P. Əlioğlu
Bəhailər Nəyə İnanırlar
Qrajdane Mira qəzeti, 1991-ci il, № 2
“Heç bir şübhə yoxdur ki, irqindən, dinindən asılı olmayaraq bütün insanlar vahid səma qaynağından ilham alırlar və onların hamısı bir Allahın ümmətləridir.”
Bəşəriyyətin Vəhdəti
Bəhaullahın təlimində bəşəriyyətin vəhdəti prinsipi mərkəzi yer tutur. Sosial inkişafı prosesində bəşəriyyət insanın fiziki inkişafına bənzəyən inkişaf mərhələlərindən keçmişdir. Qədim zamanlarda ayrı-ayrı ailə qrupları şəklində yaşamış insanlar sonralar şəhər-dövlət yaratmış, nəhayət, millətlər kimi formalaşmışlar. Bəhaullahın öyrətdiyinə görə, bəşəriyyətin kamilliyə aparan yolunda sonuncu sosial inkişaf mərhələsi mövcuddur.
Bəhaullah izah edir ki, dünyaya insanları birləşdirmək məqsədi ilə gəlmişdir. Bəhaullahın fikirləri planetin bütün sakinləri üçün nəzərdə tutulmuşdur. Dünyanın vəhdəti hamıya aiddir, heç kim bu vəhdətdən kənarda qala bilməz. Bəşəriyyətin çatacağı bu vəhdətdə darıxdırıcı yeknəsəklik yoxdur, əksinə, rəngarənglikdir, bütün insan qrupları burada təmayül və ideyalarının ən gözəl təcəssümünü tapa bilər. Hər bir qrup, hər bir xalq başqalarının irsindən istifadə edə bilər. Əbdül-Bəha yazırdı: “Bəşəriyyətin şöhrəti hər kəsin mirasıdır”.
Dünyanın vəhdətinə o zaman nail olmaq olar ki, ayrılıqda hər bir insan bugünkü həyatın mərkəzi mənəvi prinsipi kimi bəşəriyyətin vəhdətini başa düşsün. Vəhdət hər hansı bir qüdrətli qrup tərəfindən yuxarıdan verilməyəcək, insan beynində tədricən inkişaf edəcəkdir. Nəhayət, insanlar başa düşəcəklər ki, dünya vahid ölkədir və bütün insanlar bu ölkənin vətəndaşlarıdır. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə, tarixdə görünməmiş dəyişikliklərə səbəb olacaq. Gələcəkdəki ümumdünya sivilizasiyasının nə dərəcədə zəngin və rəngarəng olacağını təsəvvür etmək belə mümkün deyil.
Bəhaullah insanları ayrı-seçkilikdən vəhdətə aparan yola dəvət edir: “Yer üzünün düşmənçilik edən xalqları və tayfaları! Vəhdətə üz tutun”. “Bir əlin barmaqları, bir bədənin üzvləri olun”. “Sizin tanrınız mənim ürəyimə bütün insan irqini bir ürək, bir bədən görmək istəyini salmışdır”.
Dinin Vəhdəti
“Bəşəriyyətin vəhdətini və dinin fundamental birliyini bilmək-Allahın maarif əsrimizə göndərdiyi ən gözəl hədiyyədir”. -Əbdül-Bəha
Bəhailiyin davamçıları inanırlar ki, dünyanın bütün böyük dinləri ilahi mənşəlidirlər. Bunların hamısını Allah müxtəlif vaxtlarda və yerlərdə vəhylə göndərmişdir. İnsanlar heç bir zaman Allahın rəhbərliyindən kənarda qalmamışlar.
Allah ucadır, insan tərəfindən başa düşülə bilməz. Göndərdiyi elçilər Allahın işığını insanlara çatdıran güzgüyə bənzəyirlər. Allah insanların vasitəsilə özünü insanlara tanıtdırır və sevdirir. İnsan yalnız bu elçilərin vəhdəti ilə yaradanı anlaya və üzvi bəşəri şüura nail ola bilər.
“Xeyirxahlıq əlaməti olaraq tanrı insanlara ilahi rəhbərliyinin gündüz parlayan ulduzlarını, ilahi vəhdətinin rəmzlərini göndərmiş və müəyyən etmişdir ki, bu işıqlı məxluqların başa düşülməsi Allahın başa düşülməsi deməkdir”. -Bəhaullah
Allahın elçisinin Yer üzünə gəlməsi nadir hadisədir. Onların sayı çox azdır: Krişna, İbrahim, Zərdüşt, Musa, Budda, Məhəmməd, Bab, Bəhaullah. Onların hər biri öz dinini yaratmış və sivilizasiyasını müstəqil inkişafa sövq etmişlər. Onların hamısına gülmüş, təhqir etmiş, onlara şəkk gətirmişlər. Müasirlərdən çox az adam onların əhəmiyyətini başa düşüb. Bu dünyadakı həyatlarını qurtardıqdan sonra həmin elçilər milyonların pərəstiş obyekti olmuşlar. Onların məqsədi insanları yaxşılaşdırmaq, insan sivlizasiyasının tərəqqisinə kömək etmək olub.
