top of page

Elçin Sadiq

Bəhailər Kimdir Və Onların Həqiqət Yoly

İdeal Qəzeti, 23 İyun 2001-ci il

1819-cu ilin 20 oktyabrında İranın cənubundakı Şiraz şəhərində, tacir ailəsində Mirzə Əli Məhəmməd adlı oğlan uşağı dünyaya göz açır. Isalm dininin qaydalarına son dərəcə sədaqətlə əməl edən Mirzə Əli iyirmi beş yaşına çatanda özünü peyğəmbər elan edir və “Bab” ləqəbini götürür (“Bab”-qapı deməkdir. Mirzə Əli özünü ”Allahın qapısı” adlandırırmış-Z.H.) Artıq onun tərəfdarları yaranır və həmin şəxsləri “babilər”, Mirzə Əli Məhəmmədi isə Həzrəti Bab adlandırırlar. Həzrəti Bab “Bəyan” adlı kitab yazır və elan edir ki, şiələrin zühürünu gizlətdiyi Mehdi Sahibəzzamanın məhz özüdür. O, həmçinin özünə “Nöqteyi-Övla” (“Birinci Nöqtə”) müqəddəs adını da götürür, bildirir ki, əslində özündən sonra gələcək peyğəmbərin müjdəçisidir. Həzrət Babın təlimi sürətlə İran ərazisində yayılmağa başlayır, şiə ruhaniləri bunun qarşısını almaq üçün amansız tədbirlərə əl atırlar. Tehranda, Mazandaranda və başqa yerlərdə babilərin böyük hissəsi ölümə məhkum edilir. Çoxlarının başı kəsilir, dar ağacından asılır,topların ağzına qoyub atılır, yandırılır, tikə-tikə doğranılır. Nəhayət, 1850-ci il iyulun 9-da Həzrət Babın özünü 31 yaşında ikən edam edirlər. Təbriz şəhərindəki meydanlardan birində Həzrət Babın edamı üçün bütöv bir alayın gülləbaranından istifadı olunur.

  

1863-cü il aprelin 21-də babilərdən biri, 46 yaşlı Mirzə Hüseyn Əli özünü Həzrət Babın gələcəyini xəbər verdiyi peyğəmbər elan edir və Bəhaullah (“Allahın şərəfi”) adını götürür. Bəhaullah 100 cildə yaxın, vəhy ilə nazil olduğu iddia elədiyi kitablar yazır. Bunlardan ən məşhurları “Kitabi-Əqdəs” (“Ən müqəddəs kitab” anlamını verir), “Kitabi-İqan” (“Yəqinlik kitabı”), “Kəliməti-Məknunə” (“Gizli kəlamlar”) və başqalarıdır. “Kitabi-Əqdəs” bəhailər üçün müsəlmanların “Quran”ı, xristianların “Bibliya”sı kimi br kitabdır. Bəhaullahın dövründə bəhailik yalnız İranda deyil, İraqda, Azərbaycanda, Türkiyədə də yayılır. Həbs olunan, həyatının 40 ilini sürgünlərdə keçirən, təqiblərə məruz qalan Bəhaullah 1892-ci ildə 75 yaşında vəfat edir.

  

Bəhai dininin əsas prinsipləri bunlardır:

1) Allah Birdir;

2) Bəşəriyyət Birdir;

3) Bütün Dinlərin Əsası Birdir.

 

Onlar dünyada vahid dövlətin, məhkəmənin və valyutanın olmasını arzulayırlar. Son illər dünyada baş verən qloballaşma prossesləri göstərir ki, deyəsən bəhailər öz arzularına çatmaqdadırlar. Yeri gəlmişkən, bəhai təlimi dünyada yeganə dini təlimdir ki, BMT-nin müxtəlif qurumlarında məsləhətçi statusuyla iştirak edirlər.

