Bəxtiyar Mətləbli
Mən Sonuncuyam
Reytinq Qəzeti, 21 İyul 2002-ci il. № 28 (172) Səh: 16
BƏHAİ DİNİ hazırda ölkəmizdə Bəhaullahın 1863-cü ildə elan etdiyi bu dinin də tərəfdarları fəaliyyət göstərir. İranda öz etiqadlarına görə sürgün olub, təzyiqlərə məruz qalan, Misirdə qadağan olunan Bəhai dini Azərbaycanda maneəsiz öz etiqadlarını təbliğ edir. Bizi maraqlandıran sualları icmanın ictimaiyyətlə əlaqə şöbəsinin nümayəndələri Azər Cəfərov və Elçin Əzizov birlikdə cavablandırmağı məsləhət bildilər. Beləliklə, eyni sualda hər ikisinin cavabları ayrılıqda göstərilmədən dərc olunur.
-Bəhailər öz ideyalarını necə təbliğ edirlər?
-Təbliğatın müxtəlif yolları var. Elə geniş maddi imkanımız yoxdu ki, televiziyadan, radiodan istifadə edib prinsiplərimizi təbliğ edək. Hər bir bəhainin boynunda yük var ki, qohumuna, yaxınına bu din haqqında məlumat versin. Bəhai dininin belə bir prinsipi var ki, hər kəs həqiqəti müstəqil axtarmalıdır. O, insanlar ki, Allah axtarıcı yolundadırlar. Gəlib burda tapırlar. Əlbəttə, mən öz dostlarıma, qohumlarıma, iş yoldaşlarıma deyirəm ki, belə bir din gəlib, allahdan əmr var. Dinləyən dinləyir, dinləməyən isə dinləmir. Insanların boynuna qoymuruq ki, mütləq bura gəlsinlər. Şəxsən mən tanımadığım adama heç vaxt demirəm. Yəni inamımızı ucuz tutmuram. Çünki, ola bilər ki, tanımadığım adam kobud söz desin, ancaq yaxınım mənə hörmətlə yanaşır. Heç vaxt şəhərdə bəhailiyin təbliğ edilməsinə rast gəlməyəcəksiniz.
-Ədəbiyyatınız satışlarda varmı və ya hədiyyə olunurmu?
-İcma səviyyəsində yox. Məsələn, mən kitabı öz mərkəzimizdən alıb başqa yerdə müəyyən qiymətə sata bilərəm. Ancaq, gərək o əzik, aşağı səviyyədə çıxarılmış olmasın. Oxucuya hörmət olunmalıdır. Bizdə burda kurslar var, biz onu gizlətmirik, tək bəhailər üçün deyil, hamı gələ bilər. Elə adam var ki, iki ildir gəlir, bəhai deyil. Amma xidmətlər eləyir, yuyur da, silir də, süpürür də, bəhai olmasa da.
-Bəhai olmayan şəxsin xidməti nəyin müqabilindədir?
-Heç bir yardım yoxdur. Bizdə sərhəd yoxdur. Müsəlman var ki, gəlib burda namaz qılır. Allaha gedən yollar müxtəlif olsa da, Allah birdir. Biz fərq qoymuruq xristian, müsəlman, yəhudi-hamısı Allah ümmətidir.
-Azərbaycanda hansı problemlərlə üzləşirsiniz?
-Dövlət tərəfindən problemimiz yoxdur. Son 2001-2002-ci illərdə hətta münasibətlərimiz daha da yaxşılaşıb. Bu da DQİDK-nın yaranmasından sonra olub. Dəfələrlə Rafiq Əliyevlə görüşmüşük. Komitənin başqa üzvləri ilə də. əvvəlcə qeydiyyat məsələsi olub, sonra da müxtəlif məsələlərdə. Torpaq sahəsi alanda, kitab nəşrinə icazə alanda. Yəni elə bir məsələ olmayıb ki,mənfi cavab verələr. Ictimaiyyətlə də heç bir problemimiz yoxdur. Müsəlmanlarla əlaqələrimiz var. Xristianicmaları ilə, krişnalar ilə də əlaqələrimiz yaxşıdır.
-Prinsiplərinizdən biri də dünyada sülhün bərqərar olmasıdır. Qarabağ münaqişəsinin həlli yolunda hansı addımlar atmısınız və ya müraciətlər olubmu?
