top of page

Nicat Fərzəliyev

Mənim adım Nicatdır və özüm haqqında yazmaq mənim üçün çox çətindir. Bizim cəmiyyətimizdə və ümumiyyətlə mədəniyyətimizdə biz, sadə olmağı, təvazökar və özümüz haqqında danışmamağı öyrənmişik. Ancaq bu gün sizin icazənizlə öz təcrübələrimi bir Bəhai kimi və bu inancla mən necə Yeni Zühura tərəf yönləndiyimi sizinlə bölüşmək istəyirəm. Nə zaman ki, elm, riyaziyyat, kompyuter, musiqi və dünyanı anlamaq məsələsi gəlir, bizə deyilir ayıq olaq, gözünü aç və daha çox öyrən, amma məsələ dini nöqtəyə gələndə bizə deyilir gözlərimizi bağlayaq, oxumayaq və dairədən kənarda olan kimləsə danışmayaq.

Mən Allahın Yeni Zühurunu (www.yenizuhur.az) araşdıranda, insanlar arxamca “filankəs filan yola gedib”, “yazığı yoldan çıxarıblar”, “yəqin pul üçün gedib” və daha bir çox doğru olmayan sözlər deyirdilər. Lakin bu sözlər bizdə insanların Allahın Zühurunu necə anladıqlarına dair çox önəmli anlayış yaradır. Əminliklə deyə bilərəm ki, Allahın Dininə və Onun bəndələrindən nə ümid etdiyinə gəldikdə, orada çox güclü İlahi Əhd və cazibə qüvvəsi var ki, bu qüvvə Yaradıcı ilə insan arasındakı əlaqəni idarə edir. Heç təsadüfi deyil! Mən kiminsə arxasına düşmədim, yada istəmədiyim bir yolu izləmədim. Mən əslində bir cazibə qüvvəsi ilə çəkildim ki, bunu yalnız İrfana, Allahın Ucalığına və bütün dinlərin birliyinə doğru çəkən güclü bir maqnit kimi təsvir edə bilərəm.

Mən hətta Bəhai Dinindən qaçmağa çalışdığımda bu cazibə maqnitinin məni özünə necə çəkdiyini xatırlayıram. Yeni Zühurdan qaçmağa çalışdığımı dedikdə mənə inanın.... çünki, mənim yaşadığım cəmiyyətdəki hər kəs bunu, heç bir araşdırma etmədən, təriqət adlandırır və araşdırana yad, qəribə adam, və qulyabanı kimi baxır. Bu vebsaytı mən həmin 67 Azərbaycanlı yazanların namina həsr edirəm ki, şücaət və cəsarətlə insaf və dürüstlüklə araşdırıb yazdılar. Onlar sizin və mənim kimi insanlardır.  

Axtarış dövründə mən nə qədər ki, qəlbimi təmizləyirdim, yol göstərməyi üçün Allaha yalvarırdım, həqiqəti tapmaq üçün səmimi çalışırdım, qulaqlarımı fanatik dostlarımdan gələn qərəzli fikirlərdən təmizləyirdim, dilimi dünyadakı başqa insanlara nifrətdən arındırırdım, öz ürəyimin aynasını parıldadırdım, insaflılıq təbiətimi genişləndirirdim, həmin qədər də görünməyən cazibə qüvvəsi məni daha güclü halda gətirərək Yeni Vəhyin Günəşinə doğru çəkirdi.  Əgər fikirləşirsiz sizinlə zarafat edirəm, tam səmimiyyətlə tövsiyyə edirəm ki, şücaətli olasınız və bir dəfə həyatınızda bu hala daxil olun və səmavi nidanı eşidin. Atalar demişkən, insaf dinin yarısı bəlkə də hamısıdır...

