Yaşar Türkazər
Babilər Hərəkatı və Zərrintac Qürrətüleyn
Müxalifət qəzeti, 02 İyun 2001-ci il, № 17 (967), Səh. 12
XIX əsrin 40-cı illəri. 20 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Qacar xanədanı hələ də Rusiya-İran müharibəsində uğradığı məğlubiyyətdən və bədnam Türkmənçay müqaviləsindən özünə gələ bilməmişdi. Azərbaycan və İran xalqları ağır vergilər altında əzilir, hökumətin və feodalların zülmünə məruz qalırdılar. Belə ağır dövrdə bu zülm və cəhalət dünyasında xalqı Azadlıq uğrunda mübarizəyə qaldıran mərdanə çağırış ucaldı. Bu azadlıq carçısı yeni yaradılmış babi təriqətinin rəhbəri, Seyid Əli Məhəmməd Şirazi Bab idi. Seyid Əli Məhəmməd Şirazi 1819-cu il oktyabrın 20-də Şiraz şəhərində anadan olmuşdur.
Ulu C.Cabbarlının və Ə.Elçibəyin Müqəddəs Adlarına Sevgi və Sayğilə. -Y. Türkazə
Onun atası Ağa Seyid Məhəmməd Riza Şirazın tanınmış tacirlərindən idi. Seyid Əli Məhəmməd əsası Şeyx Əhməd Əhsahi (1753-1826) tərəfindən qoyulmuş, şeyxi təriqətinə mənsub idi. 1843-cü ildə təriqətin rəhbəri Seyid Kazım vəfat etdi və Seyid əli Məhəmməd təriqətin rəhbəri oldu. 1844-cü ildə o özünə Bab (qapı) adını götürərək özünü 12-ci imam Mehdi Sahibəzzamanla, xalq arasında vasitəçi elan etdi. Onun ilk ardıcılları, Seyid Kazım Rəştinin – Babın özü tərəfindən seçilmiş 18 müridi idi.
1847-ci ildə Bab “Bəyan” əsərini yazdı. Bab yazırdı ki, insan cəmiyyəti bir-birini əvəz edən dövrlər üzrə inkişaf edir. Və hər dövrün öz qanunları var ki, onu Allah yeni peyğəmbər vasitəsilə göndərir. “Quran” və “Şəriət” köhnəlib və yeni qanunlarla əvəz edilməlidir ki, onları da yeni peyğəmbər öz müqəddəs kitabında verməlidir. Bab yazırdı ki, hakimlər öz hakimiyyətləri ilə vidalaşmaq istəmədikləri üçün dünyanı zülm və haqsızlıq bürüyüb, buna görə də, Mehdinin zühuru yetişib. Bu fikirlərə əsasən o, özünü yeni peyğəmbər, “Bəyan”ı isə Quranı əvəz edən müqəddəs kitab elan etdi.
Babın Nəzəriyyəsinə Görə:
-
Allah təkdir
-
Təbiətdə hər şey təmizdir
-
Mülkiyyətindən və cinsindən asılı olmayaraq bütün insanlar təkdir
-
İnsanın şəxsiyyəti toxunulmazdır.
Bab kəlmeyi-şəhadətin öncəki 3 bəndini saxlayaraq, 4-cü bəndinə əlavə etmışdi: “Əşhədü-ənna, Babən-sirri Bəqiyyətullah (şahidlik edirəm ki, Bab Allahın əbədi sirridir). Babilərin salamı Allahu Əkbər, cavabı da Allahu Əzəm idi. Bəhailər allahu əbha( allah ən şərəflidir) deyirlər.
Allahın adlarından biri olan vücud sözü, əbcəd hesabı ilə 19-a tən olduğu üçün, 19 rəqəmi Babilikdə müqəddəs hesab olunurdu. Babilikdə il 19 aydan və har ay 19 gündən ibarət idi. Babın ilk müridləri özü ilə birlikdə 19 nəfər idi.
Babın hakimiyyətinin qurulacağı ilkin 5 vilayətdən birinin Azərbaycan, ilk 18 müriddən səkkizinin türk olması Babın Azərbaycana böyük ümidlər bəslədiyini göstərirdi.
1847-ci ilin Novruz bayramı ərəfəsində hökumət Babı həbs edərək, öncə Maku qalasına, sonra isə Urmiya gölünün yaxınlığında yerləşən Çehrik qalasına sürgün etdi. Həbsdə olmasına baxmayaraq, Bab öz müridləri ilə müntəzəm əlaqə saxlayırdı. Babın görüşünə Türkiyədən, Hindistandan və b. ölkələrdən gəlirdilər.
Babiliyi qəbul edənlər arasında tacirlər, aşağı rütbəli ruhanilər, kəndlilər, sənətkarlar və hətta saray adamları da var idi.
Babilərin arasında qadın da var idi. Bab yazırdı: “Allah qadınla kişini eyni bərabərdə, eyni hüquqda yaradıb”. Bab tələb edirdi ki, “qızlarınızı sevin, onlar oğlanlarınızdan da yaxşıdılar. Qızlarınızı oxudun, onlar gələcəkdə ana olacaqlar. Onlara özbaşına talaq verməyin. Onların tül nazikliyində belə örtü örtmələrinə razı olmayın”.
