Əlvan Məmmədova
Bəhailər Nə İstəyir?
Həqiqətlər və Faktlar Qəzeti, Sentyabr 1998-ci il, №27-28 (32-33)
Bəhai hərəkatının bünövrəsini Seyid Məhəmməd Əli adlı bir gənc qoymuşdur. O, 1844-cü ildə İranın cənubundakı Şiraz şəhərində özünü növbəti Allah elçisi elan edərək, “Bab” (ərəb sözü olub,”qapı” deməkdir) adlandırmış və buna görə də onun təlimi Babi dini adı almışdır. 1847-ci ildə həbs edilən Həzrət Bab Təbriz Şəhərinə gətirildi və 1850-ci ilin iyul ayının 9-da camaat qarşısında edam edildi. Öz müəllimi və ağasının əziyyətli ölümünün intiqamını almaq qərarına gələn bir babı, xasiyyətcə özü kimi müavizinətsiz olan bir yoldaşı ilə birlikdə, şah gəzintiyə getdiyi zaman ona hücum edir. Lakin, tapanca qırma ilə doldurulduğundan atılan güllə şaha ziyanlı bir xəsarət yetirmədi. Bu hadisədən bir bəhanə kimi istifadə edən ruhanilər elan etdilər ki, babilər nəinki şahın, həm də İslam dininin düşmənləridirlər. Elə o vaxtdan da babilərə İranda yer yoxdur.
Azərbaycanda isə Bəhai təlimi hələ əsrin əvvəllərində yayılmağa başlamış, hətta məşhur milyonçu Musa Nağıyev də bu icmanın üzvü olmuşdur. Deyilənə görə, öləndən sonra var-dövlətinin 20%-i bəhailərin iddiasına əsasən Təzə Pir məscidindən alınaraq həmin icmaya keçirilmişdir.
Bəhailər Bakıda
Bu yaxınlarda Bəhai icmasının xətti ilə “Birlik nuru” adlı beynəlxalq musiqi, rəqs və dram qrupu Bakıda konsert proqramları ilə çıxış edib. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Fondu beynəlxalq əlaqələr üzrə şurasının sədri Mehriban Heybətova ilə görüşüb söhbət etdik. Mehriban xanım həmin turne haqqında bunları söylədi: “Birlik nuru” qrupu 1997-ci ildə Alma-Atada yaradılıb və MDB ölkələrində incəsənətlə bağlı olan Bəhailəri birləşdirir. Qrupun rəhbəri və dirijoru avstraliyalı xanım Linda Safacudur. Qrupun tərkibinə müxtəlif ölkələrdən 50 nəfər daxildir.
“Bunların arasında azərbaycanlılar iştirak edirmi?” sualına Mehriban xanım belə cavab verdi:
-Həmin qrupda Kamera teatrından gəlmiş 3 nəfər – Şövqü Hüseynov, Kəmalə Musayeva, Gülər Nəbiyeva iştirak edirdilər. Konsert proqramları əsasən BMT-nin YUNİSEF təşkilatı və icmanın öz üzvlərindən toplanan ianələr hesabına maliyyələşdirilir. Bu konsertin keçirilməsində məqsəd insanlara ümumbəşəri sülh aşılamaqdır. Bundan başqa, Bəhai icmasının xeyriyyəçilik missiyasında millətlər arasında dostluq və məhəbbət, gənclərin problemləri, narkotikə qarşı mübarizə, ekalogiya problemləri və s... məsələlər də öz əksini tapır.
“Xeyriyyəçilik konsertləri mahiyyət etibarilə missionerizmin təkrarı deyil ki?”- sualına isə cavab olaraq Mehriban xanım dedi:
-Bu konsertlər dini mövzu daşımır. Sadəcə olaraq, proqram Bəhailik təliminə uyğun olaraq dinlərin birliyini, dinlər arasında dostluq və qardaşlıq münasibətlərini təbliğ edir. İslam dininə gəldikdə isə biz nəinki ona qarşı çıxmırıq , əksinə Bəhai olmaq üçün İslam dinini qəbul etmək lazımdır.
Sonda Mehriban xanım bunu da əlavə etdi ki, “Birlik nuru” qrupunun üzvləri musiqinin ilahi gücünə inanır və siyasətə əsla qarışmırlar.
Əlvan Məmmədova