top of page

Asif Nəbili

Dini Təlimlər və Təbabət

Təbib qəzeti, 17 Aprel 1993-cü il, № 8

Təsisçi: N. Nərimanov adına Azərbaycan Tibb Universiteti

Öz başlanğıcını bəşər tarixinin ən uzaq keçmişindən alan dini-ilahi biliklər və baxışlar daha çox insanın dünyanı dərk etmə yanğısının meyvələridir. Dünya sirrinə vaqif olmaq eşqi ilə əbədi olaraq alovlanan insan zəkası ən ibtidai miflərdən ən mükəmməl elmi sistemlərədək keşmə-keşli və şərəfli bir yol keçmiş, yolda eyni yanğıyla hələ də çarpışmaqdadır. Bu fərəhli və ağrılı yollarda insanın daha sadiq və məhrəm dostları dini təlimlər olmuş və olaraq qalmaqdadır. Bəlkə də və şübhəsiz ki, bu bağlılığı dinin hökmlərindəki həqiqətdən çox insan təbiətinin xüsusiyyətlərində aparmaq lazımdır. Bu, əlbəttə xüsusi söhbətin mövzusudur. İndi isə biz həmin dini təlimlərdən sonuncusu hesab olunan Bəhaizmin bilavasitə və dolayısı ilə təbabətlə səsləşən ehkam və buyuruqlarından  bir qismini oxucularımızın nəzərinə çatdırırıq. Qeyd edim ki, qəzetimizin bu nömrəsindən etibarən münasib şəhr və izahlarla birgə Bəhaizmin sağlamlıq və səhhət haqqında fikirlərini sistemli şəkildə verəcəyik. Aşağıda Esslemontun “Bəhaizm və yeni era” kitabından tərcümələr təqdim edirik.

 

Səhhət və Şəfa

Allahı zikr etmə cismə, ağla və ruha şəfa bəxş edər.   Əbdül-Bəha

 

Cism və Can

Bəhaizm təliminə görə insan vücudu ruhun inkişafı üçün müvəqqəti bir vasitədir və o, öz funksiyasını yerinə yetirdikdən sonra sıradan çıxır.

  

Bunu eynilə rüşeymin inkişafı üçün müvəqqəti vasitə olub, vəzifəsini yerinə yetirdikdən sonra dağılıb məhv olan yumurta qabığına bənzətmək olar.

  

Əbdül-Bəha bildirir ki, vücudumuz fiziki olub, müxtəlif elementlərin birləşməsindən yaranıb müəyyən vaxtdan sonra dağılmağa məruz qaldığı üçün yaşarı olmağa qabil deyildir.

  

Cism cana hakimlik yox, qulluq etməlidir: yaxşı xidmətçi layiq olduğu rəğbəti qazanmaq üçün itaətkar, fəal və könüllü qulluqçu olmalıdır. Əgər cism də qayğı və diqqətdən kənarda qalarsa, həm ağa, həm də xidmətçi üçün ağır nəticələr verə bilən mərəz və bədbəxtliyə səbəb olar.

  

Cəmi Həyatların Vəhdəti 

Milyonlarla həyat forması və dərəcələrinin öz aralarında bağlılığı Bəha-Ullanın əsas təlimlərindən biridir. Bizim fiziki səhhətimiz özümüzün əqli, mənəvi və ruhi vəziyyətimizlə olduğu kimi, eyni ilə doğma adamlarımızın fərdi və sosial səhhəti ilə də sıx şəkildə bağlıdır: bununla belə həm də birinin həyatının digərininkindən daha da asılı olduğu heyvan və bitki həyatları ilə də bağlıdır.

 

Ona görə də həyatın hansı sahəsinə aid olursa olsun, Peyğəmbərin fiziki sağlamlığın xatırlanmadığı ehkamı yoxdur. Onun hökmlərindən bəziləri bilavasitə fiziki sağlamlıqla bağlı olduğundan indi onları nəzərdən keçirəcəyik.

 

Sadə Həyat

Əbdül-Bəha deyir: “Qənaət insan xoşbəxtliyinin əsasıdır. İsrafçılıq həmişə zillətdir. İsrafçılıq kim tərəfindən edilsə də, bağışlanmaz günahdır. Biz tüfeyli bitkilər sayaq özgələrinin hesabına yaşamamalıyıq. Hər kəs hansısa bir zehni, yaxud fiziki əməklə məşğul olmalı və başqalarına ibrətamiz nümunə ola biləcək, insana layiq həyat sürməlidir. 

