top of page

Bəhailik-

Heydər Əliyevin

Dövründə

 

 

Heydər Əliyev Azərbaycanın tarixində iki fərqli dövrdə ölkəni idarə etmişdir və tarixçilərimiz onun rəhbərliyi dövründə Azərbaycanın sosial, mədəni və iqtisadi inkişafinda qazanılmış nailiyyətlər haqqında yazıblar. Öncədən bildirməliyəm ki, bu saytın məqsədi Heydər Əliyevin qoyduğu səyləri sadalamaq deyildir. Məqsədim, bu bölümdə bir liderin  ölkəmizdə maddi və mənəvi tarazlıq yaratmasının səmərəsini qeyd etməkdir.  Prezident kimi ikinci rəhbərlik dövründə Heydər Əliyev din haqqında baxışını 5 Sentyabr 1993-cü ildə bəyan etdi: “Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq.” 

  

O bu prinsiplərlə yaşadı və bütün dinlərə və səmimi olaraq Allaha sitayiş edən insanlara şəxsən qucağını açdı. O dəfələrlə bəyan etmişdi ki, “Dinimiz milli-mənəvi sərvətimizdir.” Təbii ki, din,  mənəvi sərvətdir və onun mənasını və rolunu düzgün başa düşəndə, bu, ilahi mənşəli bütün dinlərə şamil olur. Çünki o həm də Azərbaycandakı dini müxtəlifliyi bizim sərvətimiz adlandırırdı. Müxtəlif dinlərin yüksək nümayəndələri Azərbaycana gəlirdilər, o cümlədən  1993-cü ildə  Bəhai dini Peyğəmbərinin gəlini Ruhiyyə-Xanım Azərbaycana gəlmişdi. Və mən yaxşı xatırlayıram ki, o, 2002-ci ilin mayında Roma Papasını şəxsi qonağı kimi Azərbaycana dəvət etmişdi. Heydər Əliyev, idarəçilikdə mənəvi dəyərlərin necə balanslaşdırıcı rol oynadığının fərqində idi.

Heydər Əliyev konkret mənəvi prinsiplərə sadiq idi. SSRİ dönəmində o, mədəniyyətimizin, mənəvi həyatımızın zənginləşməsi qayğısına qalır, şairlərə, yazıçılara yol açırdı. Biz onun Hüseyn Cavidə olan böyük sevgi və rəğbətini bilirik və bunu başa düşmək çətin deyil ki, Sovetlərin ən güclü vaxtında  onun nəşini Sibirdən Azərbaycana gətirdi. 

Mən İqtisadiyyat Universitetində oxuduğum illərdə onun, prezident kimi, maddi sərvətlərdən, neftdən, qazdan və kənd təsərrüfatından danışmağını çox eşitmişdim və onları Azərbaycanın milli sərvəti adlandırırdı, lakin o həm də daxili dünyasına qulaq asaraq ona baxış verən belə bir qədim müdrikliyi də unutmurdu ki, iqtisadiyyat özlüyündə ölkəni həqiqi tərəqqiyə və firavanlığa apara bilməz, məhz prezidentliyi dövründə onun fəaliyyət istiqaməti ona əsaslanırdı ki, Azərbaycanın firavanlığı maddi sərvətlə yanaşı, mənəvi-əxlaqi əsas üzərində qurulmalıdır.

 

Heydər Əliyev dini “milli-mənəvi sərvətimiz” adlandırdı. Tarixçilər deyəcəklər ki, özündən sonra Heydər, Əsrin Müqaviləsini qoyub getdi, mənsə deyirəm ki, o arxada maddi firavanlıqla ruhani firavanlığın tarazlığını qoyub getdi. Əsrin Müqaviləsini imzalayaraq o, maddi qanadın inkişafına şərait yaratdı, dinlə bağlı siyasəti ilə isə o, Azərbaycan üçün ruhani qanadı yaratdı  ki, Azərbaycan bir quş kimi potensialının zirvəsinə uça bilsin.  Biz bir millət kimi bu uçuşu 2015-inci ilin Avropa Oyunlarının axırıncı günündə Simurqun uçuşunu simvolik olaraq müşahidə etdik.

 

Bəhai dini barədə yazılmış 65-ə yaxın qəzet məqalələrinə əsaslanaraq demək olar ki, Heydər Əliyevin prezidentliyi dövrü Azərbaycan bəhailəri üçün qarşılıqlı hörmət, azadlıq, əməkdşalıq və diskurs dövrü olmuşdur. Hökumət və özəl qəzetlər tərəfindən yazılan məqalələrdə bu tarixi faktı təsdiqləyir ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Bəhai İcması sərbəst fəaliyyət göstərdi və gənc həmvətənlərini doğruluq, təvazökarlıq, sevgi və hörmətlə xidmətə həvəsləndirən, ailə dəyərlərini aşılayan yığıncaqlar təşkil etdi. 

Bu yığıncaqlarda Bəhai İcması gəncləri həvəsləndirirdi ki, öz həmvətənlərinə tam mütiliklə, dürüstlüklə, sevgi və hörmətlə xidmət etsinlər.

Mən bu məqalələri gələcək tarixçilərin araşdırmaları və insafla, qərəzsiz olaraq, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda Bəhailər haqqında nələr yazıldığını görmələri üçün toplayıb tərtibata salıram.  Bu məqalələri təqdim edərkən mən obyektiv və qərəzli yanaşmaları, fakt və fərziyyələri bir araya gətirməyə çalışmışam və Azərbaycanlı yazarların bu dövrdə Bəhai dini haqqında yazdıqları məqalələrin qeydiyyatını aparmağa cəhd etmişəm.  Mənim məqsədim yazılanları və onların necə yazılmalarını sizə təqdim etməkdən başqa bir şey deyil.  Əgər İlham Əliyev dövründən yazmamışam, onə görədir ki, onun Allahın dinlərinlə qarışı Azərbaycan üçün unikal bir dövr sayır və gələcək nəsillər yalnız nəticələrini araşdirib yaza bilərlər. (bax Onun Baxışı).  

Nicat Fərzəliyev

bottom of page