Mehriban Heybətova
Çeşidlilikdə Birlik
Xəzərin Səzi Qəzeti, 09 Fevral 2001-ci il, № 4 (30)
Dünya Bir Vətəndir və Biz İnsanlar Onun Sakiniyik...
İlk növbədə “Xəzərin səsi” qəzetinin təsisçisi Səlim Babayevi və redaksiya heyətini bir illik yubileyi münasibəti ilə təbrik edir və bu gözəl , çox keyfiyyətli qəzetin fəaliyyətinə uğurlar arzulayıram. “Xəzərin Səsi” bizim vətənimizdə və dünyanın hər bir tərəfindən sorağı eşidilsin, dostlarının, pərəstişkarlarının sayı çoxalsın. Qəzetin maraqlı məlumatları hamımıza böyük sevinc, birlik və xoş müjdə gətirir. Ümidvarıq ki, gələcəkdə də belə olacaq.
Yeni ilin ilk günlərində olan səfərim haqqında təəssüratlarımdan danışmaq istərdim. İsrail torpağında mühüm bir tədbir keçirilib. Bir neçə dinlərin mərkəzi olan İsrailin Hayfa şəhərində Beynəlmiləl Bəhai konfransı keçirilmişdir. Bu konfransda iştirak etmək mənə nəsib oldu. Dəvət alanda heç təsəvvür eliyə bilməzdim ki, bu tədbir belə möhtərəm, qeyri- adi səpkidə olacaq. İlk anlardan möcüzə baş verdi, həyəcan keçirirdim, lakin sonra aeroportun özündə çoxdan görmədiyim dostlarıma rast gələndə sevindim, onlarla bir yerdə yoluma davam etdim. Konfrans keçirilən yerə çatanda – Hayfa , Ümumdünya Bəhai Mərkəzinə, müxtəlif dillərdə danışan insanlar gördüm, onlar bir-biri ilə çox mehriban və dostcasına görüşürdülər. Hamını “Allahu Əbha”- Bəhai salamı birləşdirirdi (yəni Allahın nuru sizə yar olsun). Doğrudan da Allahın nuru iki həftə konfrans iştirakçılarının üzərində oldu. Yerli əhali təəccüblənirdi ki, heç vaxt yanvar ayında Hayfada belə gözəl hava olmayıb. Belə havada müqəddəs yerləri ziyarət etmək bizə çox xoş idi. Hər gün müxtəlif qruplarla, proqramlarda iştirak edirdik. Qeyd etmək istərdim ki, konfransa 170 müxtəlif ölkələrdən 900-ə qədər nümayəndə gəlmişdi. Burada həqiqətən də bəşəriyyətin birliyinin nümunəsini gördük.
Müxtəlif mədəniyyətlərin, irqlərin nümayəndələri bir yerdə yığışıb bir məqsədə xidmət edirdi: bəşəriyyətin birliyinə... Həzrət Bəhaullah Özünün dünya xalqlarına Müraciətində buyurub ki, “həmrəylik çadırı ucaldılıb; bir-birinizə yad adamlar kimi baxmayın. Siz hamınız bir ağacın meyvələri, bir budağın yarpaqlarısız”. Bu prinsip həmin konfransda göründü. Müxtəlif dillərdə danışan insanlar dostluq və sevgi mühitində bir yerdə məsləhətləşirdilər, iş təcrübələrilə paylaşırdılar. Bəhailərin prinsiplərindən biri məsləhətləşmədir. Konfransın əsas mövzularından olan bəşəriyyətin sosial- iqtisadi vəziyyəti, uşaq və gənclərin mənəvi tərbiyəsi , cəmiyyətdə qadının rolu və xidmət etməkdə fərdin təşəbbüsü. Eyni zamanda çıxışlarla yanaşı müxtəlif xalqların musiqi çıxışları da oldu. Burada həm afrikalı, həm hindli, həm avropalı və s... qruplar öz istedadlarını göstərdilər. Qeyd etmək istərdim ki, burada mən nəinki köhnə dostlarımı gördüm, eyni zamanda yeni dostlar da tapdım. Məsələn, mənə dedilər ki, səni bir portuqaliyalı axtarır, istəyir azəri dilində danışsın, çünki anası azəri idi. Beləliklə bir neçə azərilərlə tanış oldum və bir axşam Zeynəb xanımın evində biz yığışdıq. Hayfada yaşayan və Bəhai mərkəzində xidmət edən Zenəb xanım özü də Bakıda anadan olub, neçə illərdir ki, Azərbaycandan uzaqda yaşayır, amma vətənə məhəbbətini, marağını itirməyib və o axşam onun evində türkiyəli, hindlilər, filippinlilər, Kazandan,Minskdən, moskvalı qonaqlar və mən bakılı azəri mahnıları altında bir yerdə rəqs etdik.
Həmin konfransın digər məqsədi Bəhai inzibati mərkəzinin ərazisində başa çatan tikililərin açılışı idi. 900 nəfərə yaxın nümayəndə 19 terrasın açılışının iştirakçısı olub. Onlar terrasa ilk dəfə qədəm basanlardır. İlk növbədə, Ümumdünya Ədalət Evinin üzvləri, yəni 5 ildən bir seçilən 9 nəfərdən ibarət olan inzibati orqan terraslarla yüksəlib, sonra isə bütün kontinentlərin sakinlərinin nümayəndələri oraya qalxıb. Bəhai dininin dünya mərkəzinin Hayfada (əvvəlcə Fələstin torpağı) yerləşməsi şəhərin sakinlərinin və qonaqlarının zövqlərinə xoş təsir bağışlayır və onun daha gözəl olmağına səbəb olmuşdur. Bunu biz yerli əhalidən tez-tez eşidirik. Bir növ bu şəhər Bakıya, Xəzərin sahilinə bənzəyir və bu oxşarlıq insanların sıx əlaqələrini daha da möhkəmləndirirdi.
Mehriban Heybətova