  

Başqalarının hesabına rəngarəng təamlarla bəzədilmiş bol süfrədən dadmaqdansa, bir tikə qara çörəklə kifayətlənmək daha urvatlıdır, aza qane olan insan həmişə şəfqətlə düşünür və qəlbi sakitlik içərisindədir”.

  

Ət yeməkləri yasaq deyildir, lakin, Əbdül-Bəha deyir: “Gələcəkdə insanın qidası meyvə və göyərtidən ibarət olacaqdır. Ətin daha istifadə edilmədiyi dövr gəlib çatacaqdır. Təbabət özünün körpəlik çağını yaşasa da, bizim təbii yeməklərimizin torpaqda yetişən şeylərdən ibarət olduğunu göstərə bilmişdir.”

Alkoqol və Narkotiklər   

Bəhaulla məstedici və bihuşedici vasitələrin bütün növlərinin istifadəsini, xəstəlik zamanı müalicə vasitəsi kimi tətbiqi istisna olmaqla, qalan hallarda qəti qadağan edir.

 

Həzz 

Bəhaizm təlimi tərki-dünyalığa yox, isfahalığa (mötədilliyə) əsaslanır. Həzz maddi aləmdə yaxşı və gözəl olduğu kimi, ruhi aləmdə də nəinki həvəsləndirilir, həmçinin təkid edilir.

  

Bəhaulla deyir: “Sizin üçün yaranmışlardan özünüzü məhrum etməyin” və Başqa bir yerdə o deyir: “Sizin üzünüzdə böyük sevinc və coşğunluq ifadə olunmalıdır”.

  

Əbdül-Bəha deyir: “Cəmi xəlq olunan nə varsa, dünyanın tacı olan insan üçündür və o bu ilahi töhfələr üçün minnətdar olmalıdır. Bütün maddi nemətlər, həyatı Allahın kəraməti kimi anlayıb ona minnətdar olmağımız üçün bizdən ötrü mövcuddur. Əgər həyatımızdan narazıyıqsa, onda bununla öz etirazımızı ifadə edirik. Halbuki, bizim maddi və ruhi varlığımız açıq-aşkar Tanrının mərhəmətini sübut edir. Buna görə də biz həyatımızı bizim üçün yarananların hamısını tərənnüm etmək və qiymətləndirməklə xoşbəxtlik içərisində keçirməliyik.”    

  

Əbdül-Bəhadan soruşanda ki, bütün növ oyunlarmı yasaq edilir. O cavab vermışdi: “Xeyr, heç bir xəta və pisliyə səbəb olmayan, zərərsiz və vaxtı yola vermək üçün mövcud olan bəzi oyunlar var: ancaq qorxu orasındadır ki, bu vaxt keçirmə tənbəlliyə aparıb çıxara bilər. İlahi təlimdə tənbəllik təqdir olunmur, ancaq istirahət məqsədilə fiziki gücü artıran oyunlar arzu edilir.”

Paklıq

Bəhaullah Əqdəs kitabında deyir: “İnsanlar arasında paklıq nümunəsi olun..., bütün hallarda zərif davranışınızla seçilin. Paltarınızda cüzi də olsa çirk ləkəsinin olmaması üçün təmizliyə əməl edin... Təmiz suyla yuyunun: başqasının yuyunduğu sudan istifadə etməyə icazə verilmir... Əslində biz sizi yer üzündə cənnətin təcəssümü kimi görməyi arzulayırıq.”

Mirzə Əbdül-Fəzl özünün “Aydın tutalqalar” kitabında Şərqin, xüsusilə çirkin sudan tez-tez təsərrüfat ehtiyacları, yuyunmaq və içmək üçün istifadə olunan ölkələrində bu buyuruqların fövqəladə əhəmiyyətini göstərir. Dəhşətli antisanitariyanın mövcudluğu şəraitində gigiyenanın tələblərinə bu cür yanaşmalar, əvvəlcədən xəbərdar edilməsi mümkün olan kütləvi yoluxucu xəstəlik və fəsadların yaranmasına səbəb olur. 

  

Tez-tez belə gümün edirlər ki, bu şərait hakim din tərəfindən təqdir olunur və Şərqdə onu ancaq ilahi nüfuza və rəğbətə malik olan adamlar dəyişdirə bilər. Hətta qərb yarımkürəsinin bir çox yerlərində heyrətamiz dəyişikliklər baş vermişdi. Əgər dindarlıqda paklıq əhəmiyyətsiz məsələ hesab olunsaydı, heç də onun tərkib hissəsi kimi qəbul edilməzdi.

 

Təqdim etdi: Asif Nəbili

bottom of page