Bir gün oyandım və hiss etdim ki, mənim bütün varlığım insanlara xidmət etmək üçün, onları sevmək üçün və özümü daha yaxşı dünya yaratmaq üçün fəda etməyimə yetəcək qədər enerji ilə dolub. Bu nə hiss etdiyimi ya da öyrəndiyimi heç vaxt kiməsə təsvir edə bilməyəcəyəm, çünki, bu halət inanılmaz halətdir. Hətta Məhəmməd Peyğəmbər də irfanı kiməsə təsvir etməyə, ya da öyrətməyə, çalışmırdı. Bu yenilənmə məhz bir insanın öz qərarı ilə araşdırmaya cəhd edəndən sonra əmələ gələ bilər. Əslində İrfan yox cəhalət qılıncı Allahın Peyğəmbərinə qarşı müharibə elan etdi və Onun ölümündən sonra 12 İmamı də şəhid etdilər. Halbuki, əgər Ərəblər bir an insaflı ürəklə araşdırmış olsaydılar Həzrət Məhəmmədi tanıyardı və Onun Gözəl Səmavi Təlimlərini Qəbul edərdi. Bu ondan irəli gəlirdi ki, Yeni Zühurun gerçəkliyi və həqiqəti "izah edilməyən" bir anlayışdır və əslində "yeni bir vicdan oyanışı" kimidir. Yeni Zühur Naxçıvana gələn kimi, on minlərlə Azərbaycanlı qəbul etdi, ona görə yox ki onlar dahi imiş və bütün kitabları oxumuşdu!  Xeyir əzizlərim!  Ona görə ki, onların ruhu insaf işığının vasitəsilə oyanmış oldu. 

Ağdam şəhərində 1981-ci ildə anadan olmuşam. Yadımdadır, Ağdamın yaxşı havası var idi və axşamlar hamı şəhərdə gəzirdi. Camaat yaxşı yaşayırdı və elə bil ki, hamıda bütün imkanlar var idi. Gözəl ənənəvi adətlərimizlə yaşayırdıq. Bir gün vaxtımız bitdi və Allahın Əlində hamımız ordan çıxdıq. O gözəl yerlərdə müharibə başladı və biz məcburi olaraq köçdük. Mənim həyatım həmişəlik dəyişdi. Bilmirəm əgər Ağdamda qalsaydım nə vaxtsa Bəhai Dini haqqında eşidərdim və əgər eşitsəydim bizim ənənəvi adətlərimiz bizə və mənim kimi cavan bir gəncə araşdırmağa yol verərdi?  Və əgər yol versəydi, qərəzdən uzaq bir nəfər bu Yeni Zühur haqqında mənə məlumat verərdimi? Mənim ən yaxın qohumlarımın biri Yeni Zühurun gerçəkliyini tam qəbul edib və ürəyi bu ecazkar işığın parıltısı ilə dolub. Amma rayonlardakı təəsübkeşliyə görə imkan vermir kimləsə bölüşsün. Halbuki, Azərbaycan Respublikasının arxiv sənədlərinə görə Qarabağda böyük Bəhai İcması olub və onlar 1920-ci illərdə qeydiyyatdan keçirilmişdi.

Hətta Naxçıvanın bəzi kəndlərində bütün əhali Yeni Müjdəni qəbul etmişdi. Füzuli rayonunun kəndlərindən biri Babilər Kəndi adlandırılıb. Bu danılmaz faktdır  və məmləkətimiz tarixin bir hissəsidir.  1938-ci ildən əvvəl Qarabağda minlərlə Bəhai yaşayırdı amma 2016-cı ildə cəmiyyətin təəssübkeşlik cəfasına məruz olaraq vətəndaşlarımız, günəş kimi çıxmış Yeni Zühurdan pərdəli qalır. Biz Yeni Zühur haqqında öz məmləkətimizdə öyrənməməliyik? Xüsusən mən və mənim bütün əcdadlarım ki, Qafqaz dağının əhalisi və Simurq diyarının sakinləriyik.  Bu tarix məndən deyil, Respublikanın oxumuş alimləri, Professor Rafıq Əliyev cənablarıSolmaz Rustəmova xanımlar kimi azərbaycanlılar Bəhai dinini araşdırılmışdı.  

