Qurban Yəquboğlu
Allah Həmin Allahdır.....
Bəhailər Hesab Edirlər ki, Dinlər Yox, Sosial Proqramlar Dəyişir
Gün Qəzeti, 20 May 2006–cı il, Səh. 8 (İnam Nöqtəsi)
“Allaha yollar arayırdım. Namaz qılırdım, Krişna ədəbiyyatıyla maraqlanırdım, xristian icmalarıyla əlaqələrim vardı. Amma heç biri mənəvi ehtiyaclarımı ödəmirdi. Təsadüfən akademiyanın kitabxanasında əlimə bəhai ədəbiyyatı keçdi. Məni tutdu. Gördüm, bu etiqad bəşəriyyətin bütün tələblərinə cavab verir–həm sosial, həm də ruhani baxımdan. 1995–ci ildə akademiyanın xətti ilə bir proqram çərçivəsində İsrailə getdik. Adətən şənbə - bazar bizi ekskursiyaya aparırdılar. Bu dəfə Hayfa şəhərinə yollandıq. Orada bəhai mərkəzini gördüm və bundan sonra Azərbaycanda bu etiqadın tərəfdarlarını axtarıb tapdım.” Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri Azər Cəfərov danışır. O, Azərbaycan Bəhailəri Milli Məhfilinin (Şurasınin) üzvüdür.
Azər Cəfərovu bəhaizmə çəkib gətirən bu dinin sosial konsepsiyası olub: “Bir fərd olaraq başqa dinlərlə xilas yolu tapa bilərdim. Ancaq mən axı özümü düşünmürəm və düşünməli deyiləm. Mən bilməliyəm bəşəriyyət hara, hansı istiqamətə gedir...” Dünyanın nə zamansa vahid bir dövlətdə birləşəcəyinə və ilahi sivilizasiyanin qurulacağına inanan bəhilər bir nrçə dəfə dünya xalqlarına müraciət ediblər. Beynəlxalq Bəhai İcması 1995-ci ildə BMT-nin rekonstruksiyasi teklifini irəli sürüb. Yaxud dünyada hökm sürən qlobal korrupsiyanı, qeyri-bərabərliyi aradan qaldırmaq təşəbbüsündə bulunub: “Təbii sərvətlər bir neçə dövlətin ərazisində və ya nəzarəti altındadı. Tutaq ki, Küveytdə ele insanlar var ki, qapısının dəstəyi də qızıldandır. Afrika ölkəsi olan Somalininisə heç bir təbii sərvəti yoxdur, burda her il minlərlə uşaq acından ölür. Yalnıx ilahı ədalət hesabına insanlar arasında bərabərlik və xoşbəxtlik təmin oluna bilər.”
Bəhaizmin prinsipləri taniş gəlsə də, tarixi qədim deyil. 1844-cü ildə mayın 23-də İranın Şiraz şəhərində 23 yaşlı Seyid Əli Məhəmməd adlı bir gənc iddia edir ki, on ikinci imamdır... Onun bu iddiasının geniş həyəcan və maraq doğurmasında mühüm bir səbəb vardı: həmin tarixdən düz min il əvvəl İraqın Samara şəhərində qeyb olan on ikinci imam, hədislərə görə, min ilin tamamında zühur etməliydi.Belə bir tarixi məqamı şiələr böyük həyəcanla izləyirdilər.
Seyid Əli özünə qapı mənasını veren “Bab” ləqəbini göturür və bununla da bildirmək istəyirdi ki, insanlar bu qapıdan keçməklə daha böyük zühura hazırlaşmalıdırlar. Azər Cəfərov bir nüansa diqqət yetirməyi məsləhət bilir. Sonradan Avropa tədqiqatçıları da etiraf etdilər ki, Babın sosial proqramı hətta öz dövrünün inkişaf etmiş Qərb ölkələrini də qabaqlayırdı. Bu konsepsiya qadınlara azadlıq verilməsini, dinlərarası bərabərlikprinsipini, bir sıra sosial–iqtisadi qanunların qəbulu ilə bağlı mütərəqqi təklifləri özündəehtiva edirdi.
İnsanlar dogrudanda zühurun baş verdiyinə inanmışdılar... Ona görə də dəstələrlə gəlib Babi hərəkatına qoşulurdular. Hətta deyilənə görə, İran şahı ağsaqqal və tanınmış bir din xadimini Babın yanına onu ifşa etməyə göndərir, o isə Baba iman gətirir...