Bəhaullaha görə hər bir elçi ilahi təbiətli olub, buna görə də onları vahid şəxs kimi başa düşmək lazımdı: “Diqqətlə baxsan görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda əyləşir, eyni nitqi söyləyir, eyni dini təbliğ edirlər”.
Eyni zamanda hər bir rəsulun parlaq şəxsiyyəti, hamıdan seçilən fərdi xüsusiyyətləri olub. Hər bir yeni Allah elçisinin Yer Üzünə gəlişi bütün əvvəlki elçilərin ruhunun yenidən qayıtması deməkdir.
Peyğəmbər başqa adamlar arasında insan surətində yaşayarkən onları Allahın elçisi kimi qəbul edə də bilərlər etməyə də bilərlər. Bəhailər bütün dünya dinlərinin banilərini qəbul edirlər, onların müqəddəs kitablarını əziz tuturlar.
Bəhailər, həmçinin, iddia edirlər ki, Bəhaullah bu dünyada Allahın son peyğəmbəridir. Bəhaullaha görə bütün dinlər iki hissədən ibarətdir: mənəvi təlim və sosial təlim. Ən yüksək mənəvi səviyyədə bütün dünya dinləri arasında tam harmoniya mövcuddur. Fərq dini ayinlərdə, qanun və qaydalardadır. Bəhaullah izah edir ki, dinin sosial aspektləri əbədi deyil, dövrdən dövrə şəraitin dəyişməsi ilə müəyyən edilir.
Dinlər arasındakı fərqlər, həmçinin təlimlərə edilmiş süni əlavələr nəticəsində baş verə bilər. Təlimin təmizliyini ardıcıllar təhrif edirlər. Buna görə Yer üzündə ruhun saflığını saxlamaq üçün Allah hər tənəzzül mərhələsi başlananda yeni rəsul göndərir.
Bəhaullahın missiyası dünya dinlərinin vəhdətini təmin etməkdən ibarətdir. Ona görə, din sülhün və həqiqi tərəqqinin ən birinci amilidir. Bütün dünyada sülh, həmçinin ümumdünya miqyasında yeniləşməsi deməkdir.
Mövhumatın Aradan Götürülməsi
Hər növ dini, irqi, sinfi, milli və s. mövhumat bütün dövrlərdə müharibələrlə, ziddiyətlərlə, nifrətlə nəticələnib. Buna qarşı real mübarizə vasitələri – şüurluluq və bəşəriyyətin birliyidir. İnsanlar öz aralarında mənəvi birlik şüuru səviyyəsinə çatdıqdan sonra mövhumata qələbə çala biləcəklər. Bəhaullaha görə, müxtəlif irq və millətlərin mövcudluğunu onların birliyi baxımından nəzərdən keçirmək lazımdır.
“Doğrudan da, bizə göylərdən göndərilmiş Allah Əmrinin mahiyyəti Kainatın vəhdəti və harmoniyasından ibarətdir. İrqi və milli fərqlərə gözlərinizi yumun, hamının birliyini salamlayın. Biz dünyaya xeyir və səadət diləyirik, arzu edirik ki, bütün xalqlar bir xalq, bütün insanlar qardaş olsun , insan övladları arasında yaxınlıq olsun, irqi və dini təqiblərə son qoyulsun”.
Əbdül-Bəha Yazmışdır!
“Allahın nəzərində dərilərin rənglərinə görə fərq yoxdur. Dərinin rəngi əsas deyil, əsas insanın ürəyidir. Əgər ürək təmizdirsə, zahiri görünüş əhəmiyyətsizdir. Allah insanlar arasında dərisinin rənginə və bədəninin quruluşuna görə fərq qoymur. O, ürəklərə baxır. Əxlaqı təmiz, əməli ləyaqətli olanları sevir.
Bağdakı çiçəklərə nəzər sal: görünüşünə, formasına görə fərqli olsalar da, onlar eyni bulağın suyundan qidalanır, eyni küləyin nəfəsindən cana gəlir, bir günəşin şüalarından möhkəmlənirlər. Aralarındakı fərqlər onları daha da gözəlləşdirir”.
“Bütün insanlar bir ağacın yarpaqları və meyvələridirlər... onların mənşəyi eynidir. Hamıya eyni yağış yağır, hamını eyni günəş böyüdür, eyni külək sərinlədir. Müqəddəs kitablarda yazılıb: Allah qarşısında hamı bərabərdir: o gözəgörünməzdir”.
