top of page

Rafiq Əliyev

Azərbaycanda Bəhailik

Dalğa qəzeti, 3-9 İyun 1992-ci il, Səh. 3

 

Bəhaullahın Təlimindəki Ümumbəşəri Fikirlər bu Gün də Aktualdır!

 

Bəhailik (bəhaiyyə) keçən əsrin 40-cı illərində İranda islamın şiə məzhəbi çərçivəsində dini bir təlim kimi meydana çıxmış və yayılmışdır. Bəhaiyyə adı bu təlimin banisi, özünü “Bəhaullah” (“Allahın cəlalı”, “Allahın parıltısı”) elan etmiş Mirzə Hüseyn Əli Nurinin (1817-1892) adı ilə əlaqədardır, mahiyyətcə isə bəhailik elə həmin vaxtlarda İranda yaranmış başqa bir dini cərəyanın –babiliyin (babiyyə) davamıdır.

  

Seyyid Əli Məhəmməd Şirazi (1819-1847) 1844-cü il mayın 22-də gün batandan iki saat on bir dəqiqə sonra özünü “Bab” (“qapı”) elan edir və xəbər verir ki, qeyb olmuş imam öz iradəsini xalqa həmin “qapı” vasitəsilə bildirir. Sonra o özünü “Allahın elçisi” elan edir, “Bəyan” adlı bir kitab yazaraq orada Quranın “Yusif” surəsinin yeni, bu vaxta qədər islam elmlərində misli görünməmiş təfsirini verir və bildirir ki, ondan sonra daha bir elçi, daha nüfuzlu bir müjdəçi gələcək, bütün xalqları birləşdirərək yer üzündə ədaləti bərqərar edəcəkdir.

 

Bab öz kitabında bir çox islam ibadətlərinə yeni məna verir, islamın namaz, oruc, kəbin, talaq və miras məsələlərinə dair hökmlərini başqa cür izah edirdi. 1847-ci ildə Məhəmməd Şirazi həbs olunur və iyul ayının 9-da Təbrizdə öldürülür. Ardıcılları onun edamını İsa peyğəmbərin çarmıxa çəkilməsilə müqayisə edirlər. Edamdan sonra babilərin təqibi başlanır, onlardan çoxu İraqa qaçır.

  

Babın ən yaxın məsləkdaşlarından biri də Mirzə Hüseyn Əli Nuri idi. Rəvayətə görə, Bab ölümünün yaxınlaşdığını hiss edən zaman öz möhürünü, qələmini və kağızlarını Mirzə Hüseynə göndərmişdi və bununla da onun özündən sonra gələcək Allah elçisi olduğunu təsdiq etmişdir.

  

Mirzə Hüseyn də dəfələrlə həbsə məruz qalmışdır. Odur ki, o da 1853-cü ildə xəstə və əzgin halda İraqa qaçır. Bu ölkədə onun nüfuzu getdikcə artır, tərəfdarları çoxalır, İraq babiləri də ona qoşulurlar. Bir ildən sonra icmada baş verən narazılıq nəticəsində o, Kürdüstana yollanır və iki il Kürdüstan dağlarında təbliğat aparır. Bağdada qayıtdıqdan sonra Mirzə Hüseyn bəhai təlimini işləyib hazırlayır, özünü “Allahın yer üzündə parıltısı” kimi elçi elan edir. 1858-ci ildə o, Bağdadda “Kitab-i İqan” (“yəqinlik kitabı”) risaləsini yazır və burada Babın təliminə dair baxışlarını izah edir. “Kitab-i İqan” Bəhaullahın başlıca ilahiyyat əsəridir. 1879-cu ildə o, “Kitab əl-əqdəs” (Müqəddəs söz kitabı) əsərini yazır. Bu kitabda Bəhaullah Babın “xəlifəsi” kimi çıxış edir.

  

Bəhailərin fəaliyyətinin güclənməsi onların hakim dairələr tərəfindən təqibi ilə nəticələnir. Teziklə Bəhaullah Türkiyəyə sürgün edilir, oradan da Fələstinin Əkka şəhərinə göndərilir və 1892-ci ildə dünyadan köçür. O, bəhailərə rəhbərliyi oğlu Abbas Əfəndiyə-Əbdül Bəhaya tapşırır. 1920-ci ildə Abbas Əfəndinin vəfatından sonra icmaya onun övladları rəhbərlik edir.

  

Bəhailik İranda, islamdan təsirlənmiş bir mühitdə yaranmış olsa da, islamdan fərqli bir din kimi təşəkkül tapmışdır. Xristianlıq yəhudilikdən nə qədər fərqlidirsə, bəhailik də islamdan bir o qədər fərqlənir. Bəhailik dünyanın bir çox ölkələrində təmsil olunmuşdur, icmanın beş milyona yaxın üzvü vardır. Bəhailərin güclü təbliğat sistemi onlara beynəlxalq əlaqələr sahəsində geniş fəaliyyət göstərmək imkanı verir. Bəhai icmaları bir sıra beynəxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bəhailik Azərbaycanda da təmsil olunmuşdur.

