Yaşar Türkazər
Babilər Hərəkatı və Zərrintac Qürrətüleyn
Müxalifət qəzeti, 17 İyun 2001-ci il, № 19 (969)
(əvvəli qəzetimizin 8 iyun tarixli sayında)
Avqustda babilər Nəsrəddin şaha qarşı sui-qəsd planı hazırladılar. Avqustun 16-da Nəsrəddin şah gəzməyə çıxdığı zaman Sadıq adlı bir babinin vaxtından öncə atdığı güllələr əməliyyatı pozdu. Sadığı həbs etdilər. Bundan sonra hökumət və qara qaraguruhçular babilərə qarşı hücuma küçərək görünməmiş vəhşiliklər törətdilər. Qəddarlıq o yerə çatmışdı ki, Rusiyanın səfiri knyaz Dolqoruki öz etirazını bildirmişdi. Avqustun sonlarında şəriət məhkəməsinin fitvası ilə Zərrintac Qürrətüleyn Tahirəni 33 yaşında Tehranın “Elxani” bağında gizli surətdə boğaraq edam etdilər.
Bununla da babilərin 1848-52-ci illərdəki fəal xalq çıxışları və üsyanları dövrünə son qoyuldu və babilər gizli fəaliyyətə keçdilər.
1863-cü ildə Babın ilk 18 ardıcıllarından biri olan Mirzə Hüseyn Əli (1817-1892) Bəahulla (Allahın şərəfi) adını götürərək ozünü babın davamçısı olan yeni peyğəmbər, “Kitabi-Əqdəsi” isə yeni müqəddəs kitab elan etdi. Bəhaulla Babın inqilabi-demokratik mübarizə üsulundan əl çəkərək bəhailərə siyasətlə məşğul olmağı qadağan etdi.
Babilər hərəkatında 150 minə qədər adam şəhid olub. Onların 65-70 faizi milliyətcə türk idi. Babilər hərəkatının əhəmiyyəti bunlar idi:
-
Babilər hərəkatı yalnız Azərbaycan və İranda yox, həm də İslam ətaləti və kəsafəti basmış Doğuda xalqı ağır cəhalət yuxusundan oyadan top atəşinə bənzəyirdi.
-
Babilər hərəkatı formaca dini olsa da, məzmunca sosial-siyasi hərəkat idi. Babilər xalqın orta və aşağı təbəqəsini müdafiə edərək şaha, feodallara, ali ruhaniyyətə və o vaxt İrana təzəcə ayaq basmış xarici kapitalistlərə qarşı mübarizə aparırdılar.
-
Babilər həm insan, həm də bütün dünyada ilk dəfə olaraq çadranı rədd edib, qadınların hüquqları uğrunda mübarizə aparırdılar. Onlar bu məsələdə Avropanı qabaqlamışdılar.
-
Babilər hərəkatı Azərbaycanda və İranda inqilabi demokratik fikirlərin və mübarizənin əsasını qoydu. Kortəbiilik, qeyri-mütəşəkkillik, qeyri-fəal müdafiə taktikası, üsyançıların hökumət qoşunları ilə müqayisədə olduqca pis silahlanması və ümumrəhbərliyin olmaması babi üsyanlarının və ümumilikdə babilər hərəkatının əsas məğlubiyyət səbəbləri idi.
Babilər hərəkatının Babdan sonra ən görkəmli xadimi Zərrintac Qürrətüleyn Tahirə idi. O, həyatda 33 illik qısa, fəqət qəhrəmanlıqla dolu , mənalı bir ömür sürdü. İngilis alimləri uzun illər babilər hərəkatını tədqiq etmiş və Tahirənin həyatı onları heyrətə gətirmişdir. Öz əsərlərində onun adını hörmətlə yad etmişdilər. Böyük Britaniyanın dövlət xadimi Lord Kerzon “İran və İran msələsi” kitabında yazırdı:”Gözəllik və zəriflik də yeni dini təlimi zənginləşdirmişdir. Çadrasını atıb bütün İranda dini təbliğat məşəlini yandıran, faciəli ömür yaşamış cazibədar Qəzvinli şairənin taleyi tarixin ən həyəcanlandırıcı səhifələrindəndir!”