1992-ci ildə Ağcəbədi şəhərinin 114 nömrəli peşə məktəbinə köçdük və orada bir otaqda yaşamalı olduq. O vaxt hökumətin ən çətin vaxtı idi. Doğurdan da çətinlik və əzab insanı daha çox insaflılığın dəryasına yaxınlaşdırır.  Bir gün bir oğlan Amerikadan bizim binamıza gəldi və dedi binanı təmir etmək istəyirlər. Biz hamımız şad olduq. Oğlanın binada yaşayanlarla başqa münasibəti var idi və heç kimə yuxarıdan aşağı baxmırdı, bəlkədə bizi özündən yuxarı görürdü. Onun həqiqi xidmət nəfsini ruhumuz hiss edirdi. Təvazökar idi, sakit yanaşırdı, hamı ilə istər uşaq istər böyuk hörmətlə danışırdı, həmişə gülürdü və biriylə danışanda bütünlüklə ona bir varlıq kimi baxırdı, qulaq asırdı, elə bil ki, dünyada başqa heç kim yox idi. Amerikanlı təmiz bir insan, gözləri ülvi, əlləri pak və qəlbi təmiz bir adam şəhərdə məşhur olmuşdu. Binaya gələndə salamsız heç kimin yanından keçmirdi. Onun tərcüməçisi yorulurdu amma bütün salamları tərcümə edirdi.

Get-gedə mən bu amerikanlıya baxırdım. Bizim bütün bina sakinlərinə yeni bir ümid verilmişdi. Mənim həyatımda yeni bir bölmə açdı.  Bu birinci amerikanlı idi ki, biz onunla belə yaxın olmuşduq.  Mən öz kiçicik dünyamda belə qərara gəlmişdim ki, onun xarakteri Amerikan xarakteri olmalıdır və yəqin bütün amerikanlılar belədirlər!! Onun həqiqi məhəbbəti mənim kimi müharibədən xilas olmuş uşağa təsir etmişdi. O vaxtlar mənim amerikanlılardan xeyli xoşum gəldi və istəyirdim böyüyəndə mən də amerikanlı olum!! Bir neçə ay keçdi və həmin amerikanlı Ağcabədidən köçdü. Bir dəfə söz düşəndə demişdi Bəhai dinində Novruz bayramı bütün dünya səviyyəsində qeyd edirlər, ən müqəddəs gündür və hətta Bəhailər Amerikada da Novruzu qeyd edirlər. Biz məəttəl qaldıq necə Amerikada Novruzu qeyd edirlər. Sonra başqa vaxt dedi Bəhailər içki içmir, lakin biz Bəhai sözü eşidəndə fikir vermirdik və onlar da soruşmayanda din haqqında bir söz demirdi.

On ildən sonra Bakıda Bəhai mərkəzinə gedəndə gördüm orda hamı həmin amerikalı kimi davranırdı, xidmət ruhu, ümid ilə dolu qəlb, hamı ilə hörmətli və gülərüz, uşaqlara böyüklər kimi ehtiram, iffətli kəlam, təvazökar və hamıya mehriban idilər. Çox getdim gəldim va baxdım indi məndən nə istəyirlər. Gördüm ki, burada hamı bir-birine kömək edir sərbəst axtarış aparsınlar - vəssəlam! Heç vaxtları yox idi kimsəni pisləsin, boş söhbətlərlə vaxt itirsin, kimsəni tənqid etsin, birinə sataşsın. Girdim mətbəxə, ilk dəfə görürəm kostyum geyinən oğlanlar qab yuyur və çay dəmləyir. Və burda bütün dinlər millətlər irqlər bir-birləri ilə mehribandır.