  

Bəhailər dünyadakı bütün təkallahlı dinləri qəbul edirlər, sadəcə iddia edirlər ki, peyğəmbərlik heç zaman bitmir. Allah bəşəriyyətə nə lazımdır bilir və müəyyən müddətə qanunlar göndərir. Sonra bəşəriyyətin problemlərinə, xəstəliklərinə uyğun olaraq yeni səhifələr açır. Bu, arasıkəsilməz prosesdir-Allahın məhdudiyyəti yoxdur. Onun bir dini var, amma zaman keçdikcə bu qanunlar dəyişir.

  

Bəhailərin Qiyamət gününə münasibəti də orginaldır. Başqa dinlərdəki “Qiyamət zamanı günəş qaralacaq” fikrini Həzrət Bəhaullah “Kitabi-İqan” da belə şəhr edir ki, bu, köhnə düşüncənin əhəmiyyətini itirməsidir. Yaxud, “ölülərin dirilməsi” insanların ruhən dirilməsidir. Məsələn, Həzrəti Məhəmmədin gəlməsi Qiyamət günüydü. Çünki o vaxtlar ərəblər arasında cəhalət son həddə çatmışdı. Allah bəşəriyyəti dövrlərlə idarə edir. 1-ci dövr Adəmdən Bəhaullaha qədərdir, 2-ci dövr isə Bəhaullahdan başlayıb 500 min il çəkəcək.

 

Bəhaullahın Missiyası  

Həzrət Bəhaullah dəfələrlə və aydın şəkildə buyurmuşdur ki, O, bütün xalqların çoxdan gözlədiyi tərbiyəçi və müəllimdir. Çaylar dəryalarda qovuşduqları kimi bütün əvvəlki dini formalar da Onun ecazkar mərhəmət məcrasında qovuşacaqlar. O elə bir təməl qoymuşdur ki, bu bütün bəşəriyyətin birliyinin möhkəm əsası, peyğəmbərlərin öncədən xəbər verdiyi və şairlərin vəsf etdiyi gözəl sülh və xeyirxahlıq əsərinin başlanğıcıdır.

  

Həqiqətin axtarışı, bəşəriyyətin birliyi, Şərq və Qərb dinlərinin, millətlərin və irqlərin birləşməsi, din ilə elmin barışması, mövhumat və xurafatın kökünün kəsilməsi, kişilərin və qadınların hüquq bərabərliyi, haqqın və ədalətin bərqərar edilməsi, beynəlxalq məhkəmənin təsis edilməsi, vahid dil, icbari təhsil- bu və buna bənzər çoxlu prinsiplər Həzrət Bəhaullahın XIX yüzilliyin ikinci yarısında qələmə aldığı çoxsaylı kitablarında və məktublarında ifadə olunmuşdur. Bu mıktubların bəziləri krallara və dünya hökmdarlarına ünvanlanmışdır.

  

Fikir və məqsəd dərinliyinə görə, tayı-bərabəri olmayan bu Təlim zamanın tələbləri ilə ecazkar bir tərzdə uzlaşır. Hələ heç zaman bəşəriyyət qarşısında belə nəhəng və mürəkkəb problemlər durmamışdır, hələ heç zaman təklif olunan qərarlar bu qədər çoxsaylı və belə ziddiyyətli olmamışdı, hələ heç zaman Böyük Dünya Müəlliminə olan ehtiyac belə kəskin və qabarıq şəkildə hiss olunmamışdır, hələ heç zaman Böyük Müəllimin Zühuruna bu qədər ümidlər bəslənməmişdir.

 

Bəhaullahın Mahiyyəti   

Həzrət Bəhaullah məhbəsdə olduğu Əkka şəhərində nəinki öz vətəni İranın, həm də bütün dünyanın qəlbini dərin həyəcana gətirirdi. Onu və Onun ardıcıllarını ilhamlandıran ruh, ölçüyəgəlməz mülayimlik, xeyirxahlıq və itaətkarlıq ruhu olmaqla bərabər, eyni zamanda heyrətamiz həyat gücünə və yüksək qüdrətə malik idi.