Mürtəce islam ruhanilərinin “naqisüləql” adlandırdıqları, cəmiyyətin bütün işlərindən təcrid edərək 4 divar arasına və çadra adlanan səyyar həbsxanaya saldıqları, bəşəriyyətin əsasını təşkil edən bu nəcib və fədakar insanlar öz nicat yollarını babilikdə görürdülər. Babın yolunu ilk qəbul etmiş qadın Zərrintac Qürrətüleyn Tahirə idi.
Zərrintac Saleh qızı 1819-cu ildə Qəzvin şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası Molla Saleh Bərqani və əmisi Molla Tağı Qəzvinin müctəhidləri idilər. Atası onu çox istədiyi üçün mükəmməl təhsil vermişdi. O, böyük təfəkkürə malik insan, gözəl natiq, gözəl şairə və olduqca gözəl qadın idi. Molla saleh sonralar ona deyəcək: “bu babiliyinlə Baba yox, İslama xidmət etsəydin din tərəfdarların olar, səni alqışlayardım. Oğul doğulsaydın, bütün İranzəminin müctəhidi olardın”. O,əmisi Molla Tağının oğlu , Qəzvin mədrəsəsinin xəttatlıq müəllimi Molla Məhəmmədlə ailə qurmuşdu, iki oğlu, bir qızı var idi.
Zərrintac gənc yaşlarında ikən kiçik əmisinin təsiri ilə şeyxiliyi qəbul etmişdi. O, öz gözəlliyi və təfəkkürü ilə Seyid Kazım Rəşdini o dərəcədə valeh etmişdi ki, Seyid Kazım ona Qürrətüleyn (göz bəbəyi) və Nöqteyi-kainat adlarını vermişdi. Ümumiyyətlə, mübarizə dövründə o, bir çox adlar qazanmışdı. Fatimə Zəhra, Ümmülsəlimə, Bədrüddüca (zülmətdə işıq), Mahtab (ay işığı), Zəkiyyə (zəkalı) və onun təmizliyini nəzərə alaraq Babın ona verdiyi, buna görə də sevdiyi şeirlərində istifadə etdiyi, bu gün də bəhailərin bu adla xatirəsini əziz tutduqları Tahirə (pak, təmiz). Bunların hamısının üstündə isə qadın üçün müqəddəslik rəmzləri olan Həzrət və cənab sözləri.
1844-cü ildə Bab öz missiyasını elan edəndə onun seçdiyi 18 müridin arasında Zərrintac və bacısı Mərziyyənin Molla Məhəmməd Əli Qəzvini də var idi. Zərrintac onların arasında yeganə adam idi ki, Babı görmək ona qismət olmamışdı. Çadranı qəbul etməyən, ona qadınların “səyyar həbsxanası “kimi baxan Bab, çadraya qarşı mübarizəni yumşaq şəkildə apararaq, qadınlara ancaq babi məclislərində üzüaçıq görünməyə icazə vermişdir. Tahirə nəinki Azərbaycanda və İranda həmçinin İslam adlanan qaranlıq dünyada çadradan imtina edən ilk qadın idi. O, qadınların çadradan xilas olaraq, azadlığa çıxıb cəmiyyətin tam hüquqlu üzvü olması, xalqın sosial siyasi haqları uğrunda mübarizə aparırdı.
Molla Məhəmməd Tahirəni nə qədər sevsə də, mühafizəkar baxışlı adam olduğu üçün Babın təliminə qarşı çıxardı. Fəqət, sonda özü kimi qaraguruhçuların tənəsinə dözə bilməyərək Zərrintacı boşadı.
1848-ci ilin əvvəllərində məsciddə moizə vaxtı Əhməd Əhsahini “Seyid Kazım Rəştini, Babı və Tahirəni lənətlədiyi üçün Molla Tağı bir babi tərəfindən öldürüldü. Bu hadisə Qəzvin qaraguruhçularını qəzəbləndirdi və onlar babilərə qarşı hücuma keçdilər. Belə ağır zamanda Tahirə Babın məsləhəti ilə Kərbəlaya getdi.
İraqda Osmanlı hakimiyyət orqanları qaraguruhçuların təqiblərinə baxmayaraq Tahirə təbliğatını dayandırmır, əksinə, daha da genişləndirirdi. Bağdad müftisi Şeyx Əhməd Alusınin evində qonaq olanda şeyx ona tez-tez suallar verir və cavabların dərinliyinə heyrətlənirdi. Bir dəfə də şeyx ona dedi ki, “mən də səninlə fikirlərimi bölüşərdim, amma osmanlı qılıncı altında bunu edə bilmərəm”. Bağdad valisinin əmri ilə Tahirəni İraqdan sürgün etdilər. İraqdan qayıdandan sonra fəaliyyətini Xorasanda və mazandaranda davam etdirmişdi.
(ardı var)
Yaşar Türkazər