 

Məsələn, rus oğlan Bəhai olmuşdu və nəinki Həzrət Məhəmmədi bir Peyğəmbər kimi qəbul etmişdi və Həzrət Bab və Bəhaullahı da həmçinin, o mənə Həzrəti Məhəmmədin yüksək məqamı haqqında söhbət edirdi. Burda hər cürə adam var idi - Rus dilli, yəhudi, xaricdən gələn, rayonlardan, qarabağlı və maraqlı adamlar. Amma hamı o amerikalı oğlana oxşar, hamını öz ailəsi kimi qarşılayır, sanki dünya bir ailədir.

O mənim ilk oyanışım idi və mən daha dilsiz-ağızsız amma əzmli oldum ki, araşdırım, zira, eşitdiklərim, gördüklərimdən tamamilə fərqli çıxmışdı. Mən evə gəldim və bunu anama izah etdim. Dedim burdakı bütün insanlar bizim 10 il əvvəl Ağcəbədidə gördüyümüz amerikalı kimidir. Anam dedi sən o zaman uşaq idin, bunları necə bilirsən? Anam və anamın anası (nənəm Laçın rayonunun Ucqar kəndində yaşamışdır və o vaxt beş qız övladını ali təhsil almağa hazırlaşdırmış və oxutmuşdur) çox ruhani insanlar idi, amma onların bəzi sualları var idi ki, İslam alimləri bu gün yaşamaq üçün, cavab verə bilmirdi. 

Anam həmişə narahat idi ki, dində qadınlar aktiv deyil, qadınları dini icmalarda bir aktiv üzv kimi saymırlar. Dini mərkəzlərdə qadın siması məhv olub. Qadınları əlnən saymaq olar və yarısı araşdırma üçün yox oranı təmizləyən işçilərdir. Bəs qadınların ruhu yoxdurmu? Onlar Allahın kənizləri deyillərmi? Onlar Allaha dua oxuya bilmirmi? Anama demişdilər ki, qadının səsi məsciddə, kilsədə və sinaqoqlarda eşidilməməli və saçı görsənməməlidir. Halbuki, Azərbaycanda qadının səsi Elmlər Akademiyasında, institutlarda, məktəblərdə, mədəni mərkəzlərdə, operada, musiqi məktəbində, hökumətdə və bütün yerlərdə kişilərlə bərabər cəmiyyətə xidmət etməkdə eşidilir. Amma din ilə bağlı elə bil ki, qadınların ruhu laldır, kardır və kordur. Din mərkəzləri qadınlarla bacarıqsız varlıq kimi davranır. Deyirlər sənə oruc tutmaq və namaz qılmaq o qədər də vacib deyil. Ancaq anam inanır ki, bir insan öz ruhunu inkişaf etdirmək istəyirsə, qadın və ya kişi olsun, bütün İlahi Hökmləri yerinə yetirməlidir!  

O axşam anam Bakıdakı Bəhai mərkəzinə getməyi və bəhailəri araşdırmağına söz verdi. O mənim balaca bacım ilə birlikdə günbəgün Bəhai mərkəzinə gedib gəlirdi, insanlarla danışırdı və Yeni Zühur haqqında öyrəndi. Bir gün anam və bacım evə gəlib dedilər ki, onlar Həzrət Bəhaullahı bu günkü Allahın Elçisi olduğunu qəbul ediblər. Dedi Allah Peyğəmbər göndərib ki, insanlarla Əhdini yeniləsin. O, mən bu Əhdi yeniləməklə "daha yaxşı Müsəlmanam" dedi. Anam və bacımın gözlərində böyük parıltı var idi və sanki dünya onlara bəxş edilmiş kimi sevincli idilər. Biz Ağdamı tərk etdiyimizdən bəri anamı bu qədər xoşbəxt görməmişdim.

