Hacı Vaqif
İslama Xəyanət Bəşəriyyətə Xəyanətdir!
İslam Dünyası Qəzeti, 15 İyun 1993-cü il, № 12 (15)
Bismillahir-Rəhmanir-Rəhim
Həzrət Rəsuli-Əkrəm (s) buyurmuşdur:”Mənim 12-ci vəsim Həzrət Mehdi (Sahib əz-zəman) qeybəti-kübraya çəkilər və zühur edənə qədər xəlqin bir hissəsi ixtilafa düşüb, şəkk və şübhə ilə o Həzrətdən məyus olub inkar edərlər. Dünya zülm ilə dolan vaxtlarda çoxlu peyğəmbərlik və imamətlik iddiasına düşənlər olar”.
Mötəbər kitablardan və digər səhih mənbələrdən öyrəndiyimizə görə, dünyada 50 nəfərdən çox peyğəmbərlik və imamətlik iddiasına düşənlər olub. Bəzən elə nankor müsəlman olub ki, nəinki, peyğəmbər və imamətlik, hətta Allahlıq iddiasına düşüb. Bu şeytansifətlər hərə öz vaxtında bir hissə axmaq və cahil müsəlmanlardan ətraflarına toplaya biliblər. Səlibçilər və dünya sionizmi bu şeytansifətlərə himayədarlıq edib, həqiqi İslamı aradan aparmaq üçün ciddi cəhd göstəriblər. Hər halda dünya istismarçıları böyük bir qələbəyə nail olmasalar da, özlərinin qüdrətlənmələri üçün çoxlu vaxt qazanıblar və müsəlman aləminə çoxlu ziyanlar vurublar. Tarix kitablarında imamətlik və peyğəmbərlik iddiasına düşənlərin hamısının adları və törətdikləri cinayətlər barəsində ətraflı məlumat var (bax:”Zübdətüt-təvarix”, 2-ci cild). Mən bunlardan təkcə birini əziz müsəlman bacı və qardaşlarıma tanıtdırmaq istəyirəm.
Mirzə Əli Məhəmməd Bab əslən Şiraz əhli olub, uşaq vaxtında ruhi xəstə olduğu üçün dayısı onu müalicə məqsədilə Kərbəlaya aparır. Orada olan müddətdə o dövrün böyük alimlərindən biri olan Hacı Seyyid Kazimin bir neçə dərslərinə qulaq asır. Həmin dövrdə 10-15 nəfər əxlaqsız işlərinə görə Hacı Ağanın mədrəsəsindən qovulmuşlarla əlaqə yaradıb, onları öz tərəfinə çəkib, maliyyələşdirib hər birini bir şəhərə göndərir. Bir müddətdən sonra özü Şiraza gəlir.
Birinci dəfə “Mən qütbəm, dünya məni ziyarət üçün başıma dolanır”, ikinci dəfə “Mən babəm (qapıyam), kim Allahla görüşmək istəyirsə, məndən icazə almalı”, üçüncü dəfə “Mən naibi-sahib-əzzamənəm”, dördüncü dəfə “Mən sahibəz-zəmanəmki, zühur etmişəm”, beşinci dəfədə “Mən peyğəmbərəm”, altıncı dəfədə “Mən sizin Allahınızam, mənim yaratdığım Peyğəmbər sizin cahil vaxtınızda inandığınız peyğəmbərlərdən əfzəldir. Nazil etdiyim kitab sizin Quranınızdan əfzəldir”, deyir. Burada mənim yadıma bir lətifə düşür: “Bir gün bir nadan dağın başında balıq toru qurmuşdu. Hər soruşana deyirdi ki, bəli, dünyanı su basacaq və mən də balıq tutacağam. Dedilər: sən nə axmaq adamsan. Dedi: Mən axmaq deyiləm, çünki balıq üçün mənə beh verənlər var”.
Beləliklə, İranda bu kişiyə bir çox cahil və nadan adamlar tərəfdar çıxıb “BABİLİK” məktəbinin bünövrəsini qoydular”. Onda Ruhaniyyət müsəlmanları xilas etmək üçün Mirzə Əli Məhəmməd Babı xalqın gözü qarşısında sual cavab etməyə məcbur oldu. Çoxlu sual cavabdan sonra Məhəmməd Bab səhvini boynuna aldı və bir-bir İran şəhərlərini gəzib tutduğu işdən tövbə etdi. Cinayətlərinin çoxluğunu nəzərə alaraq, Təbriz şəhərində onu edam etdilər (1266-cı hicri-qəməridə). O əsnada, yəni 1269-cu hicri-qəməri ilində Məhəmməd şah öldü və onun yerinə Nasirəddin şah keçdi. Fürsətdən istifadə edən Mirzə Hüseyin Əli adlı birisi özünü Mirzə Məhəmməd Bab tərəfindən peyğəmbər təyin olunduğunu və “Bəhayi” təriqətinin banisi olduğunu elan etdi. Həmən il tövbə etməyən babiləri başına yığıb Bağdad şəhərinə qaçdı. O vaxt Bağdad şəhərinə hakimlik edən Osmanlı imperiyası dünya müsəlmanlarının etirazını görüb babiləri Bağdad şəhərindən qovub kimsəsiz bir adaya köçürtdü. Bəhailərin “peyğəmbəri” orada öldü.
Başsız qalan Bəhailər müsəlman məmləkətlərindən tamamilə qovuldular. Onlar II Aleksandrın vaxtında və bilavasitə onun himayəsilə Rusiya məmləkətində, Avropa və Amerika ölkələrində də məskunlaşdılar. Özlərinin keçmişlərinə qayıdıb müsəlmançılığı, yəni İslam dinini qəbul etmək istəsələr də, havadarları dünya sionizmi icazə vermədi.
İslamın əzəməti və böyüklüyü sayəsində onların balaları Babilik və Bəhailik təriqətlərindən əl çəkib yenidən İslama dönürlər. Beləliklə, Babilik dünyada ləğv olunub, Bəhailik qalıb. Onun davamçıları da, inşallah, tezliklə başa düşərlər ki, İslama xəyanət, bəşəriyyətə xəyanətdir. Tövbə qapısı həmişə açıqdır”
Hacı Vaqif