Ser Frensis Yanqxasbend “İşartı” kitabında yazırdı:” Hərəkatın bütün tarixində demək olar ki, ən görkəmli şəxsiyyəti şairə Tahirə idi. Öz xeyirxahlığı, möminliyi və alimliyi ilə tanınan Tahirə Babın bir neçə ayəsini və moizəsini oxuyub inama üz tutmuşdu. O, valı və alicənab ailəyə mənsub idi. Fəqət, onun inamı o qədər güclü idi ki, o, hər şeydən- sərvətindən, adından, vəziyyətindən imtina edərək, uşaqlarından əl çəkərək həyatını Mürşidə və onun təliminin yüksəlişinə həsr etmişdir. O qədər gözəl danışırmış ki, qonaqlar toy sahibinin dəvət etdiyi musiqiçilərə yox, ona qulaq asmaq üçün məclisi tərk edirmişlər. Onun farsca şeirləri ürəkləri həyəcanlandıran gözəl əsərləridir. Edvard Braun “İnqilabi-İran” əsərində Thirəyə verilən ağlagəlməz işgəncələrdən bəhs edirdi və ona öz hörmətini bildirirdi.
Tahirə Azərbaycan –türk mütəfəkkirlərini də heyrətə və riqqətə gətirmişdi. M.F.Axundov yazırdı:” Qürrətüleyn... atəşin təbə malik qeyrət, hümmətli və öz zəmanəsinin gözəli olan qız idi. Onun həyatı dastanlara layiqdir. Bir çox vuruşlarda o, igidlik və qəhrəmanlıq nümunələri göstərmişdir. İran dövlətinə qarşı babilər tərəfindən başlanan üsyançıların çoxunda Qürrətüleyn başçılıq vəzifəsini öz üzərinə götürmüşdür.
Mirzə Kazım bəy yazırdı:” Demək istəyirəm ki, qadına Azadlıq ideyası necə möhkəm, dönməz ruh, necə möhkəm iradə yerləşdirib. Bizim qəhrəman Qürrətüleyn, başqa sözlə, Tahirə misilsiz nümunədir. Qəzvin müctəhidinin qızı, qeyri-adi dərəcədə yüksək təhsil almış, hətta alim, sözə hakim idi. Bütün bunların üzərində isə onun təsviredilməz gözəlliyi parlayırdı”.
Çox təəssüf ki, 1999-cu ildə, 180 yaşı tamam olan bu Azadlıq fədaisi alimlərin nəzərindən kənarda qalmışdır. Onun həyatını və ümumilikdə babilər hərəkatını demək olar ki, heç kim tədqiq etmək istəmir. Unudurlar ki, babilər hərəkatı Azərbaycan türklərinin mübarizə tarixinin önəmli bir hissəsidir. Bu barədə müəyyən məlumatı olanlar isə 150 il bundan öncə qaraguruhçuların və ruhanilərin uydurma və böhtanlarını təkrar edir və babilər hərəkatını ingilislərin fitnə-fəsadı adlandırırlar. Halbuki, balaca bir Kərbəla döyüşündə72 adam üçün min ildir yas saxlayırlar. Öz vətəni, milləti, atasının yaratdığı dini ideologiya üçün heç bir iş görməyən, tarixdə yalniz peyğəmbər atasının, “imam-xəlifə” ərinin, “imam” adlanan iki oğlunun və islam təbliğatçılarının hesabına qalan Fatimə Məhəmməd qizini müqəddəsləşdirirlər.
Bu gün bəhailər Tahirəni müqəddəs bir şəxsiyyət kimi sevir, xatirəsini əziz tuturlar. 1951-ci ildə AFR-da və ABŞ-da yaşayan bəhailər Tahirənin ölümünün 100 illiyi münasibəti ilə əsərlərini toplayıb, divanını çap etdirmişdilər. Bu gün biz onlara və ilk öncə Əzizə xanım Cəfərzadəyə minnətdar olmalıyıq. Əzizə xanım Babilər hərəkatı və Zərrintac Qürrətüleyn Tahirə haqqında böyük tədqiat işi aparmış və bu işin nəticəsində “Zərrintac Tahirə” və “İşığa doğru” əsərlərini yazaraq, Tahirəni, Babı və babiləri xalqa tanıtmış və ilk dəfə olaraq bədii ədəbiyyatda həmin dövrün mənzərəsini yaratmışdır.
Bu gün Azərbaycanın istiqlaliyyəti, demokratik azadlığı və bütövlüyü uğrunda mübarizə aparan bütün fədailər Tahirənin layiqli varisləridir. Vaxt gələcək ata-analar qizlarına Zərrintac və Tahirə adlarını verəndə Böyük Azadlıq Fədaisini yad edəcəklər. Mən inanıram ki, 180 yaşı heç kimi yadına düşməyən Zərrintac Qürrətüleyn Tahirənin 190-200 illik yubileyini Azərbaycan Türk Cümhuriyyətinin rəhbərliyi dövlət səviyyəsində bütün Azərbaycanda və həmçinin ata yurdu Qəzvində təntənə ilə bayram edəcəkdir!
Yaşar Türkazər