Anam deyirdi, Bəhai inancında Allahın Vəhyi fərdi olaraq araşdırılmalıdır və heç kəs öz uşaqlarını ya da həyat yoldaşını Bəhai olması üçün zorlamamalıdır. Elə də oldu... və atam özü fərdi araşdırdı. Anam dedi indi biz insanlığın yetkinlik dövründə yaşayırıq və hər bir şəxs hətta uşaqlar da Allahı araşdırmaq və onu tanımaq üçün dərin bacarığa malikdir. Buna görə anam bizə dedi kor-koranə qəbul etməyin, qəlbinizin İlahı irfan ilə aydınlanmasına yol açın və sonra qəlbinizdə Allahın yuvası olduğunda əmin-amanlıq tapın. Amma bu yolda, ey mənim uşaqlarım, məbada Allaha şək şübhə, laqeyidsizliklə və ya lovğalanmaqla yanaşasınız. Əgər araşdırmaq istəmirsiz o sizin ixtiyarınızdadır, amma elə bir hərkət etməyəsiniz ki, o dünyada xəcalət çəkəsiniz. 


O vəziyyətə baxanda mən dəhşətə düşdüm və mənim Qarabağlı qanım qaynamağa başladı. Mən bir kişi kimi icazə vermərəm mənim anam və kiçik bacım bizim bütün ənənəvi adətlərimizdən üz çevirsin və İslam dinimizdən imtina edərək əcnəbilərə qoşulsun. Mən bu insanların səhv olduğunu və İslamdan sonra yeni bir dinin olmadığını sübut etməyi özumə söz verdim.

Əziz oxucu! Xahiş edirəm məni düzgün başa düşün. Mən bunları söyləyirəm ki, Yeni Zühurun araşdırmasında nələr ola bilər, hansı reaksiyalar və biz hər addımda imtahana (çətinliklərə) düşürük. Paradoks nədir? Anama Yeni Zühur haqqında xəbər verən mən idim və onu yoldan çıxartmaq istəndə elə mən idim. Buna deyirlər İlahi imtahan.  Quranda (29:2) yazıb, "İnsan yalnız: “İman gətirdim!” – deməklə ondan əl çəkilib imtahan olunmayacağınımı sanır?"   

 

Balaca bacımı və anamı yaxından müşahidə edirdim, baxım onlar hansı qeyir-adi mərasimlərlə məşğul olacaq. Mən bacımın necə yaxşı və xoş-rəftar olması qarşısında olduqca heyrətləndim. Sanki onun ruhu səbr, tolerantlıq, sevgi və dinləmə qabiliyyəti kimi ruhani keyfiyyətlərlə dolmuşdu. Səhərlər bir-neçə dəqiqə və axşamlar da allahın sözlərini oxuyarkən elə bil bal yeyirdi və onun ən yaxşı xasiyyətləri gül kimi açmışdı. Biz daha uşaq kimi mübahisə eləmirdik və o mənim sözümə hörmətlə yanaşırdı. Özümə sual verdim, mənim bacıma nə olub? Günorta saat 12 tamamda namaz qılırdı. Namazı isə bir cümlə idi, qibləyə dururdu və oxuyurdu. Gülməli o idi ki, namazı ərəbcə yox azərbaycanca qılırdı. Belə şey görməmişdim!! Ona zarafatla dedim bir dəyqəlik namaz olar!! Anam eşitdi və dedi, bəli oğlum bu gün yeni bir dövrdür. İnsanlar bütün gün məscidə gedib gələ bilmir. Həftə içində məscidlər boş qalır və insanlar gündəlik namaz qılmaqdan məhrumdurlar, halbuki namaz həftədə bir dəfə yox gündə qılınmalıdır. Hamı məşğuldur, yoldadır, işdədir və Allah da bu günün vəziyyətinə görə Qısa namazı, Orta namazıBöyük namazı nazil etdi. Bəhailər hər gün bu namazlardan hər hansı birini qılmağa borcludur. Bacın da indi tələbədir, vaxtı olmur. Ona görə qısa namazı oxuyur. Sonralar bəlkə istəsə böyük namazı oxuyar. Bax belə!!

