Zamin Haci
Bəhailər İnsan Qardaşlığına İnanırlar
Azadlıq Qəzeti, 24 May 2001, Səh. 8
Mirzə Ələkbər Sabirin məşhur şeirlərindən birini (həmin şer “İki həpəndin söhbəti” adlanır) eşitməyən tək-tək olar. Şerdə iki nəfər qeybət eləyir və kiminsə qızını məktəbə qoymasını, kiminsə qəzet alıb oxumasını pis iş kimi qələmə verir. Və hər dəfə bu misranı təkrarlayırlar:
“Bəs o ləinin də işi qullabıdır, Dini, imanı danıb, yoldan azıbdır, babıdır”. Düzü, mən heç zaman bu şerdəki “babı” sözünün mənasına fikir verməmişdim. Sən demə, Sabirin tiplərinin lənətlədiyi “babı” 19-cu əsrdə “babilik” adıyla yaranan, sonradan bəhai dini adlandırılan təlimin tərəfdarı deməkmiş......
1819-cu ilin 20 oktyabrında İranın cənubundakı Şiraz şəhərində, tacir ailəsində Mirzə Əli Məhəmməd adlı oğlan uşağı dünyaya göz açır. İslam dininin qaydalarına son dərəcə sədaqətlə əməl edən Mirzə Əli iyirmi beş yaşına çatanda özünü peyğəmbər elan edir və “Bab” ləqəbini götürür (“Bab” – qapı deməkdir. Mirzə Əli özünü “Allahın qapısı” adlandırırmış – Z.H.). Artıq onun tərəfdarları yaranır və həmin şəxsləri “babilər”, Mirzə Əli Məhəmmədi isə Həzrət Bab adlandırırlar. Həzrət Bab “Bəyan” adlı kitab yazır və elan edir ki, şiələrin zühurunu gözlədiyi Mehdi Sahibəzzaman məhz özüdür. O, həmçinin özünə “Nöqteyi-Övla” (“Birinci Nöqtə”) müqəddəs adını da götürür, bildirir ki, əslində özündən sonra gələcək peyğəmbərin müjdəçisidir. Həzrət Babın təlimi İran ərazisində yayılmağa başlayır, şiə ruhaniləri bunun qarşısını almaq üçün amansız tədbirlərə əl atırlar. Tehranda, Mazandaranda və başqa yerlərdə babilərin böyük hissəsi ölümə məhkum edilir. Çoxlarının başı kəsilir, dar ağacından asılır, topların ağzına qoyulub atılır, yandırılır, tikə-tikə doğranılır. Nəhayət, 1850-ci il iyulun 9-da Həzrət Babın özünü 31 yaşında ikən edam edirlər. Təbriz şəhərindəki meydanlardan birində Həzrət Babın edamı üçün bütöv bir alayın gülləbaranından istifadə olunur.
1863-cü il aprelin 21-də babilərin biri, 46 yaşlı Mirzə Hüseyn Əli özünü Həzrət Babın gələcəyini xəbər verdiyi peyğəmbər elan edir və Bəhaullah (“Allahın Şərəfi”) adını götürür. Bəhaullah 100 cildə yaxın, vəhy ilə nazil olduğunu iddia elədiyi kitablar yazır. Bunlardan ən məşhurları “Kitabi-Əqdəs” (“Ən müqəddəs kitab” anlamını verir), “Kitabi-İqan” (“Yəqinlik kitabı”), “Kəlimət-i-Məknunə” (“Gizli kəlamlar”), və başqalarıdır. “Kitabi-Əqdəs” bəhailər üçün müsəlmanların “Quran”ı, xristianların “Bibliya”sı kimi bir kitabdır. Bəhaullahın dövründə bəhailik yalnız İranda deyil, Türkiyədə də yayılır. Həbs olunan, həyatının 40 ilini sürgünlərdə keçirən, təqiblərə məruz qalan Bəhaullah 1892-ci ildə 75 yaşında vəfat edir.
Bəhai dininin əsas prinsipləri bunlardır: 1) Allah birdir; 2) Bəşəriyyət birdir; 3) Bütün dinlərin əsası birdir. Onlar dünyada vahid dövlətin, məhkəmənin və valyutanın olmasını arzulayırlar. Son illər dünyada baş verən qloballaşma prosesləri göstərir ki, deyəsən bəhailər öz arzularına çatmaqdadılar. Yeri gəlmişkən, bəhai təlimi dünyada yeganə dini təlimdir ki, BMT-nin müxtəlif qurumlarında məsləhətçi statusuyla iştirak eləyir.
Bəhailər dünyadakı bütün təkallahlı dinləri qəbul eləyirlər ki, peyğəmbərlik heç zaman bitmir. Allah bəşəriyyətə nə lazımdır bilir və müəyyən müddətə qanunlar göndərir. Sonra bəşəriyyətin problemlərinə, xəstəliklərinə uyğun olaraq yeni səhifələr açır. Bu, arasıkəsilməz prosesdir – Allahın məhdudiyyəti yoxdur. Onun bir dini var, amma zaman keçdikcə bu qanunlar dəyişir.
Bəhailərin Qiyamət gününə münasibəti də orijinaldır. Başqa dinlərdəki “Qiyamət zamanı günəş qaralacaq” fikrini Həzrət Bəhaullah “Kitabi-İqan”da belə şərh edir ki, bu, köhnə düşüncənin əhəmiyyətini itirməsidir. Yaxud “ölülərin dirilməsi” insanların ruhən dirilməsidir. Məslən, Həzrət Məhəmmədin gəlməsi Qiyamət günüdü. Çünki o vaxt ərəblər arasında cəhalət son həddə çatmışdı. Allah bəşəriyyəti dövrlərlə idarə edir. 1-ci dövr Adəmdən Bəhaullaha qədərdir, 2-ci dövr isə Bəhaullahdan başlayıb 500 min il çəkəcək.