Əbdül-Bəha Dinlə Elmin Harmoniyası
Bəhaullah öyrədir ki, dinlə elm arasında harmoniya mövcuddur. Əsl din və əsl elm heç bir zaman bir-birinə zidd olmurlar. Bunlar həqiqətin bir-birini tamamlayan aspektləridir. Hər ikisi öz inkişafında ardıcıldır. Allah insana dini tədriclə açır. İnsan elmin sirlərinə tədriclə yiyələnir. Bu hər iki qüvvə insana lazımdır. Din mənəvi inkişafın zəruri köməkçisidir. Elm maddi tərəqqi vasitəsidir. Bəhaullah dinlə elmi dünyanın ən qüdrətli amilləri sayır.
“Dinlə elm insanın əqlini və ruhunu ucalara qaldıran qoşa qanaddır. Bir qanadla uçmaq olmaz. Əgər insan yalnız din qanadıyla uçmaq istəsə, tezliklə mövhumat bataqlığına yuvarlanacaq, yalnız elm qanadı ilə ucalmaq istəsə, materializmin qaranlıq bataqlığına düşəcək”.
Yeni dinlərin baniləri kimi elmin pionerləri də tarixən hücumlara məruz qalmışlar. Elm və din adamları arasındakı ziddiyətlərin səbəbi adət halına keçmiş cəhalət və xurafatdır. Əsl sivilizasiya yalnız o zaman mümkündür ki, həm elmin, həm də dinin zəruriliyi başa düşülsün.
“Dinlə elm qol-qola gedirlər, elmə zidd olan din əsl din deyil” -Əbdül-Bəha
Maraqlıdır ki, elmin son nailiyyətləri Kainatın vəhdəti və bütün yaradılmışlar arasında əlaqənin mövcudluğu ideyasını təsdiq edir.
Müstəqil Həqiqət Axtarışları
Bəhaullah öz təliminin kor-koranə qəbul edilməsini istəmir. Tələb edir ki, hər kəs onun təliminə müstəqil olaraq yiyələnsin, bu barədə müstəqil nəticələrə gəlsin.
Praktiki olaraq, belə müstəqil axtarış tarixdə birinci dəfə mümkün olmuşdur. Əvvəllər olduğu kimi, hər hansı bir insan qrupunun dini başqalarına şərh etməsinə ehtiyac qalmır. Bəşəriyyət Bəhaullah təliminin həqiqilik və ya yalanlığını müstəqil olaraq müəyyən edəcəkdir. Bunun üçün yalnız oxumağı öyrənmək kifayətdir. Əsl müstəqil axtarış kor-koranə etiqaddan daha çox şey tələb edir. Bilavasitə həqiqət axtarışı bütün insanları birliyə aparır.
“Həqiqət bütün dinlərdə birdir və dünyanın vəhdəti yalnız onun vasitəsilə mümkün ola bilər... İnsanlar həqiqət axtarışlarına başlayan kimi birləşirlər”. Yalnız özünün haqlı olması ideyasını da bir yana qoymaq lazımdır.
“... fikri sizinkindən fərqlənən, adamla rastlaşdıqda ondan üz döndərməyin. Hamı həqiqəti axtarır və ona müxtəlif yollarla gedir”.
Allahın Mahiyyəti
Bəhaullah öyrədir ki, məhdud insan şüuru Allahı dərk edə bilməz. Çünki sonlu olan sonsuzu başa düşə bilməz. Bu ona bənzəyir ki, masadan xarratı başa düşməsini gözləyəsən.
Əbdül-Bəha Yazırdı:
“...insan Allahın mahiyyətini başa düşə bilməz, düşünmək qabiliyyəti və müşahidələri, intuisiyanın gücü ilə Allaha inana, onun xeyirxahlığının barlarını kəşf edə bilər”.
İnsanlar Allahın mahiyyətini başa düşə bilməsələr də İlahi Reallığın mövcudluğuna inana bilərlər.
“Bil ki, vahid, həqiqi, Allah var. Bütün mövcud olanlardan fərqli və ucadır. Bütün kainat onun şöhrətinin əksidir. O, yaratdıqlarından asılı deyil və onlardan üstündür. O, əbədi həqiqətdir, hamının şəksiz rəhbəri olan Vahid Qüvvədir. Bütün mövcud olanlar ondan asılıdır və mövcudluğun qaynağı ondadır” -Bəhaullah
Kainatın yaradıcısı Allah eyni zamanda hamının sevən atasıdır. Bəhaullaha görə, peyğəmbərlərin köməyi ilə insan Allah haqqında daha çox şey öyrənə və ona daha da yaxınlaşa bilər:
“Onun varlığı elə kamil və əhatəlidir ki, təmizlik və prinsipiallığından asılı olmayaraq heç bir şüur, heç bir qəlb onun yaratdıqlarının ən əhəmiyyətsizinin belə təbiətini dərk edə bilməz.
Ən etiqadlı mistikin düşüncələri, ən kamil adamın nailiyyətləri belə məhdud insan əqlinin məhsuludur. Yaradanı hər cür dərk etmək cəhdləri mütləq uğursuzluqla nəticələnəcəkdir”.
P. Əlioğlu