Mən istəyirdim onların səhvini sübut edim və bu fikirlərdən qaça bilmirdim. Təəssüf ki, Allah bizi bu cur təəssübkeşliklə yaradıb. Bəlkə istəyir biz Onu axtarmağımızda daha çox cəsur və əzimli olaq. Bilmirəm, qəliz məsələdir və hər bir insan özünə müraciət etməli və candan keçib canan diyarına addım atmalıdır. Bəhai mərkəzinə getdim və kitab istədim. Onlar mənə divardakı rəfi göstərdilər və dedilər ki, kitabları evə aparmadan burada oxuya bilərəm. Mən vaxtım olanda gedib gəlirdim.  Orada oturarkən gənclər gəlirdilər və birgə kitablar oxuyurdular. Maraqlı o idi ki, dini rəhbər görmürdüm və hamı özü şəxsən araşdırırdı. Hərdən bir mətbəxdən bir gənc çıxır və ordakılara çay gətirirdi. Mən özümdən soruşurdum, bu insanların qəlbindəki dəyişici gücə malik qüvvə görəsən nədir? Bəhai mərkəzində kitab oxumaq biraz vaxt aldı və mən o günlərə dəyər verdim. Hayıf ki, o mərkəz artıq işləmir çünki mənim yaşda gənclər üçün sağlam mühit idi. Allaha şükür bu kitablar və həmin kitabxana indi internetdədir. (www.bahaikitab.az)
 

Axırda axtarmaqdan yoruldum və Allaha dedim, Ey Allah, mən Səni, və Sənin gerçəkliyini və Sənin dinini axtarıram. Əgər Sən bu Yeni Zühuru göndərmisənsə, bəs onda mənə kömək et həqiqəti tapım.  Sən mənim çaşqınlığımı görmürsən? Rəhmin gəlsin Ay Allah. Gündə bir təriqət, bir din ortaya çıxır. Niyə Sən bu qədər cürbəcür dinlər göndərirsən və bizim həyatımızı çətinləşdirirsən? Məgər Sən Tək deyildin! Bəs Xristianlıqda 33,000 təriqət, İslamda isə 73 məzhəbin içində on minlərlə təriqət olur? O gün mən Allaha səmimiyyətlə dedim, mənə bir dəfə qulaq ver. Sən məni Səni tanımağım və ibadət etməyim üçün yaratmısan. Qoyma həyatımı qarışıqlıq və mənasızlıq içində yaşıyım. Niyə heç kim gəlib bizə Azərbaycan dilində demir ki, Allahın gerçək yolu hansıdır? Əgər Sən Yenilməz Qüvvəsənsə, niyə insanlar üçün hansı dinin doğru olduğunu dəqiqləşdirmirsən?

 

Meditasiya halında dərin insaf çərçivəsində düşündüm ki, bəlkə də Allah Yeni Zühur haqqında bizə Azərbaycan dilində nə isə deməsi üçün bir nəfəri göndərib. Həmin gün Bəhai mərkəzində mən, “Bəhaullah və Yeni Era” kitabından aşağıdakı sətirləri oxudum:

Mən Hikmət Günəşi və Bilik Dəryasıyam. Mən zəifi ruhlandırır, ölünü dirildirəm. Mən yol aydınladan İşığam. Mən Qüdrət Sahibinin qolunda sultan şahiniyəm. Mən qanadı sınmış hər bir quşun qanadını açır və onu uçmağa qabil edirəm.

 

Özümə qarşı dürüst olmağa başladım və dedim; HEÇ KİM ALLAHIN ELÇİSİ OLMADAN BU SƏTİRLƏRİ YAZA BİLMƏZ. Əgər minlərlə cəsur insanın qəlbini bir insanın qəlbinə yerləşdirsənizdə, bu cür bəyanatları söyləyəməz. O gün bəlkə də Allahın yazığı gəldi və mənim qəlbim onun Yeni Vəhy Günəşini əks etdirmək üçün yetərincə təmizdir. Mən qəflətən sakitləşdim və bütün şübhələrim qeyb oldu. Hiss etdim ki, onun bu sözləri mənim ruhum tərəfindən öyrənildi: "Mən qanadı sınmış hər bir quşun qanadını açır və onu uçmağa qabil edirəm."

