Xanoğlan Əhmədov
Bəhailər və Onların Əsas Prinsipləri
Ekspress Qəzeti, 25 Mart 1999-cu il
Bəhai dini tarixə Bəhaullah adı ilə daxil olan Mirzə Hüseyn Əli (1817-1892) tərəfindən İranda yaradılıb. Kökünü 19 əsrdə İranda yaranan babilikdən götürüb. Babiliyin banisi Əli Məhəmməd Bab “Bəyan” adlı kitab yazıb. O iddia edirdi ki, guya Quran və şəriət qaydaları köhnəldiyindən yenisi ilə əvəz olunmalıdır. Öz “Bəyan”ını da bu məqsədlə yazmışdı. Bu əməllərinə görə babilər İranda təqib olundular və özünü Həzrəti Bab adı ilə tanıtdıran Seyid Əli Məhəmməd (1819-1850) də tutulub güllələndi. Həzrət Babın zühur etdiyini əvvəlcədən xəbər verdiyi Bəhaullah 1863-cü ildə Bağdad şəhərində peyda oldu. Bəhai icmasının inzibati və ruhani rəhbəri olan Uca Allahın Ədalət Evi 1963-cü ildə yaradılıb və İsrailin Hayfa şəhərində yerləşir.
Bakının mərkəzi yerlərindən birində Azərbaycan Bəhailəri Ruhani Məhfili yerləşir. Bəhai icması nümayəndələrinin bildirdiyinə görə, bu din təşəkkül tapdıqdan 15 il sonra (bəhailər özlərini 9-cu dinə mənsub olduqlarını iddia edirlər) Azərbaycanda yayılmağa başlayıb. Hazırda dünyada 7 milyona yaxın adam bu dinə sitayiş edir. Azərbaycanda isə onların sayı 400-500 nəfərdir. Onlar həm də Azərbaycanın bir sıra rayonlarında – Quba, Gəncə, Səlyan və Bərdədə fəaliyyət göstərirlər.
Bəhai dininin əsas prinsipləri: Allahın birliyi, dinlərin birliyi və insanların birliyidir. Bəhaullah İlahi Vəhyin inkişaf prosesi içində olduğunu buyurmuşdur. Allah elçisinin vəzifəsi insan cəmiyyətinin inkişafındakı mərhələləri təmsil etməkdir.
Bəhailər üçün insan həyatının məqsədi Allahı tanımaq, Ona itaət etmək və sürətlə inkişaf edən qanunauyğunluğu dəstəkləməkdir.
Bəhai dinində namaz və oruc kimi ruhani qanunların yerinə yetirilməsi qanunlar kitabında göstərilmişdir. Bəhai qanunları icmanın təməlini möhkəmlədən ailənin qurulmasına da böyük diqqət yetirir və bir qadınla evlənməyə icazə verərək, nigahın zəruriliyini göstərir. Ailə qurmaq üçün hər iki tərəfin və valideyinlərin razılığı lazımdır. Bəhai qanunları spirtli içkilərin və narkotik maddələrin istifadə olunmasını qadağan edir. Bəhailər hər hansı bir siyasi partiya, təşkilat və ya quruluşa üzv ola bilməzlər. Bəhailər tək və icma halında yaşadıqları dövlətin qanunlarına sözsüz riayət edirlər. Bəhai dininin təsisatları və onların fəaliyyətləri sadəcə olaraq bəahailərin dünyagörüşləri ilə dəstəklənir.
Bəhai dinində rəhbər sinif yoxdur. Ruhani və inzibati fəaliyyətlər 21 mart günü ilə başlanan bəhai ili təqvimində göstərilib. Bu təqvimdə 19 gündən ibarət 19 ay var. Bəhai ilini günəş ilinə uyğunlaşdırmaq üçün hər il ona dörd gün (uzun ildə isə beş gün) əlavə olunur. Bu əlavə günlər on səkkizinci ayla on doqquzuncu ayın arasına düşür. “Əyyami-Ha” adlanan bu əlavə günlər qonaqpərvərlik və hədiyyələr günüdür. On doqquzuncu ay isə oruc ayıdır. Bəhai ilində doqquz müqəddəs bayram və on doqquz gündən ibarət orucluq ayı vardır.
Yerli bəhai icmalarının fəaliyyətləri ildə bir dəfə seçilən və doqquz üzvdən ibarət olan Yerli Ruhani Məhfillər tərəfindən həyata keçirilir. Ölkə ərazisində isə doqquz üzvdən ibarət olan və Bəhai icmalarının seçdikləri nümayəndələr tərəfindən ildə bir dəfə seçilən Milli Ruhani Məhfil fəaliyyət göstərir. Hal-hazırda dünyanın müxtəlif ölkələrində 30 000-dən çox Yerli Ruhani Məhfil və 179 Milli Ruhani Məhfil vardır. Bəhai icmasının ən yüksək idarə orqanı və ruhani rəhbəri olan Uca Ədalət Evi bütün Milli Ruhani Məhfil üzvlərinin iştirakı ilə toplanan Beynəlxalq Konqresdə hər beş ildən bir seçilir. Bəhai seçkiləri gizli səsvermə yolu ilə və təbliğat aparılmadan keçirilir.
Dünya Bəhai İcması Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) və Uşaqlara Təcili Yardım Fondunda (UNİCEF) məsləhətçi statusu almışdır. Bununla yanaşı BMT-nin Ekologiya Proqramı (UNEP) və İnformasiya Ofisi ilə əməkdaşlıq edir. Yerli Bəhai İcmaları da BMT-nin müxtəlif layhələrini dəstəkləyir və həyata keçirir.
Xanoğlan Əhmədov