-Biz bu məsələ ilə məşğul olmamışıq. Çünki, bu işin dövləti var, dövlət başçısı var, siyasətçisi var. Onlar bu problemlə məşgul olurlar. Əlbəttə, bu münaqişə sülh yolu ilə həll olunsaydı yaxşı olardı. Nə o tərəfdən, nə də biz tərəfdən cavanlar nəyə görə gedib həlak olsunlar. Sülh olmadığı halda Azərbaycan dövlətinin, ordusunun borcudur ki, silah yolu ilə torpaqları azad etsin. Düzdür, bəhai dinində insan öldürmək, qəsd etmək qadağandır. Hətta belə prinsip var ki, bölmək öldürməkdən yaxşıdır. Amma evə bir quldur, cani girəndə sən gərək onun cavabını verəsən. Indi ermənilər quldurdur, gəlib giriblər evimizə. Dovlətin də borcudur ki, bu quldurları qovub evdən çıxartsın. Bəzi dini baxışlarda, konsepsiyalarda, belə bir şey var alternativ xidmət, orduda xidmət etməmək, bizdə isə bu problem yoxdur. Lazim gələndə Vətən yolunda canımızı qurban verəcəyik. Dini əqidəsindən asılı olmayaraq hami Vətəni qorumalıdır.
-Bəhailərin BMTilə sıx əlaqəsi var. Sizin yayılmanızda BMT bilavasitə rol oynayırmı?
-Yox, BMT-nin özünün konkret funksiyaları vardır. Bəhai dininin BMT də iştirakı onun prinsiplərindən irəli gəlir. Biz istəyirik dünyada ümumi sülh olsun. Ümumi ədalətli iqtisadi münasibətlər olsun. Bəşəriyyətin birliyi prinsipindən çıxış edirik. Yeganə bir vasitə də BMT-dir.
-Bəlkə deyək BMT-nin himayəsi altındasınız?
-Yox, nə biz BMT-nin himayəsi altındayıq, nə də BMT bizim himayəmiz altındadır. Sadəcə olaraq beynəlxalq bəhai icması BMT-də iştirak edir, onun işinə kömək edir. Müəyyən proqramlar üzrə, məsələn, YUNİSEF, EKOSOK, YUNİFERM, YUNEM şöbələrində təmsil olunur. BMT-nin 50 illiyi ilə əlaqədar biz bəyannamə vermişik ki, BMT-nin strukturlarını necə yaxşılaşdırmaq olar.
-Beynəlxalq dilin olmasını istəyirsiniz. Esperanto dili...
-Həzrəti Bəhaullahın Kitabi-Əqidə kitabında buyurulub ki, dünyanın bütün xalqları bir yerə yığılmalıdır, ya yeni bir dil icad etməlidirlər, ya da ki, bütün insanların qəbul elədiyi bir dil beynəlxalq dil kimi qəbul etməlidirlər. Hazırda 6 beynəlxalq dil var. Esperanto dil məsələsi hələ ki real deyil. Çünki ümumi tendensiyaya baxdıqda bəşəriyyət ingilis dilinin qəbuluna gedir.Bəhaullah yazılmayıb ki, esperanto dili və ya ingilis dili.
-Ancaq esperanto dilinin icabı bu məqsədi daşıyır. Siz necə, bu dili öyrənirsiz və ya öyrədirsiniz?
-Yox, öyrənmirik. Bizdən əvvəlki dövrün bəhailəri arasında 50-60 il əvvəl esperanto dili məşhur idi. Xüsusi kitablar var idi. Öyrədirdilər, təbliğ edirdilər. Lakin, esperanto dili özünü doğrultmadı, məşhurlaşmadı. Məsələn, biz indi ingilis- dilini təbliğ edirik. Bütün yazılarımız ingiliscə gedir. Kurslarımız da var, həm bəhailər, həm də qeyri-bəhailər ingilis dilini öyrənir.
-BMT-nin bir çox şöbələrində təmsil olunursunuz, Azərbaycan haqqında hansı layihələri hazırlamısınız?
-O ölkələrdə ki, bəhai icması çox güclüdür. Amerika, Hindistan, Kanada bəhailərin ölkənin ictimai-iqtisadi həyatında böyük rolları var. Xüsusın təhsil sayəsində insan haqları, uşaqların, qadınların hüquqlarının qorunması barəsində. Bizim hələ güclü imkanımız yoxdur ki, cəmiyyətdə fəal iştirak edək. Ancaq əsas prinsiplərimizdən biri də qadın-kişi bərabərliyidir. Həzrəti Bəhaullah gəldikdə çadra, dördarvadlılıq götürüldü. Ailələrdə qadının, qızın hüququ genişləndirildi. Dinimizdə ismətlilik var, amma örtük anlayıçı yoxdur.
-Siz “Quran”ı qəbul edirsiniz?
-Bəli, bəhai dini özündən əvvəl bütün səmavi dinlər və müqəddəs kitabları qəbul edir. Yəni 12 imamın müqəddəsliyini qəbul edirik. Bizdə kiçik əhd anlayışı var. Məhəmməd (ə) peyğəmbərdən sonra İmam Əli (ə) onun canişini oldu. Ondan sonra da İmam Əlinin (ə) övladları. Canişinlik əbədidir. Məsələn, bəhai dininin Uca Ədalət Evi Həzrət Bəhaullahın canişinidir.