  

Şimali Azərbaycanda bəhailiyin müstəqil din kimi yayılması 1860-ci ildən başlayır. 1863-cü ildən etibarən Bakıda, Gəncədə, Bərdədə, Salyanda, Göyçayda bəhai icmaları fəaliyyət göstərmişdir. İcmanın üzvləri öz ayin və mərasimlərini açıq-aşkar icra edirdilər. Dinin tələblərini yerinə yetirən bəhailər öz təlimlərini Azərbaycanın müxtəlif yerlərində yayırdılar. Bakıdakı, xüsusilə Balaxanı kəndindəki icmalar daha böyük idi və geniş fəaliyyət göstərirdi.

  

1937-ci ilə qədər bəhailik Azərbaycanda kütləvi xarakter almasada maneəsiz mövcud idi və bu dinin ardıcılları heç bir təqibə məruz qalmırdılar. 1930-cu illərin ortalarında 200-dən çox üzvü olan Bakı bəhai icmasının ruhani məhfilinin “nazimi” (sədri) Fərəc Qasımov idi. O, ərəb, fars dillərini mükımməl bilən, dinlərin tarixinə yaxından bələd olan savadlı və hörmətli bir şəxs idi. O vaxt Bakı ruhani məhfilinin müsafirxanası Çadrovı küçəsindəki (indiki Mirzəağa Əliyev küçəsi) 216 nömrəli evdə yerləşirdi. Məhfilin öz möhürü, blankı vardı, hər yığıncağın protokolunun bir nüsxəsi Bakı Sovetinin din işləri üzrə müvafiq şöbəsinə göndərilirdi.

  

1937-ci ildə digər dindarlar kimi bəhailər də kütləvi təqiblərə məruz qalırlar. Bəhailərin öz dinlərinin tələblərinə əsasən siyasətdən uzaq olmalarına, hökumət işlərinə qarışmamalarına baxmayaraq, onların hamısını bir gecənin içində - 1937-ci il oktyabrın 14-də həbs edirlər və sonradan bu adamlardan heç biri həbsdən, sürgündən geri qayıtmır.

  

Bakı bəhai icmasının ruhani məhfilinin sədri Fərəc Qasımov Azərbaycan KP MK-nın keçmiş katibi, UİK(b)P-nın məsul işçisi Yusif Qasımovun qardaşı oğlu idi. Maraqlıdır ki, əmisi Leninqradda “xalq düşməni” adı ilə həbs ediləndən sonra ailənin başqa üzvlərini “xalq düşməninin qohumu” kimi deyil, məhz bəhai dininə mənsubiyyətinə  və “hökumətə qarşı zərərli fəaliyyətinə” görə digər bəhailərlə eyni gündə həbs edilmişdilər.

  

1956-cı ildə bu adamların hamısına bəraət verildiyinə baxmayaraq, bəhai dininin Azərbaycanda yenidən canlanması və yayılması prosesi nəzərə çarpmır. Bunun səbəbi bir tərəfdən, bu dinin ardıcıllarının kütləvi surətdə məhv edilməsində, digər tərəfdən dövlət orqanlarının, xüsusilə DTK-nın bu sahədə atılan addımlarının qarşısını almaq, bəhailiyə etiqad edənləri daim nəzarət altında saxlamaq cəhdindədir. 

  

Yalnız 80-ci illərin axırlarında respublikada yaranmış demokratik şəraitdən istifadə edən bəhailər bu dinə mənsubiyyətlərini açıq-aşkar bildirməyə, müxtəlif Bakı ruhani məhfilinin bəhai məclislərinə yığışmağa,öz icmalarını yenidən təşkil etməyə başlayırlar. Onların aşkar fəaliyyəti 1989-cu ildən etibarən güclənir. Bu işdə bir vaxtlar siyasi təqiblərə məruz qalmış bəhailərin övladları, həmçinin 30-cu illərdə ölkəni tərk edərək mühacirətə üz tutan, indi isə vətənə qayıdan bəhailər xüsusilə fəallıq göstərir. 1991-ci ilin may ayında Bakıda 54 illik fasilədən sonra yenidən bəhailərin Bakı ruhani məhfili seçilir və bu dinin ardıcıllarının cəm edilməsi, təşkilati cəhətdən formalaşması, bəhailik təliminin təbliği və yayılması sahəsində vəzifələr müəyyənləşdirilir. Bəhai icmaları həmçinin Gəncədə, Bərdədə və Salyanda da fəaliyyətə başlayırlar.

