top of page

Samirə Əhmədbəyli

Yer Bir Dövlət,

Bütün İnsanlar Onun Vətəndaşlarıdır

7 Gün Qəzeti, 24 İyun 2000-ci il, №031 (800), Səh. 8

Bəhailər Belə Hesab Edirlər 

Dini icmadan daha çox, dəbdə olan beynəlxalq təşkilatları xatırladır. Müsəlman məscidinə, xristian kilsəsinə, yəhudi sinaqoquna...  hər gedəndə düşməyə alışdığım aura burada məni əhatə etmədi. Nə keçmişin, nə mövhümatın, nə də xurafatın nəfəsini duydum. Hər şey adi və sadədir. Din və dindarlıq baxımından bunun yaxşı,  ya pis olduğunu bilmirəm. Ancaq mehribanlıqla qarşılandığım məkanda şəxsən mənə xoş gələn əsasən elə bu cəhət oldu.

  

Bu dəfə “dinlər və təriqətlər” rublikası ilə bəhailərin qonağıyıq. Burada nə keşiş vər, nə molla, nə də axund. Bəhailərin fikrincə, artıq insanlar o səviyyəyə çatıblar ki, Allahı tapmaqdan ötrü onlara vasitəçi gərək deyil. Allahın önündə hər kəs bərabər olduğu kimi, Onu dərk etmək imkanları da artıq hamıda eynidir.

  

“Biz heç bir dini inkar etmirik. Əksinə, hesab edirik ki, bütün dinlər vahid bir din elminin hissələridir. Xristianlıqda, müsəlmanlıqda... elə şeylər var ki, bu günlə səsləşmir. Ancaq indi biz deyə bilmərik niyə İsa peyğəmbər və ya Məhəmməd peyğəmbər belə deyib.  O ərəfədə Allah-təala özü bu cür buyurub. Hər bir vaxt kəsiyində insanların həmin zamana uyğun qavrama qabiliyyəti olur. Min il əvvəlki insanla indiki eyni deyil. Inkişaf şüurları dəyişir. Buna uyğun olaraq Allahın kəlamları da insanlara fərqli anlamlar şəklində çatdırılmalıdır.”

  

Söylənənlərə baxmayaraq, bəhailərin başqa dinlərdə razılaşmadıqları məqamlar var. Məsələn, Qurani-Kərimdə İslamın son din, Məhəmməd peyğəmbərin isə sonuncu olduğu bildirilsə də, bəhailər hesab edirlər ki, bəşəriyyət mövcud olduğu sürəcə Allah tərəfindən yer üzünə yeni- yeni peyğəmbərlər göndərilə bilər.

 

Bəhai Dini İcmalarına Seçki Yolu ilə Seçilmişlər Rəhbərlik Edirlər

Tarix nə deyir? ... Bəhailik İslamdan sonra yer üzərinə göndərilən ən cavan dindir. 1863-cü ildən etibarən yaransa da onun sədası təxminən 20 il əvvəldən–1844-cü ildən gəlib çatmışdır. Tarixdə Həzrət Bab adı ilə qalan Seyid Əli Məhəmməd məhz bu vaxt Şiraz şəhərində insanlara əmin-amanlıq gətirəcək yeni bir Allah Elçisinin zühur edəcəyini bəyanlamışdı. Elə buna görə də 1850-ci ildə Bab Təbrizdə edam olundu. 13 il sonra Bağdadda Babın yaxın tərəfdaşlarından olan Mirzə Hüseyn Əli haqqında xəbər verilmiş kəsin özü olduğunu bildirdi. Bundan sonra Bəhaullah ismi ilə məşhurlaşan həmin kəs Osmanlı İmperatorluğunun əmri ilə bütün ömrünü sürgünlərdə keçirəsi oldu. Vəfatından sonra isə (1852) Bəhai İcmasının rəhbərliyini və Bəhai prinsiplərini şərh etmək səlahiyyətini oğlu Həzrət Əbdülbəhaya ötürdü. Əbdülbəha da öz növbəsində atasından aldığı yeri böyük nəvəsi Həzrət Şövqü Əfəndiyə verdi.

  

Indi isə Bəhai dininin ruhani rəhbərləri seçki yolu ilə seçilir. Özü də gizli seçki yolu ilə. Bu cür seçkiləri siyasi seçkilərdən fərqləndirən cəhət seçkiqabağı təbliğat kompaniyasının olmamasıdır.

  

Bəhai dinində rəhbər sinif yoxdur. Yerli Bəhai icmalarının fəaliyyəti ildə bir dəfə seçilən və 9 üzvdən ibarət olan Yerli Ruhani Məhfillər tərəfindən həyata keçirilir. Ölkə daxilindəki bütün Yerli Ruhani Məhfillərin iştirakı ilə keçirilən seçkilər nəticəsində Milli Ruhani Məhfil üzvləri seçilirlər. Onların da sayı 9 nəfərdir və bu seçkilər ildə bir dəfə keçirilir. Hazırda bütün dünyada 30 mindən çox Yerli Ruhani Məhfil və 179 Milli Ruhani Məhfil var. Bəhai İcmasının ən yüksək idarə orqanı və ruhani rəhbəri Uca Ədalət Evi sayılır. Uca Ədalət Evi beş ildən bir bütün Milli Ruhani Məhfil üzvlərinin iştirakçı olduğu Beynəlxalq Konqresdə seçilir. Bəhailərin konqresi həmişə İsraildə, Hayfa şəhərində olur.