-“Quran”ın “Bəqərə” surəsinin 228-ci ayəsində kişilərin qadınlardan müəyyən cəhətdə üstün olduğu buyurulur...
-Əlbəttə, qadınlarla kişilərin funksiyası eyni deyil. Bəzi məsələlərdə kişi üstündür, bəzi məsələlərdə qadın. Məişətdə, ailədə qadının üstünlüyü daha böyükdür. Siyasətdə, hərbdə, istehsalatın müxtəlif sahələrində isə kişi funksiyasını qadın əvəz edə bilməz.
-İslam gəldikdə qadınların hüquqları bərpa olundu. Bəhai dini hansı yeni hüquqla fərqlənir?
-Məsələn, Kitabi-Əqidədə belə bir şey var. əgər sizin iki övladınız varsa, biri qız, o biri oğlan. Və təhsil verməyə birinə gücünüz çatır, onda qıza təhsil verilməlidir. Mülkiyyət məsələsində də qıza üstünlük verilir...
-Bəs onda qadına peyğəmbərlik verilməməsini necə başa düşürsünüz?
-Onu mən izah edə bilmərəm. Məncə Bəhaullahda da var ki, peyğəmbər ancaq kişidən olacaq. Onu allahdan başqa heç kim bilmir.
-Hazırda qadınların hicab bağlamaq hüququ pozulur...
-Geyim məsələsi bütövlükdə qadının özünə verilməlidir. Əgər qadın hicab geyinirsə, qoy geyinsin. Biz müasir geyimin əleyhinəyik. Dizdən yuxarı, açıq-saçıq geyinməyin. Və tamamilə əleyhinəyik ki, cəmiyyət, dövlət bu işə qarışsın və ya dövlət insanlara geyim qadağası müəyyən eləməyi. Bu problemlə bağlı münasıbətimiz heç də müsbət deyil. Bəhayətdə buyurulub ki, hər biriniz elə geyinməlisiniz ki, başqalarının ağzında söz-söhbət yaranmasın.
-Kitablarınızda alternativ xidmətə və ya qeyri-döyüş bölgəsinə üstünlük verilir...
-Biri var ki,işğalçı müharibə aparırsan. Hər şeyə insafla yanaşmaq lazımdır. Azərbaycanın düşdüyü situasiya başqa situasiya ilə eyni deyil. Azərbaycanın 20 faiz torpağı işğal olunub, 1 ilyon qaçqını var. Belə vəziyyətdə hansıalternativ xidmətdən söhbət gedə bilər. 20 faiz torpaq qaytarıldıqdan sonra əgər Azərbaycan hansısa bir ölkəyə təcavüz etsə, onda biz o işdə iştirak etməyəcəyik. Alternativ xidmət tələb edəcəyik.
-Ermənistan tərəfdən bəhailərin döyüşdüyünü bilsəniz onlara güllə atarsınız?
-Birinci Ermənistanda bəhai yoxdur. Varsa da bir-iki dənədir. Ermənistan ancaq erməni qriqoriyanlardan ibarətdir.
-“Quran”da Məhəmməd (ə) peyğəmbərin son peyğəmbər olduğu buyurulub. Necə olur ki, sonradan yenə peyğəmbər gəldi, yeni din gətirdi?
-“Quran”da yazılıb, “hər zamanın öz peyğəmbəri və hər dövrün öz kitabı var” “əgər” mən bir ayəti ləğv edirəmsə, bundan daha da gözəl ayət nazil edirəm”. Yəni Allah hökmünü dəyişəndə, göndərdiyi kitabı da dəyişir. Həzrəti Məhəmməd (ə) öz dövrünün sonunucu peyğəmbəri idi. “Quran” da o ayətin gətirilməsində heç bir şübhə yoxdur. Incildə Həzrəti İsa buyurmuşdur ki, ilk də mənəm, son da mənəm. Tövratda Həzrəti Musa buyurmuşdur ki,”mən sonuncuyam”. Buna baxmayaraq İsa Peyğəmbər də gəldi, Məhəmməd Peyğəmbər də. Allahın bir kitabı, bir dini var. Zaman-zaman o kitabdan bir səhifə yerə göndərir, o insanlar üçün bir kitaba bənzəyir. Müqədəs kitablarda buyurulur ki, ana kitab Allahın yanındadır. Həzrəti Bəhaullah buyurub “məndən sonra da peyğəmbər gələcək” və bu gəliş min ildən tez olmayacaq.
Bəxtiyar Mətləbli
Bəxtiyar Mətləbli