəhənnəmə varid edəcək, yoxsulluğun, səfalətin, bəlaların kökünü kəsəcəkdir.

  

Həmin illərin hadisələrinin canlı şahidi və səlnaməçisi Nəbil Zərəndi öz kitabında İlahi Zühurun nə üçün 1260-cı (miladi ilə 1844-cü ildə) baş verəcəyini belə izah edirdi: 

  

“Vəd olunmuş Şəxsin 60-ci illərdə zühur edəcəyi Həzrət Peyğəmbərdən və pak imamlardan nəql olunan hadisələrdə  qeyd edilmişdir.Həzrət Cəfər Sadiq–Qaimin nə zaman zühur edəcəyi barədə ona verilmiş sualın cavabında buyurmuşdur: “60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq.”

  

Mirzə Məhəmməd Əxbari bir sıra şeirlərində Qaimin zühur edəcəyi ildən bəhs etmişdir və onların məzmunu belədir ki, “ağac” ilində (1260-cı il) yer üzü Qaimin nuru ilə işıqlanacaq,”ağac” ilində dünyanı Onun əzəməti bürüyəcək, əgər “ağac” ilinə qədər sağ qalsan, xalqların, insanların və dinin yeniləşməsini öz gözünlə görəcəksən.

  

Möminlərin əmri Həzrət Əli ibn Əbu Talibin nəql olunan hədisdə buyurulur ki, “ağac” ilində İlahinin doğru yol göstərən ağacı dünyada əkiləcəkdir.

  

Həmin günlər On ikinci imamın hökmən Zühur edəcəyi fikri şeyxilər adlanan təriqətdə daha güclü idi. Lakin şeyxilər təriqətində sözü gedən peyğəmbərlikləri məcazi mənada şəhr edirdilər. Bu təriqətin lideri Şeyx Əhməd Əhsai (təriqətin adı da onun titulu ilə adlanır) hesab edirdi ki, Zühur edəcək Şəxsin hakimiyyəti mistik səciyyəli olacaqdır. Onun şöhrəti dünyəvi deyil, ruhani xarakter daşıyacaqdır. Onun qələbələri- insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır.

  

İlahi Zühurun tezliklə baş verəcəyini uzun illər yorulmadan təbliğ edən Şeyx Əhməd Əhsai 1826-cı ildə Seyid Kazım Rəştini öz varisi təyin edib dünyasını dəyişir. Müəlliminin vəfatından sonra Seyid Kazım Kərbalayidə məskən salıb İlahi Zühur haqda Şeyx Əhmədin vaizçiliyini davam etdirir. Zühurun baş verəcəyi vəd olunmuş vaxt yaxınlaşdıqca, qocalıb taqətdən düşmüş Seyid Kazımın həyəcanı çoxalırdı. O bir gün şagirdlərini yanına çağıraraq, onlara İranın şəhər və kəndlərinə səpələnib Onu axtarmağı, bundan ötrü rahatlıqlarından, mallarından, lazım gələrsə canlarından keçməyi göstəriş verir. Onlara zühur edəcək Kəsin əlamətlərini deyir:

  

“O alicənab nəsildəndir. Peyğəmbərin nəslindən. O yaşca cavandır, lakin fitri biliklərə malikdir. Onun təlimi Şeyx Əhmədin vəzinə əsaslanmır, ona Allahdan gəlir. Onun sonsuz bilikləri yanında mənim biliyim damcıdır; mənim bacardığım Onun Qüdrətinin möcüzəli üzü qarşısında yalnız toz zərrəciyidir. O, orta boyludur, qeyri- möminliyi ilə seçilir.”

  

Seyid Kazım Rəştinin vəfatından sonra onun sevimli şagirdi Molla Hüseyn başda olmaqla ardıcılları İranın şəhər və kəndlərinə səpələnib Zühur edəcək Kəsin axtarışına başlayırlar.

  

Bu zaman İran məmləkətindən min kilometrlərlə məsafədə Amerika, Avropa və xristian dünyasının digər yerlərində insanlar həyəcan içində idi.  Asiyada Jozef Volf, İngiltərədə Edvard İrvinq, Şotlandiyada Meyson, Cənubi Karolinada Deyvis, Pensilvaniyada Uilyam Miller, Almaniyada Leonard Kelber bir-birindən xəbərsiz Tövrat və İncil Yazılarının tədqiqi əsasında nəticə çıxarırlar ki, zamanın vaxtı bitibdir və 1844-cü ildə İsanın İkinci Zühuru baş verəcəkdir.

  

U. A. Spayser “Müasirlik peyğəmbərliklər işıqında” kitabında qeyd edir: “Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rəyə gəliblər ki, Daniyel Peyğəmbərin Bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və 1844-cü il “Qiyamət Günü” olacaqdır”.