  

Məlumdur ki, bəhailiyin ruhani təbliğçiləri, dini sərəncamçıları yoxdur. Bu din ancaq öz ardıcılları tərəfindən təbliğ edilir. Bakı ruhani məhfilinin üzvlərinin fikrincə, Azərbaycan bəhailəri keçən il ərzində bəhailiyin təbliği sahəsində müəyyən uğurlar qazanıblar. Azərbaycan bəhai təşkilatlarının bu il mayın 2-3-də keçirilən qurultayı da həmin fikri bariz şəkildə təsdiq etdi.

  

100-dən artıq səs vermək hüququ olan (21 yaşından yuxarı) bəhainin və seçki hüququna malik olmayanların iştirak etdiyi bu ali məclisdə bəhai dininin tarixi, məqsəd və vəzifələri, habelə təbliği məsələləri çox ciddi şəkildə müzakirə olundu. Qurultaya dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlmişdilər. Onların arasında İsraildə yerləşən Ümumdünya Ədalət evinin rəsmi müşaviri cənab Xəmsi və xanımı Ceyn Xəmsi, Almaniyadan Yadulla Bidardel, ABŞ-dan Sürəyya Forutən, Türkiyədən Fərzad Qoçani, İrlandiyadan İ.Qəyməqami, İsraildən S.Əsədyari, Orta Asiya bəhai ümummilli məhfilinin sədri xanım Sədaqət Şəmsi, Aşqabaddan Ə. Naci, Saxalindən cənab və xanım Sidqi və başqalarını göstərmək olar. Azərbaycan Nazirlər Kabineti yanında Dinlər üzrə Şura sədrinin müavini E. Babayev, Azərbaycanda fəaliyyət göstərən digər dinlərin nümayəndələri də qurultaya dəvət olunmuşdular.

  

Qurultayda Ümumdünya Ədalət evinin nümayəndəsi cənab Xəmsinin “Dünya bəhailərinin məqsəd və vəzifələri” mövzusunda məruzəsi, Azərbaycanın yerli məhfil və icmalarının işi haqqında Bakı, Bərdə və salyan bəhai icmaları nümayəndələrinin çıxışları, Ümumdünya Ədalət evinin Rizvan bayramının (“Rizvan” ərəbcə “bağ” mənasındadır, Bəhaullaha elçilik risaləsinin verilməsi rəsmən 1863-cü ildə Bağdad yaxınlığındakı bir bağda elan olunmuşdur, bəhailik isə bəhai dövrünün başlanğıcını miladi tarixi ilə 1844, hicri tarixi ilə 1260-cı ildən, Babın öz risaləsini elan etdiyi ildən etibarən aparır və bəhai ili hər biri 19 gündən ibarət 19 aya bölünür) 149-cu ildönümü münasibətilə müraciətinin oxunuşu, qonaqların təbrikləri, bəhai dininin tarixinə dair video-filmin nümayişi qurultayın məzmunlu və maraqlı keçməsi üçün şərait yaratdı.

  

Qurultayın ikinci günü Azərbaycan milli məhfilinə seçkilər keçirildi. 9 nəfərdən ibarət Azərbaycan milli məhfilinə Bakı icmasından 6, Gəncədən 2, Bərdədən 1 nəfər nümayəndə daxil oldu. B. Fayazov Azərbaycan milli məhfilinin nazimi, A. Ağayev müavin, C.Eyyubov katib seçildilər. Qurultay günlərində daha on nəfər bəhai dinini qəbul edərək Bakı icmasına daxil oldu.

  

Əhatəsinə görə dünya dinlərindən sayılan və müxtəlif xalqlar arasında milyonlarla ardıcılı olan bəhailiyin Azərbaycanda da tarixi kökləri olması və hazırda yenidən təşəkkül taparaq əhali, xüsusilə ziyalılar arasında yayılması bu dinin tarixinin və əsaslarının bu gün elmi şəkildə ciddi və dərindən öyrənilməsini zəruri edir.

  

Azərbaycan bəhailər cəmiyyətinin təşəbbüsü ilə indi bəhai ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri məsələləri qaydaya salınır. Bu işdə Hayfa şəhərindən, Ümumdünya Ədalət evi tərəfindən gəlmiş mütəxəssislər yaxından köməklik göstərirlər. Bəhaullahın təlimindəki ümumbəşəri fikirlər bu gün də aktualdır. O deyirdi: “Bir əlin barmaqları tək, bir bədənin əzaları tək olun!” Birliyin nuru o qədər əzəmətlidir ki, bütün yer üzünü işıqlandıra bilər. Birliyin məbədi qurulmuşdur: bir-birinizi yad hesab etməyin – siz bir ağacın bəhrəsi, bir budağın yarpaqlarısınız”.

Rafiq Əliyev -Fəlsəfə Elmləri Doktoru              

Solmaz Rüstəmova  -Tarix Elmləri Namizədi

Solmaz Rüstəmova

bottom of page