Mən o gün Həzrət Bəhaullahı Öz sözləri ilə tanıdım - yalnız o anda ki, Onun şərtlərini həyata keçirməyə başladım və O, mənim ürəyimi nurlandırdı - “Axtaran kəs istədiyi məqsədə yalnız hər şeydən keçməklə çata bilər. Yəni o, gördüyü, eşitdiyi və bildiyi bütün şeyləri bir «yox»la inkar etməlidir ki, can diyarında «İlləllah» şəhərinə yetişsin.

Axşam evə gəldim ve hamı bildi ki, bu gün mən artıq həmin adam deyiləm. Uçurdum, xoşbəxt idim və gülməkdən başqa bir söz deyə bilmirdim.  Yeməyi gülə-gülə yeyirdim və anam məəttəl qalmışdı necə onun oğlu oturub özü yemək yeyir!! Özu də ləzzətlə. Mənim böyük bacım deyirdi ki, mənə də söyləyin. O Tibb İnstitutunun tələbəsi idi və heç vaxtı yox idi bizimlə danışsın, amma o gün mənim halıma baxanda gəldi oturdu. Nə qədər ki, biz bir ailə kimi yaxınıq bu barədə hər kəs həqqiqəti özü axtarıb tapmalıdır çünkü aləm yetkinlik dövründədir və hər şəxs həqiqəti özü tapmalıdır və başqa yol yoxdur. Biz ona dedik ki, sənin suallarına cavab verə bilərik, amma cavab və məntiq Allahın işığını sənin ürəyinə cəlb edə bilməz. Allah səndən hərəkət istəyir. Yalnız eşitmək yaxud oxumaq nuru cəzb eləmir. Şəxsi addım lazımdır. Şəxsi hərəkət lazımdır. O da yay tətilində şəxsi axtarışına addım atdı və payını Allahdan aldı.  Mən surpriz deyildim, çünki o bacı Allahın ən pak ürəyli insanlarından biridi, amma biz hamımız məəttəl qaldıq ki, hətta ən pak ürəylilərin də şəxsi hərəkət eləməsə Allah onun ürəyinə təşrif gətirməz. Ancaq dünyanın ən dərin sirrlərindən biri bu olmalıdır. Və Həzrət Bəhaullah bu münasibətini açıqlamışdı. "Məni sev ki, Mən də səni sevim. Sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bunu bil, ey bəndə!"

O gündən indiyəcən, heç bir gün belə olmayıb ki, hansısa yeni bir sirr və dünyanın əsrarəngiz rəmzləri mənim ürəyimə açılmamış olsun.  Məsələn bir ədəd tutun dadı o gün mənim ruhumu uçurdu və o qədər şad oldum ki, guya dünya mənə verilmişdi.  Allahın əsrarəngiz rəmzləri hər şey içində elə bil gizlidir. Hiss edirəm insanlığa xidmətdə addımladıqca və aktiv olduqca, yaxşı şeylər etdikcə, düzgün olduqca, ölkəm üçün yaxşı vətəndaş olduqca, qonşuma bir dost kimi olduqca, düzgün işçi olduqca və yaxşı bir insan olmağa çalışarkən, Allahda Öz sevgisini, gözəlliklərini və rəmzlərini tədricən mənim ürəyimə açır və pay verir. Bu bir səfər kimidir və səfərin təbiəti və mahiyyəti elə budur. Hərkəs hazır olduğu zaman öz səfərini başlamalıdır və nə vaxt ki, başlayır, o andan etibarən daha mənalı həyat yaşamağa başlayır.

