Cəmşid Bəxtiyar
Qibləsi İsraildə Olanlar
Yaşam Qəzeti, 23 Sentyabr 2006-cı il, №117 (1295), Səh. 7
Bəhai Dini İcması Azərbaycanda 19-cu əsrdən fəaliyyət göstərir. Qurumun kollegial idarə mexanizmi olan Milli Ruhani Məhfilin (MRM) 9 üzvündən biri Ramazan Ələsgərov bu tarixi bir az da dəqiqləşdirərək 1844-cü ilə aid edir. Bu tarix bəhailiyin bir təlim olaraq meydana gəldiyi ili göstərir. R. Əsgərov bununla həmin təlimin elə məhz Azərbaycanda meydana gəldiyinə işarə edir. Fikrini bəhailiyin Şirazda yaranması məntiqi ilə əsaslanır: “O zaman bu təlim bütün İrana, o cümlədən, Azərbaycana yayılmışdır.”
Bab və Babilər
23 may 1944-cü ildə İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir gənc özünü İmam Mehdi Sahib-əz–Zaman elan edir. O, özünü “Bab”, yəni, dinin qapısı adlandırır. Missiyasının tezliklə zühur edəcək müqəddəs varlığın gəlişinə hazırlıqdan ibarət olduğunu deyən Babın az zamanda topladığı tərəfdarlarının adı tarixə Babilər hərəkatı kimi yazıldı. Səkkiz il sonra yatırılan bu hərəkatın lideri edam edildi. Həbs edilənlərin arasında hərəkat fəallarından sonralar Bəhaullah kimi tanınan Mirzə Hüseyn Əli də vardı. Sonralar həbsi İraqa sürgünlə əvəzlənən bu gənc 1863-cü ildə özünü Bəhaullah, yəni “Allahın Nuru” elan edir. “Babın vəd etdiyi İlahi Zühur mənəm”. Hal–hazırda dünyanın əksər ölkələrində ardıcılları olan bu cərəyanın nümayəndələri Bəhaullahı babi və bəhai dininin peyğəmbəri kimi qəbul edirlər. Bəhailər dünya və ya Azərbaycan üzrə say etibarilə nə qədər olduqlarını açıqlamırlar.Dediklərinə görə, ümumiyyətlə, belə bir statistika aparılmır.
Məhfilin Qərərgahinda
Bəhailərin öz təqvimləri var. Onlar ili hər biri 19 gündən ibarət 19 aya bölüblər. Bu təqvimdə bayram günləri və orucluqdan xali deyil. Azərbaycan bəhailərinin Bakıda, Bağırov küç, ev 6, mənzil 24 ünvanlı iqamətgahı da bu təqvimlə əlaqıdar müxtəlif qiyafələrdə olur: gah sakit bir guşəyə çevrilir, gah da burada adam əlindən tərpənmək olmur. Deyəsən, dünənki tarix bəhai təqvimindəki adi günlərdəndir.
Bu MRM iqamətgahına səfərimizin təəssüratıdır. Iqamətgahda cəmi 3 nəfər adam vardı: MRM üzvü R. Əsgərov və bir qız, bir oğlan olmaqla iki gənc. Gənc xanim otağın baş tərəfində qoyulmuş kürsüdə əyləşib telefon zənglərinə cavab verirdi. Ucaboylu, sarışın gənc isə bizə yaxın əyləşib R. Əsgərovla söhbətimizə qulaq asmağa başladı. Hərdən yumşaq müdaxilələrlə söhbətə qoşulurdu. Amin adlı bu gənc bəhailiyi 6 il əvvəl qəbul edib. 31 yaşı var.
R.Əsgərov özü isə yaşı 40-ı yenicə keçsə də qocaman bəhailərdən sayılır. Bu cərəyana nə zaman qoşulduğunu özü də xatırlamır. Ixtisasca əczaçı olsa da, tərcüməçiliklə məşğuldur, ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümələr edir.
Maraqlı Nəzir Mexanizmi
Bəhailərin də vaişnavlar (krişnaidlər) kimi çoxlu nəfis kitabları var. Bakıdakı qərargahları ətraf evlərdən seçilməsə də, dünya üzrə bir neçə nəhəng tikintilərilə məşhur olması bu cəmiyyətin yüksək maddi imkanlarından xəbər verir. Görəsən, onlar bu pulları təkcə nəzir kimi toplayırlar, yoxsa başqa mənbələr də var? R. Əsgərov nəzirdən başqa heç bir malliyə mənbələrinin olmadığını deyir: “Bizdə nəzir mexanizmi çox dəqiqdir. Bəhai dininə görə nəzir vermək vacib borclardan sayılır. Lakin heç kimdən bunu tələb edən yoxur. Yəni, könüllülük prinsipi də şərt olaraq ortadadır.”
Bəhai qayda–qanunlarının ən maraqlı tərəfi isə nəzirə verilən önəmdir. Sən demə, bəhailikdə nəzir vermək hüququ hər kəsə aid deyilmiş. Bu hüqüq bir yüksək imtiyaz olaraq sadiq bəhailərə verilirmiş. Bəhailər bu və ya digər suç işləyən nümayəndələrini bu imtiyazdan-nəzir vermək hüququndan məhrum etməklə cəzalandırırlar. Kənar şəxslərdən, bəhai olmayanlardan, ümumiyyətlə, nəzir qəbul etmirlər. R. Əsgərovun dediyinə görə, İsraildə dünya bəhailərinin ali inzibati və ruhani orqanı olan Allahın Uca Ədalət Evi qurumun eyni adlı qərərgahının tikintisi zamanı onlara təklif edilən milyonlarla dollardan imtina ediblər:” İsrail hökuməti tikintiyə maddi dəstək vermək istəyib. Uca Ədalət Evi təşəkkür edərək dini prinsiplərimizi poza bilməyəcəklərini deyib və puldan imtina edib.”
