top of page

Yaşar Türkazər

Babilər Hərəkatı və Zərrintac Qürrətüleyn

Müxalifət qəzeti, 08 İyun 2001-ci il, № 18 (968)

(əvvəli 2 İyun Tarixli Sayında)

1848-ci ilin ortalarında, babilər, başda Tahirə və Molla Məhəmməd Əli Barfurulum olmaqla, Mazandaranın Şahrud şəhəri yaxınlığında yerləşən, Bedəşt kəndinə gəldilər. Bedəşt kəndindəki yığıncaqlarda onlar deyirdilər ki, yeni peyğəmbərin dövrü başlayıb, köhnə qanunlar və “Şəriət” öz gücünü itirib. Buna görə də kəndlilər mülkədarların qarşısında bütün vergilərdən, biyardan və mükəlləfiyyətlərdən azaddırlar. Hökumət babilərin təbliğatından qorxuya düşərək Bedəştə qoşun göndərib babilərin yığıncağını dağıtdı. Hökumət Tahirəni həbs etmək istəmiş, fəqət, Bəhaulla adı ilə bütün dünyada tanınacaq Mirzə Hüseyn Əli onu xilas etmişdir.

  

1848-ci ilin setnyabrında Məhəmməd şah və oktyabr ayında taxta onun oğlu Nəsrəddin şah (1831-1896) çıxdı. 

  

Babilər hakimiyyətdəki qarşılıqdan istifadə edərək Mazandaranın Barfuruş (indiki Babül) şəhəri tərəfində yerləşən Şeyx Təbərsi ziyarətgahı yaxınlığındakı qalada üsyana başladılar. Üsyana Molla Məhəmməd Əli Barfurulum və 18-lərdən biri olan, Babın Babülbab (qapının qapısı) adlandırdığı Molla Hüseyn Bəşruyə rəhbərlik edirdi. Üsyanın rəhbərliyi xüsusi mülkiyyəti ləğv etmiş və “ümumi qazan” prinsipinə keçmişdir. Mülkədarlar və mürtəce ruhanilər hökumətə maddi və mənəvi yardım göstərirdilər. Ruhanilər babilərin haqqında yalan və böhtan uyduraraq deyirdilər ki, babilər təkcə malları yox, həm də qadınları ümumiləşdirir və bununla da əxlaqsızlıq yayırlar. Üsyançıların üstünə bir neçə dəfə qoşun göndərilməyinə baxmayaraq, üsyançılar onları darmadağın etmişdi.

  

1849-cu ilin fevralında baş vəzir Əmir Nizam Mirzə Tağı xan Rusiyanın Tehrandakı səfiri knyaz Dolqorukiyə deyib ki, onun fikrincə, babilərin sayı yüz minə çatıb. 

  

1849-cu ilin mayında üsyançıların üstünə şah əmisi Mehdiqulu Mirzənin başçılığı ilə on minlik qoşun göndərdi. Qalada 250 nəfərlik üsyançı dəstəsi qalmışdı. Mehdiqulu Mirzə “Quran”a əl basandan sonra müqaviməti dayandıran üsyançıları xaincəsinə qətlə yetirdir. Üsyandan heç bir iz qalmaması üçün Mehdiqulu Mirzə qalanı dağıtmaq əmri verdi. Şeyx Təbərəsi üsyanın şəhidləri arasında Tahirənin yeznəsi Molla Məhəmməd Əli Qəzvini də var idi. 

  

1850-ci ilin mayında Zəncanda babilərin üsyanı başladı. Şəhərin doğu hissəsi üsyançıların, batı hissəsi isə hökumətin əlində idi. Üsyanda on beş min babi, sənətkar, kəndlilər və bir çox tacirlər iştirak edirdi. Üsyana Zəncan babilərinin başçısı Molla Məhəmməd Əli, tacir Hacı Abdulla, çörəkçi Hacı Abdulla, dəmirçi Kazım, Din Məhəmməd və Məşədi Süleyman rəhbərlik edirdi. Üsyanda kişilərlə yanaşı qadınlar da iştirak edirdi. Onlar üsyançıların paltarlarını yuyur, xörəklərini bişirir və hətta döyüşürdülər. Onların arasında 18-20 yaşlarında bir qız var idi. O, yaxşı at minir, qılınc oynadır, tüfəng atırdı. Onun adı bəzi mənbələrdə Hökumə,bəzi mənbələrdə Zeynəb yazılır. Fəqət, xalq ona igidliyinə görə Rüstəm Zalın şərəfinə Rüstəmə ( bəzi mənbələrdə Rüstəm Əli) adını vermişdi. Molla Məhəmməd Əli onu özünə köməkçi təyin etmişdi. Rüstəmə döyüşün ən qızğın yerində görünür və çox vaxt komandanlığı öz üzərinə götürürdü. O, avropalıları öz igidliyi ilə məftun etmişdi və onlar Rüstəməni “İranın Janna D Arkı” adlandırmışdılar.

  

Üsyançıların qarşısını almaq üçün baş vəzir Mirzə Tağı xanın təkidi ilə Nəsrəddin şah, Babın edam edilməsi üçün fərman verdi. 1850-ci il iyulun 9-da Təbrizdə, şəhər meydanında Seyid Əli Məhəmməd Şirazi Babı güllələdilər. Babı Samxan adlı bir zabitin komandanlıq etdiyi erməni alayı edam edib. Mirzə Tağı xanın arzusu baş tutmadı. Xalq Babın ölümünü görsə də inanmadı. Camaat danışırmış ki, qeybi-kəbir (böyük qeyb) qurtardı və qeybi-səcir (kiçik qeyb) başladı. Tezliklə Sahibəzzaman zühur edəcək.

  

Babın ölümü Zəncan üsyançılarını yeni döyüşlərə atırdı. Dekabrda, döyüşlərin birində Rüstəmə şəhid oldu. Şah üsyançıların üstünə 30 minlik qoşun göndərdi. Qüvvələr tən deyildi. 1851-ci il yanvar ayının əvvəllərində Molla Məhəmməd Əli ağır yaralandı və yanvarın 15-də şəhid oldu. Ordunun komandanlığı Mzandaran üsyanında olduğu kimi, “Quran”a and içib, sözünə əməl etməyərək təslim olmuş üsyançılara divan tutdu. İran zabitləri sonralar da bu üsuldan istifadə edirdilər. Hökumət məmurları Tahirənin Zəncanda olduğunu güman edərək axtardılar və görünür ki, Rüstəmə ilə səhv salmışdılar. Beləlikə, babilərin daha bir üsyanı məğlubiyyətə uğradı. Onlar 1851-1852-ci illərdə Zəncanda yenidən üsyan qaldırmağa cəhd göstərdilər, fəqət, baş tutmadı. Ümumiyyətlə, 1848-ci ildən, 1852-ci ilə qədər babilərin on üsyanı olmuşdu. Bu üsyanların 3-nə Tahirə başçılıq etmişdi.

  

1852-ci ilin birinci yarısında Tahirəni həbs edib Tehrana gətirdilər. Həmin dövrdə Babın vurğunu olan general Süleyman xan Əfşarı həbs edərək qəddarlıqla edam etdilər.

(ardı var)

Yaşar Türkazər

bottom of page