 

Balaxanı Camaatının Yarıdan Çoxu Vaxtı ilə Bəhai Olub

Bu xəbər mənim üçün də yenilik oldu. Sən demə, Azərbaycanda Bəhailiyin tarixi təxminən Bəhailiyin ümumi tarixi qədər imiş. İranda Bəhaullah Peyğəmbər olduğunu elan elədiyi ərəfədə onun tərəfdarları canlarını ölümdən qurtarıb sərhədi adlayırdılar. Odur ki, məmləkətimizin İrana yaxın yerlərində - Naxçıvanda, Ordubadda Bəhailik yarandığı vaxtdan etibarən yayılmağa başlayıb. Sonra da başqa şəhərlərə, xüsusən də Bakıya ötürülüb. Bakının Balaxanı kəndi isə ucdantutma bəhai imiş. Şura hökumətinin qurulması ilə bütün dinlər kimi Bəhailiyə də qadağa qoyuldu. Bakıdakı Ruhani Məhfilin 9 üzvünü ilim-ilim itirdilər. Öldülərindən-qaldılarından xəbər tutan olmadı. Həmin illərdə çox az adam dinini-inancını qoruyub saxlaya bildi.

  

“Elələri var ki, ailə, ev daxilində öz dinini yaşadıblar. Eləsi də var ki, unudub. O qədər adam gəlir, atalarının, babalarının şəkillərini gətirirlər ki, bunlar bəhai olub, bizi başa salın görək bu Bəhailik  nə deyən şeydir. Danışırıq, izah edirik. Bizim indiki icma üzvləri arasında da inqilaba qədərki bəhailərin övladları, nəvələri var”.

  

Növbəti dəfə müstəqilliyə qovuşandan sonra 1993-cü ildə yenidən rəsmi qeydiyyatdan keçiblər. İndi Bakıda Bəhai İcmasının 500 nəfər üzvü var.

 

Bəhailərin Öz Təqvimləri Var

Bəhailər nə miladi, nə hicri, nə də qəməri təqvimdən istifadə edirlər. Onların öz təqvim sistemi var. Bu təqvim martın 21-dən–Novruz bayramından (yeri gəlmişkən, Novruz bəhailərin ən müqəddəs bayramıdır) başlayır və hər birində 19 gün olan 19 aydan ibarətdir. Bəs yerdə qalan 4-5 gün necə olsun? Yox, onlar artıq qalmayıb. İş burasındadır ki, əvvəlinci 18 ayı gərgin fəaliyyətdə keçirən bəhailər 4 gün müddətində ibadət eyləyib, ehsan paylamaqla özlərini sonuncu–19-cu aya hazırlayırlar. 19-cu ayı isə Novruz bayramına qədər oruc tuturlar.

  

İbadətə gəlincə, İslamda olduğu kimi Bəhai dinində də əsas ibadət növü namazdır. Ancaq bəhailərin namazı müsəlmanlarınkından fərqlidir. Onlarda namazın 3 növü nəzərdə tutulub: kiçik, orta və böyük namaz. Müsəlmanlar kimi dəstəmaz alandan sonra üzü qibləyə dayanıb (unutmamış onu da qeyd edim ki, bəhailərin qibləsi də fərqlidir, onlar Həzrət Bəhaullahın dəfn edildiyi yeri qiblə sayırlar) seçdikləri namazın duasını oxuyurlar. Müsəlmanların namazına nisbətən bu cür namaz daha az vaxt aparır. Həm də bəhailərin namazı gündə beş rükət yox, elə bircə dəfə yerinə yetirilir.

 

 

Bəhailiyin Prinsipləri  

Siyasətə qarışmazlıq və ərazisində olduğu dövlətin qanunlarına tabeçilik Bəhai dininin ən əsas prinsipidir. Bəşəriyyətin birliyi ideyasını özündə cəmləyən bu din ümumdünya sülhün yaradılmasına çalışır.

  

Bəhailikdə ailə məsələsinə də çox ciddi yanaşılır. Onların fikrincə, ailə ancaq iki nəfərin sevgisi və valideynlərin xeyir-duası üzərində qurulmalıdır. Bəs əgər sevgi var, valideynlər isə razılıq vermirlər, onda necə olsun?  “Məhfil üzvləri çalışırlar ki, valideynləri razı salsınlar”. O ki qaldı baş tutmayan, uğursuz ailələrə...  Boşanma Bəhailikdə arzuolunmaz haldır.

  

“Boşanmaq istəyənlərə məhfil bir il vaxt verir. Bu vaxt cütlük evlilik həyatını dayadırır, ünsiyyətə isə son qoymur. Bir il ərzində tərəflər danışıqlar yolu ilə aradakı problemi çözməyə çalışırlar. Əksər hallarda bu vaxt kəsiyində boşanma fikrindən daşınırlar. Yox, əgər bir ildən sonra da problem çözülmürsə və onlar yenə də bir araya gələ bilmirlərsə, burada daha neyləmək olar?...”

 

Sonda

Onu da qeyd eliyim ki, özünə qədərki peyğəmbərlərin bir kitab həcmində bəyan etdikləri Allah kəlamlarını Həzrət Bəhaullah 15 min ayə və surə həcmində izharlayıb. Surə və ayələrin isə hər biri 1 səhifədən 200 səhifəyə qədərdir. Ancaq Bəhai dininin əsas kitabı Kitabi-Əqdəs sayılır.

  

“Allahı xatırlayan və Onu tərifləyən vilayət və ev və yer və şəhər və ürək və dağ və sığınacaq və mağara və dəniz və ada və çəmən bəxtiyar olsun”.

  

Bu da Həzrəti Bəhaullahın dilə gətirdiyi Tanrı kəlamlarındandır. 

 

Samirə Əhmədbəyli

P.S. Bizimlə söhbətləşən Bəhai Dini İcma üzvlərinə təşəkkür edirik.

bottom of page