Öz kitabında, Yeni Dövr Yeni Təfəkkur, Ramazan Əsgərli yazır ki, “Əgər başqalarına işıq saçmaq istəyirsənsə, özün şölə saçmalısan.” Bu dünyada bizim insani məqsədimiz ondan ibarətdir ki, həqiqəti özümüz araşdırmaq üçün cəsarətimizi artıraq. Bəhailər inanırlar ki, Allah Təkdir və Onun dini də Vahid Bir Dindir - Professor Azər Cəfərov bu məsələni sizə daha mükəmməl danışa bilər. Amma mən buna əminəm ki, Bəhai olarkən, Həzrət Məhəmməddən üz döndərmədim, və birinci dəfə Onun İlahi məqamını daha dərin dərk elədim və sadəcə Əhdimi yeniləşdirdim. Mən hiss etdim, İslam dininə daha yaxınam və anladım ki, həqiqətən o gerçək Sülh çağırışıdır-Salam və Salavat Onun Üzərində Olsun. Bəhai olarkən bir dəfəlik İslamın bu gündəki ixtilaf yaradan fiziki aspektlərindən uzaqlaşdım. İslam saqqalı və ya təsbehatı necə saxlamaqla öz uca məqamını tapmır, fatihədən sonra hansı əli qaldırmaqdan aslı deyil. İslam bir günəşdir ki, insan aləmini işıqlandırıb və insanlığın ən qara dövrlərindən bizi bura gətirib və biz həyatımızı və bu günki təkamülümüzü İslama borcluyuq.  

Tədricən bir Bəhai kimi öyrəndim, İslam Allahın inkişaf etmiş dinidir və Məhəmməd Peyğəmbər Adəm ilə başlayan Axır-Zamandan bu yana olan Allahın peyğəmbərlərin ən uca möhürüdür. Qoşa Zühur ilə 1844-ci ildə, insanlıq yeniyetməlik dövrünə girərkən yeni bir dövr başlamışdır. Heç kim, bunu mənə bu cür dərin və qaneedici izah edə bilmədi. Mənə deyilirdi ki, gəl günahlarını yu, Axır-Zamanda bütün insanlar öləcək və dünya sonlanacaq və maraqlı odur ki, atama da, babama da həmin söz deyilib və dünya hələ də güclü inkişafdadır. Allah Rəhmət eləsin, nə gözəl demişdi yazıçı Lev Tolstoy, "Yanıb işıq saça bilmirsənsə, heç olmasa işığın qabağını kəsmə!"


Mənim iş CV-im:

Mən Nicat Fərzəliyev Əli oğlu, 25 iyun 1981-ci ildə, Ağdam şəhəri Ətyeməzli kəndində anadan olmuşam. Orta məktəbə elə doğulduğum yerdə getmişəm və orta məktəbi 1999-cu ildə Bakıda Nəsimi rayonu 19 saylı orta məktəbdə bitirmişəm. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin – Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultəsinə daxil olmuşam. 2003-cü ildə Universiteti bitirdikdən sonara hərbi xidmətə və ölkəmizə can vermə üçün yollanmışam. Hərbi xidməti başa vurduqdan sonra neft və qaz sahəsində olan şirkətdə işləməyə başladım. 2006-cı ildə Aynur ilə ailə həyatı qurdum və iki qız övladım var. Hal-hazırda da həmin sahədə öz ixtisasıma uyğun olaraq işləyirəm. İşlədiyim bu illər ərzində bir çox təlimlərdə iştirak etmişəm və aparmışam. Hər gün yeganə məqsədim odur ki, mənə çörək verən bu firmaya xidmət edim və qoymayım bir damca zərər alsın. İş təcrübəmi artırmaq üçün xaricə xüsusi təlimlər almağa göndərilmişəm. Hal-hazırda “TAR” layihəsində Materiallar üzrə nəzarətçi vəzifəsində işləyirəm. 

-Nicat Fərzəliyev,

Azərbaycan Respublikasının övladı

.

bottom of page