1850-ci ildə Babın edamından sonra onun tərəfdarlarından olan Mirzə Hüseyn Əli həbsə alınır. Babın “Bəhaulla,” yəni Allahın nuru adlandırdığı bu şəxs şahın vəzirinin oğluydu. O dövr mənbələrinin bildirdiyinə görə, Bab ilə Bəhaullah heç vaxt görüşməyib. Yalnız məktublaşıb və xəbərləşiblər. Mirzə Hüseyn Əli 1863-cü özünü Babın vəd etdiyi ilahi zühur eln edir. Xilafət onu indiki Fələstin ərazisi olan Əkkə şəhərinə sürgün edib məhbəsə salır.
Bəhaulla ən müqəddəs kitab mənasını verən “Kitabi-əqdəs” i yazıb. Onun bütövlükdə yazdıqları yüz cilddən artıqdır. Bu kitablarda bəhailərin ibadət qaydaları, yeni dini doktrinanın məğzi cəmləşib. Hərçənd, bəhailiyi müstəqil din yox, şiəliyin dğvra uyğunlaşdırlmış bir qolu sayanlar da var...
XIX əsrin yeni dini dünyanın əksər ölkələrinə yayılsa da, onun tərəfdarlarının sayı bir o qədər də çox deyil–təxminən 6 milyon civarında. Həmsöhbətimizin bildirdiyinə görə, dünyanın 234 ölkəsində bəhai var. Ən böyük icma Hindistanda və İrandadır.
1963–cü ildə bəhai dünyasını İsrailin Hayfa şəhərində 9 nəfərdən ibarət şuranın yerləşdiyi Uca Ədalət Evi idarə edir. Mərkəzin İsraildə yerləşməsi Bəhaullahın Hayfa şəhərinə yaxın Əkkədə sürgündə yaşaması və öz əqidəsini burdan yayması ilə bağlıdır. 1948–ildə İsrail dövləti qurulanda beybəlxalq bəhai dini rəhbərliyi ilə belə bir razılaşmaya gəlinir ki, mərkəz Hayfada bir şərtlə qalır–bu dinin mənsubları İsrail əhalisi arasında təbliğat işi aparmayacaqlar. Hazırda İsrailin heç bir guşəsindəbəhai dini icması yoxdur. Uca Ədalət Evində xidmət edən bəhailər isə şəhərdə müvəqqəti qeydiyyata alınır, xidmət başa çatdıqdan sonra öz olkələrinə qayıdırlar. Qeyd edək ki, Azərbaycandan da Hayfada–bəhailərin dini mərkəzində bagban və ya kitabxanaçı kimi işləyənlər olub. Uca Ədalət Evində 9 şura üzvündən başqa dünyanın ən müxtəlif ölkələrindən 800-ə yaxın bəhai işləyir.
Azər Cəfərovun dediyinə görə, bəhailərin bir səciyyəvi cəhəti də vətəndaşı olduqları, doğulub boya–başa çatdıqları ölkəyə sədaqət nümayiş etdirmələridir. Onlar yaşadıqları yerdə maarifçiliyə çalışır, xeyriyyə işləri ilə məşğul olurlar. Məsələn, hələ inqilabdan əvvəl Azərbaycanda qızlarını ilk məktəbə qoyan bəhailər imiş. Bu da o zamankı maarifçi ziyalıların bəhaizmə rəğbət bəsləmələrinə gətirib.
Ümumiyyətlə, bu etiqad Azərbaycanda bəhailiyin meydana gəldiyi dövrdən yayılmağa başlayıb. Hələ Bab Şirazda özünü 12–ci imam elan edəndə Ordubadın Vənənd şəhərində Molla Sadıq adlı bir nəfər irəli çıxıb deyir ki, İranda bele bir hadisə baş verib, onlara köməklik göstərməliyik. Çox krçmir, Zəngəzur və Mehri zonasinda Babilər hərəkatı vüsət alır. Nəhayət, general Behbudovun 5 minlik ordusu bölgəyə gələrək hərəkatı silah gücünə yatırmaq məcburiyyətində qalır.
Artıq 19–cu əsrin 60–70–ci illərində Azərbaycanda–Bakıda, Şamaxıda, Gəncədə, Naxçıvanda bəhai icmaları formalaşmışdı. ən qədim icma isə Bakıda Balaxanıda yaradılmışdı.