Bəhailərin Özəllikləri
Bəhailəri başqa cərəyan nümayəndələrindən fərqləndirən cəhətlərdən biri onların incəsənətə meyilli olmalarıdır. Onların bütün tədbirləri musiqi və teatr nömrələri ilə zəngin olur. Buna verdikləri fəlsəfi yozuma görə, incəsənət Allahın sevdiyi ünsiyyət vasitələrindəndir və bu cür ünsiyyət gözəl duyğular yaratmaqla mənəvi təmizlənmə prosesinə təkan verir. R. Əsgərov bəhailərin arasında çoxlu istedadlı adamların olduğunu deyir: “Çoxlu artist, rəssam və musiqiçilərimiz var. Onların bəziləri həvəskar, bəziləri peşəkardırlar.” Amma peşəkarların adlarını açıqlamaqdan ehtiyyat edir. Bizim bildiyimizə görə, indi Almaniyada yaşayan məşhur Azərbaycanlı rəssam Əşrəf Heybətov, əslən Güney Azərbaycandan olan, indi Avstraliyada yaşayan dirijor Linda Sahacuya da bəhaidir.
İbadət Formaları
Bəhailikdə üç cür namaz var: kiçik, orta və böyük. Hər bir bəhai bu formalardan öz təbiətinə və gündəlik rejiminə uyğun olanını seçə bilər. Kiçik namaz yalnız bir duadan ibarətdir və hər gün günorta saat 12-dən gün batanadək olan kəsimin istənilən saatında qılına bilər. Bu namazdan əvvəl əlin yuyulması lazımdır. Orta namaz səhər, günorta və axşam olmaqla gündə üç dəfə qılınır. Bu namaz növü dəstəmazla qılınmalıdır və onun dualarının sayı kiçiyə nisbətən çoxdur. Böyük namazın duaları daha çoxdur. Amma o da gündə bir dəfə günün istənilən saatında qılına bilər. Namazların hamısı üzü qibləyə qılınır. Bəhailərin qibləsi də Cənub-Qərbədir. Onlar üzlərini İsrailin Əkka şəhərindəki Bəhçi rayonuna, Bəhaullahın burdakı məqamına (məzarına) tuturlar.
Bəhailərin də öz orucluqları var. Onlar hər il mart ayının 2-dən 20–dək, öz təqvimləri üzrə Əla ayı boyunca oruc tuturlar. Oruc tutmaq 15 yaşdan aşağı və 70 yaşdan yuxarı olanlara vacib deyil. Bu borclardan hamilə qadınlar, əliuşaqlı analar, səfərdə olanlar və ağır fiziki işdə işləyənlər də azaddırlar.
İnzibati İdarəçilik
Bəhailər yerlərdə öz 9 nəfərlik məhfillərini–idarəetmə orqanlarını seçirlər və hər ölkədə bir Milli Məhfil olmaqla ali orqanları da var. Yerli məhfillər milli məhfillərə tabedir. Onların beynəlxalq cəmiyyətləri isə Bəhailərin Beynəlxalq Birliyi adlanır və İsraildəki Uca Ədalət Evi tərəfindən idarə edilir. Bu qurumun da 9 üzvü olur. Onları hər 5 ildən bir çağırılan qurultay seçir. Qurultay nümayəndələri yerlərdə seçilir. Yerli məhfilləri isə yerli qurultaylar seçir. Bu seçkilər ildə bir dəfə keçirilir.
Bəhailər dünyanın müxtəlif ölkələrindəki əqidə qardaşları ilə əlaqələrini kəsmirlər. Bu əlaqələr təkcə beş ildən bir Əkkaya qurultay nümayəndəsi göndərməklə kifayətlənmir.
Dua Görüşü
Ünsiyyətə xüsusi önəm verə bəhailərin maraqlı ənənələrindən biri də “dua görüşü” adlanır. Onlar bir yerə toplaşarkən dairəvi şəkildə üz-üzə əyləşərək növbə ilə dualar oxumağa başlayırlar. Dua ucadan oxunur və qalan iştirakçıklar əllərini dizlərinin üstünə qoyaraq başlarını aşağı salıb sakitcə qulaq asırlar. Dua oxuyan öz seçimindən asılı olaraq avazla, və ya adi nitqlə çıxış edə bilər. O, duasını bitirən kimi bir başqası başlayır. Amma iştirakçıların hamısının bu sıranı davam etdirməsi vacib deyil. Arzu edənlər duasını bitirdikdən sonra iştirakçılar başlarını qaldırıb adi ünsiyyətə başlayırlar. R. Əsgərovun dediyinə görə, bu mərasim yox, sadəcə, bəhai ənənələrindən biridir.
Bu da ölkəmizdəki dini qurumlardan daha birisi. Onlar da azərbaycanlıdırlar. Bizimlə eyni dildə danışır, eyni havanı udur, eyni problemləri yaşayırlar. Sadəcə, Allaha başqa cür sitayiş edirlər. Uca Tanrı eşidən və biləndir. Onun bildiyinə şükür.
Cəmşid Bəxtiyar