İran əhli kimi xristianlar da bu Zühuru fövqəladə hadisələrin baş verməsi kimi anlayırdılar; İsa Məsih buludlar üstündə mələklərin əhatəsində yerə enməli, bir kəlməsilə ölüləri diriltməli, günahkarları Cəhənnəmə göndərməli, Səltənətin hökmüdarı olmalı idi.

 

Babın Bəyanı

İlahi Zühuru tapmaq eşqi ilə İranın şəhər və kəndlərini dolaşan Molla Hüseyn və Seyid Kazım üç ardıcılı Şiraz şəhərinə çatır. Molla Hüseyn dostlarını şəhərə göndərir, özü isə şəhər divarının bayırında dayanır. Bu zaman  yaşıl çalmalı bir cavan ona yaxınlaşır və Molla Hüseyni öz evinə dəvət edir. Naməlum cavanın nəzakəti, dostcasına danışığı və səliqəli geyimi Molla Hüseynə çox yaxşı təsir bağışlayır və onun təklifini qəbul edir.

Şirazın şəhər divarlarının bayırında Molla Hüseyni qarşılayan cavanın adı Seyid Əli Məhəmməd idi. O, 20 oktyabr 1819-cu ildə Şirazda anadan olmuşdu. Valideyinlərini erkən yaşlarında itirmiş Seyid Əli Məhəmməd dayılarının himayəsi altında böyümüşdü. O, iyirmi iki yaşında evlənmişdi. Həmin nigahdan Əhməd adlı bir oğlu olmuş və o hələ uşaq ikən vəfat etmişdi.....

Həmin gecə Seyid Əli Məhəmməd öz Missiyasını Molla Hüseynə elan edir və Bab adını götürür. Bu hadisə 1844-cü il may ayının 22-də gün batandan 2 saat 11 dəqiqə sonra baş verir. Sonrakı günlər Seyid Kazımın daha 18 şagirdi ona inam gətiririrlər. O özünün gəlişi barəsində xəbəri yaymaq üçün şagirdlərini İranın və Türküstanın müxtəlif yerlərinə göndərir. Tezliklə bu gəncin şöhrəti ildırım süətilə bütün ölkəyə yayılır və İranda kütləviliyinə görə tarixdə görünməmiş babilər hərəkatını törədir. On minlərlə insan bu hərəkata qoşulur.

Lakin Bab özünü Mehdi elan etməklə kifayətlənmir. O, “Birinci Nöqtə” müqəddəs adını qəbul edir. Bu titulla Məhəmməd Peyğəmbərin ardıcılları ona müraciət edirlər. Hətta imamlar öz məqamlarına görə “Birinci Nöqtə” dən aşağıda dayanardılar. O, hətta yeni təqvim tətbiq edərək Günəş ilini bərpa etdi və Yeni Eranın başlanğıcını özünün Zühur etdiyi ildən (1844) qoyur.

Babın belə bəyanatları bu Təlimin susdurulması üçün göstərilən cəhdlərin getdikcə daha amansız xarakter almasına gətirib çıxarır. Hökumət və ruhanilər hərəkata qarşı ciddi tədbirlər görməyə başlayırlar. Tehran, Fars, Mazandaran əyalətlərində babilərin kütləvi şəkildə edam edilməsi xüsusi qəddarlıqla müşahidə edilirdi: başlar kəsilir, adamlar topların ağzına qoyub doğranılırdı. Bununla belə hərəkat getdikcə genişlənirdi.

Babın Təlimi

Babın yazıları olduqca çox idi. Onlardan bəziləri Quran Surələrinə Şərh və təfsirlərdən, etik və ictimai baxışlarına, açıqlamalarından, bəziləri isə dualarda, lövhlərdən ibarət idi. Lakin əksər yazılarında yeganə mövzu Allahın tezliklə aşkarlayacağı Kəsin İlahi Zühurun tərifi və təsviri təşkil edirdi. Bab ondan sonra gələcək İlahi Zühur haqqında yazırdı:

“Mən ancaq bu Qüdrətli Kitabın hərifiyəm və bu hüdudsuz Dəryanın damlasıyam. O, Zühur edəndə mənim əsil təbiətim, mənim sirlərim, müəmmalarım və eyhamlarım aşkar və anlaşılan olacaqdır...  Əgər hər hansı bir şəxs Ondan bir ayə eşidərsə və onu təkrar edərsə, bu “Bəyanı” (Babın əsas Vəhy kitabı) min dəfə oxumaqdan yaxşıdır”.

Lakin Babın vəzifəsi təkcə Bəhaullah Təliminin (Bəhai Dininin) müjdəçisi olmaqdan ibarət deyildi. Bəhailər əmindirlər ki, Bab və Bəhaullah hər ikisi Bəhai dininin baniləridirlər və Bəhaullahın aşağıdakı sözləri bu həqiqəti təsdiqləyir:

(Ardı var)

bottom of page