Bəhailər öz təlimlərinin şəriət hissəsində Həzrət Bəhaullahın “mənim qanunlarıma mənə olan sevginin xatirinə əməl edin, o dünyada cənnətə düşmək üçün yox” fikrini əsas tuturlar. Zinakarlıq, adam öldürmə, şərab qadağandır. Kəbin mütləqdir, özü də toya qədər ismətlilik oğlana da aiddir. Namaz vacibdir. Namazda oxunan dualardan biri belədir: “İlahi! Səni tapmaq, tanımaq və ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm”. Bəhailərin qibləsi Məhəmməd peyğəmbərin Məkkədən öncə tutduğu tərəf, yəni Qüds yaxınlığındakı Əkka şəhəridir. Qadınlara böyük hörmət qoyulur, onların azadlığı, bərabərliyi önə çəkilir: “Əgər ailənin biri qız, o biri oğlan olmaqla iki övladı varsa və imkan yalnız birini oxutmağa çatırsa, qıza təhsil verilməlidir”.
Bəhailər bir-birləriylə görüşərkən, salamlaşarkən “Allahu-əbha” deyirlər. Bu, ərəb dilində “Allah nurludur” mənasını verir. Onların öz təqvimləri var. Bəhai təqvimində il 19 aydan, hər ay isə 19 gündən ibarətdir. İlin təqvimindən qıraq qalan 4 gününü “ziyarət günləri” adlandırırlar. İl Novruzla başlayır və bu yaz bayramı bəhailərin əsas dini bayramı sayılır. Hazırda bəhai təqvimiylə 158-ci ildir. Orucluq bayramı bu dində də var – 19 gün çəkir. Ümumiyyətlə, bəhailər 9 rəqəmini müqəddəs sayırlar, onların simvolu 9 guşəli ulduzdur. Bəhailər xörəklərə və geyimə heç bir fərq qoymur – hər kəs öz milli xüsusiyyətlərinə uyğun geyimlər geyə, xörəklər yeyə bilər.
Dinin vahid lideri yoxdur, bütün məsələlər şura prinsipiylə həll olunur. Hər icma 9 nəfərlik şura seçir və bu proses aşağıdan yuxarıya, gizli səsvermə yoluyla gedir. Lap sonda, hər 5 ildən bir bütün ölkələrdən bəhai icmalarının nümayəndələri İsraildəki Hayfa şəhərinə yığışır və dünyada bəhai dininə rəhbərlik edəcək 9 nəfəri seçir. Bəhailər Hayfadakı bu mərkəzlərini “Ədalət evi” adlandırırlar. Yeri gəlmişkən, hazırda dünya bəhailərinin 9 liderindən biri həmyerlimiz, əslən ordubadlı olan Əli Naxçıvanidir.
Hazırda dünyada təxminən 5 milyon nəfər bu dini qəbul edib. Bəhailər öz dini təlimlərini təbliğ etməkdə və yaymaqda adətən o qədər də maraq göstərmirlər. Onlar Həzrət Bəhaullahın iki kəlamını misal çəkirlər: “hər insan həqiqəti özü tapmalıdır” və “hikmətli insan o şəxsdir ki, dinləyən olmasa, danışmaz”. Dinin qəbulunda da heç bir prosedur yoxdur. Kim bu dinin prinsiplərini qəbul edirsə, avtomatik olaraq bəhai sayılır.
Bəhai siyasi partiya üzvü ola bilməz. Çünki “bəşəriyyətin birliyi” prinsipi pozular. Ümumilikdə bu dini təlimdə xeyli mütilik var. Qanunlara itaət əsas prinsiplərdəndir, dövlətə qarşı heç zaman çıxmazlar.
Bəhailərin dünyada ən çox təqib və təzyiqlərə məruz qaldığı ölkə yenə də İrandır. Sonuncu dəfə 1998-ci ildə İranda Ruhulla adlı bəhainin edam olunması bütün dünyada etirazla qarşılanmışdı.
Azərbaycanda bəhailik 19-cu əsrdən yayılmağa başlayıb. Hələ Həzrət Bəhaullahın sağlığında bu din Bakı, Gəncə, Bərdə, Göyçay, Salyan, Şəki, Şamaxı, Ordubad və başqa yerlərdə öz ardıcıllarını tapmışdı. Məşhur milyonçu Musa Nağıyev, akademik İzzət Orucova bəhai olublar. Yeri gəlmişkən, Azərbaycandakı Bahəddin, Bəhiyə kimi şəxs adları bəhai adlarıdır. Sovet dövründə repressiyaya məruz qalan bəhai dini müstəqilliyimiz dövründə yenidən dirçəlib. 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Bakı Bəhailəri Mərkəzinin hazırda təxminən 500 üzvü var.
İki gün öncə - mayın 22-də Hayfada, Karmel dağında dünya bəhailərinin inzibati və ruhani mərkəzinin açılışı keçirilib. 19 terrasdan və Həzrət Babın məqbərəsindən ibarət kompleksin açılışında dünyanın 200-dən çox ölkəsinin bəhai icmalarının nümayəndələri iştirak edib.
Zamin Hacı