Dini islahatçılıga, maarifçiliyə, mütərəqqi dəyərlərə meyl etməsi bəhaizmi ziyalı və tanınmış adamların diqqətinə çıxarıb.məşhur milyonçu Musa Nagıyev bəhailiyi qəbul edib, icmanın xeyriyyə işlərində iştirakçı olub. Görkəmli şair-dramaturq Hüseyn Cavidin bəhai olması haqda da fakt var. Azər Cəfərov yazıçı Rəfael Hüseynovun “Vaxindan Uca” kitabında buna işarə vurulduğunu xatırladır. Əsərdə qeyd olunur ki, Hüseyn Cavid həyat yoldaşına “Allahu-Əbha” deyə müraciət edərmiş. Bu isə bəhailərin bir–birini salamlayanda işlətdikləri ifadədir. Mirzə Ələkbər Sabirin bəhailiyi qəbul etməsi barədə dəlil–sübut tapılmasa da, bəllidir ki, o, Şamaxıdan Bakıya gələrkən bir müddət Balaxanıda Bəhai icmasının himayəsində yaşayıb. Üzeyir Hacıbəyovun, Məhəmməd Hadinin də bəhai ideyalarına maraq göstərdikləri onların əsərlərindən seçilir. Həmsöhbətimizin sözlərinə inansaq, icma “Molla Nəsrəddin” jurnalının çapına müəyyən maliyyə yardımları göstərirmiş.
Hazırda Azərbaycanda bu dinə tapınanların sayı çox deyil–500–600 arası... Milli tərkib rəngarəngdir: azərbaycanlıların üstünlük təşkil etdiyi icmada tatar, rus hətta yəhudi də var. Ən böyük icma Bakıdadır. Əslində bəhailərin 90 faizi paytaxda yaşayır. Bəhailərin Naxçıvanda fəaliyyətinə qadağa qoyulub. Azər Cəfərov deyi ki, Bakıdan Naxçıvana bir bəhai yollansa və rəsmi orqanlar bundan xəbər tutsa, həmin şəxs dərhal təyyarəyə oturdulub geri qaytarılır.
Bəhailərin ibadətləri sadədir–hər bir kəs üç namaz qaydasindan birini seçə bilər. Onun hətta gündə bir dəfə namaz qılması da kifayətdir. Günəş təqviminə uygun olaraq hər il martın 2–dən 21–nə kimi on doqquz günlük oruc tutmaq gərəkdir. Novruz həm orucluq, həm də yeni il bayramı sayılır. Bundan başqa namaz və duaları hər kəs öz dilində oxuyur. Uzun–uzadı ayinlər yoxdur. Bəhailər bir kəbində, bir də dəfn mərasimində bir yerə yığışırlar. Geyim və yemek sərbəstdir. Bəhaullah çadranı ləğv eliyib. Azər Cəfərov bu hökmü bu cür izah edir: Bəhaulla deyib ki, çadranı qadınlardan alıb kişilərin gözünə taxıram. Çünki problem qadında yox kişilərdədir”.
Bəhai etiqadının daşıyıcıları özlərini başqalarından üstün və ya fərqli saymır, bütün dinlərə hörmətlə yanaşırlar: “Bəhailik dinləri inkar etmir. Heç islam da özündən əvvəlki dinlərin üstündən xətt çəkmədi. Çünki dinin ruhani əsasları dəyişmir. Dəyişən zəmanənin gedişatına uyğun sosial məsələlərdir. Allah həmin Allahdır”.
Bəhailər 9 qapısı olan məbədlərini “məşuqul-əsgər” adlandırırlar. Bu sözün mənası Allahın mədh olunduğu yer deməkdir. 9 qapı isə müxtəlifliyə işarədir. Məşruqul-Əsgərdə istənilən dinin mənsubu ibadət edə bilər. Belə məbəd dünyanın bütün qitələrində tikilib. Azərbaycanda isə onlar öz ofislərinə yığışırlar. Onsuz da məbəddə ibadət etmək vacib əməl hesab olunmur.
Ata Bəhai Oğlunun Ölümünə Fitva Verib
XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış Mərdəkan axundu İbrahimxəlilin uzun illərdən sonra bir oğlu dünyaya gəlir. Axund yeganə oğluna Sadıq adını qoyur, əhd eliyir ki, övladının öz ömrünü dinə sərf etməsinə çalışacaq. Buna görə də ona dini təhsil verir, daha sonra təhsilini davam etdirmək üçün İrana göndərir. Molla Sadıq çağrılan axund oglu İranda bəhailiyi qəbul edir, Bakıya qayıtdıqdan sonra isə bəhai icmasında fəaliyyət göstərməyə başlayır. Atası onu bu yoldan çəkindirmək üçünçox cəhdlər göstərir. Alınmayanda oğlunun ölümünə fitva verir. 25 yaşlı Molla Sadığı qoçular qətlə yetirir. Müsəlman qəbiristanlığında dəfnə icazə verilmədiyindən bəhailər onu Mərdəkan bağlarında basdırırlar. 50–ci illərdə İzəddin Əyyubov adlı bir nəfər Molla Sadiğı Mərdəkanda müsəlman qəbiristanlığında yenidən torpağa tapşırır. Hazırda bəhailərin müsəlman qəbiristanlığında defninə heç kim mane olmur.
Qurban Yaquboğlu