  

O mümkün olmayan şeylərə malik idi. O, insan təbiətini dərinləşdirirdi. Onun təsiri altına düşən kəsləryeni bir insana çevrilirdilər.onun ardıcıllarının qəlbiməhəbbət, iman təşəbbüslə dolu olardı, dünyəvi sevinclər və kədərlər bunlarla müqaysədə heç bir əhəmiyyət kəsb etməzdilər. Onlar ömürlük əzablara və yaxud əziyyətli ölümə nəinki tam etinasızlıq göstərirdilər, həm də Allaha itaət etməklə qorxmadan və xoşbəxt sevinclə onu qəbul etməyə hazır olurdular.

 

Ən təəccüblüsü bu idi ki, onların qəlbləri yeni həyat sevincləri ilə dolub-daşırdı və ürəklərində öz düşmənlərinə kin-küdurət və qəzəb hissələrinə yer qalmırdı. Onların özlərini müdafiə etmək üçün zor işlətməkdən tamamilə imtina edirdilər və öz acımaq əvəzinə özlərini insanlar arasında bu yeni və həqiqi Bəhyi qəbul etmək üçün seçilmişlər sayaraq öz həyatlarını qurban verməklə və qanlarını axıtmaqla Onun həqiqi olduğunu təsdiqləyirdilər.

 

Onların ürəkləri sevinclə oxumağa hazır idi. Çünki onlar inanırdılar ki, Uca, Əbədi, Sevimli Allah onlarla insan silinsə danışır, onların Özünün qulu və dostu olmağa çağırır, O yer üzündə Öz Səltənətini qurmağa gəlmiş və daimi çəkişmələrdən üzülüb əldən düşmüş adamlara misilsiz sülh hədiyyəsi gətirmişdir.

 

Həzrət Bəhaullahın onlara təlqin etdiyi dinin mahiyyəti belə idi. Həzrət Babın xəbər verdiyi kimi Həzrət Bəhaullah öz missiyasını bəyan etdi. Onun böyük müjdəçisinin fədakar çalışqanlığı sayəsində minlərlə adam Həzrət Bəhaullahın gəlişini qarşılamağa hazır idi.

 

Minlərlə adam mövhumatdan və xurafatdan azad olaraq təmiz ürəklə və aydın düşüncə ilə Allahın vəd etdiyi Şərəfin Zühurunu gözləyirdi.

 

Yoxsulluq və zəncirlər dözülməz həyat şəraiti fiziki təhqirlər onları Rəbblərin mənəvi şöhrətindən ayıra bilmədi, əksinə, bu məşəqqətli dünyəvi varlıq Onun həqiqi Parıltısının şəfəqlərini daha böyük qüvvə ilə nəzərə çarpdırdı.

 

Azərbaycanda bəhailik XIX əsrdən yayılmağa başlayıb. Hələ Həzrət Bəhaullahın sağlığında bu din Bakı, Gəncə, Bərdə, Göyçay, Salyan, Şəki, Şamaxı, Ordubad və başqa yerlərdə öz ardıcıllarını tapmışdı. Məşhur milyonçu Musa Nağıyev: akademik İzzət Orucova bəhai olublar. Yeri gəlmişkən, Azərbaycandakı Bahəddin, Bəhiyə kimi şəxsi adları bəhai adlarıdır. Sovet dövründə repressiyaya məruz qalan bəhai dini müstəqilliyimiz dövründə yenidən dirçəlib. 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Bakı Bəhai Mərkəzinin hazırda təxminən 500 üzvü var.

 

Bu ilin may ayının 22-də Hayfada, Karmel dağında dünya bəhailərinin inzibati və ruhani mərkəzinin açılışı keçirilib. 19 terrasdan və Həzrət Babın məqbərəsindən ibarət kompleksin açılışında dünyanın 200-dən çox ölkəsinin bəhai icmalarının nümayəndələri iştirak edib.

Elçin Sadiq

                                                                                        

bottom of page